Valeh Abbasov sərbəst buraxılıb, Samir Babayev isə hələ idarədədir
“Nardaran işi” üzrə oktyabrın 26-da keçirilən məhkəmə iclasında dindirilən iki nəfər – Valeh Abbasov və Samir Babayev də daxil olmaqla, bu işdə şahid olan daha 10 nəfər Nardaran və Maştağa sakini Sabunçu rayon Polis İdarəsinə aparılıb. Valeh Abbasov və Samir Babayevi çıxmaqla, digər 10 nəfər bir qədər sonra buraxılıb. Bu barədə Meydan TV-yə Valeh Abbasov və Samir Babayevin yaxınları məlumat verib. Onlar bildiriblər ki, Valeh Abbasovu sərbəst buraxıblar, Samir Babayev isə hələ içəridədir:
“Onları dünən axşamdan saxlayıblar. Axşam polis bölməsinə getdik, dedilər, “burda yoxdular”. Səhər onlar üçün yemək gətirdik. Onda dedilər ki, burdadılar. Bayaq isə Valeh Abbasov sərbəst buraxıldı. Qaldı Samir Babayev”.
Oktyabrın 26-da Valeh Abbasov və Samir Babayev məhkəmədə dindirilərkən istintaqdakı ifadələrini təsdiq etməyiblər. Abbasov bildirib ki, o, latın qrafikası ilə yazıb-oxumağı bacarmır. İfadədə müstəntiqin nə yazdığını bilmədən onu imzalayıb.
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.
Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran işi”ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.