”Nardaran işi”: Zərərçəkən təqsirləndirilənləri tanımadı

İsa Şükürov: ”Bizə hörmət qoymurlar, ancaq ermənipərəst Lapşinə hər şərait yaradılıb”

Source:


İsa Şükürov: ”Bizə hörmət qoymurlar, ancaq ermənipərəst Lapşinə hər şərait yaradılıb”

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin müavini olmuş Elçin Qasımov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda zərərçəkmiş şəxs qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ifadə veriblər.

Onlardan Ramil Ələkbərov ifadə verməmişdən əvvəl həqiqəti söyləyəcəyinə and içib. Elçin Qasımov isə ondan nəyə and içdiyini soruşub. Suala zərərçəkmiş şəxs yox, hakim Mayıl Bayramov cavab verib. O bildirib ki, şahid və zərərçəkmiş şəxslər and içirlər ki, həqiqəti danışacaqlar:

“Bu, siz bilən anddan deyil. Qanuna and içir”.

Daha sonra ifadə verən R.Ələkbərov bildirib ki, 2015-ci il noyabrın 5-də futbol tədbirində olan  zaman onlara Sabunçu rayon Polis İdarəsinin qarşısına getmək əmri verilib:

“Biz oraya gələndə bir qrup şəxs toplaşmışdı. Onlar bizə daş atırdılar. Biz özümüzü müdafiə edirdik. Polislər heç nədən qorxmurlar, ancaq mən hadisələr vaxtı həyəcan keçirdim. Orada qandalım itdi. Toplaşanlar qara papaqlı və saqqalı idilər. Rabitə vasitəmə daş dəydi sındı. Dəbilqəm və qalxanım isə çatlamışdı”.

Vəkillər ondan hər hansı maddi ziyan çəkib-çəkməməsini soruşublar. O, suala cavab verə bilməyib. Hakim M.Bayramov isə bildirib ki, zərərçəkmiş şəxs maddi zərər sözünü başa düşmür. R.Ələkbərov deyib ki, itirdiyi qandal və sınan əşyalara görə onun maaşından pul tutulmayıb:

“Başıma daş düşüb, mənəvi zərər çəkmişəm. Buradakıları tanımıram. Heç kimlə düşmənçiliyim yoxdur”. Bu zaman Elçin Qasımov ona sual verib: “Bizi tanımırsansa, zərər çəkməmisənsə, buraya niyə gəlmisən? Hansı zərəri çəkmisən? Sən məktəb bitirmisən? İşə düzəlmək üçün nə qədər pul vermisən? ”

Hakim onun çıxışını dayandırıb və zərərçəkmiş şəxs zalı tərk edib.

Daha sonra polis əməkdaşı Xəyyam Camalov ifadə verib. O, hadisələr vaxtı fiziki zərər çəkdiyini, xəsarət aldığını deyib. Bildirib ki, ona daş dəyib.

Təqsirləndirilən şəxslərdən İsa Şükürov ona sual vermək istəyən zaman X.Camalov deyib ki, ona müraciət edən zaman “cənab kapitan” demək lazımdır. Bu, təqsirləndirilən şəxslər tərəfindən narazılıqla qarşılanıb. Hakim İ.Şükürova sual verməyə imkan verməyib və zərərçəkmiş şəxsi zaldan çıxarıb.

Elçin Qasımov isə deyib ki, hər kəs polis kapitanın rəftarını gördü:

“İndi bilin ki, bunlar bizimlə idarədə necə rəftar ediblər. Bunlar polis adına ləkədir. Camaatın pulunu yeyib, gəlib adam olublar. Pul verib kapitan rütbəsi alıb”.

Təqsirləndirilən şəxslərdən İsa Şükürov isə deyib ki, ermənilərə qoyulan hörmət onlara qoyulmur: “O gün təcridxanada Lapşini gördüm. Bakı istintaq təcridxanasının həyətinə çıxarıb gəzdirirdilər. Bizə o hörməti qoymurlar, ancaq ermənipərəst Lapşinə hər şərait yaradılıb”.

Digər təqsirləndirilən Vüsal Alış isə hakimdən nəyə görə sual verməyə şərait yaratmadıqlarını soruşub. Hakim isə bildirib ki, bütün suallar verilib. V.Alış isə hakimin bu hərəkətindən Ali Məhkəməyə şikayət edəcəyini deyib.

Daha sonra iclasda digər bir polis əməkdaşı Yaqub Abbaslı ifadə verib. O da digər polislərlə oxşar ifadə verərək, hadisə zamanı toplaşan şəxslərin daş atdıqlarını, qaz balonunu itirdiyini deyib.

Təqsirləndirilən Ramil Əliyev isə ona sual verib: “İnsan ata-anaya borcunu saleh əməllə qaytarır. Siz gedib öz valideyninizin qarşısında deyə bilərsiniz ki, bu işi düz etdik?” Y.Abbaslı suala “bəli” deyərək cavab verib.

Hakim isə bildirib ki, heç kimi iclasda təhqir etmək və hüququnu pozmaq olmaz: “Bundan açıq iclas ola bilməz. Sizin də hüququnuz qorunur”.

Elçin Qasımov isə deyib ki, kaş proses qapalı keçirilərdi: “Kaş iclas qapalı olaydı, bu tamaşanı quranlar belə rüsvay olmazdılar. Mən istəyirəm bizim ölkəmiz inkişaf etsin. Həbsdə olan nə qədər vicdan məhbusu var. Hamımızda inkişaf üçün yaxşı proqramlar var. Biz bunu verə bilərik”.

Hakim onun çıxışını dayandırıb və iclasın aprelin 7-də davam edəcəyini deyib.

Ana səhifəXəbərlər”Nardaran işi”: Zərərçəkən təqsirləndirilənləri tanımadı