”Nardaran işi” üzrə şahidlər polisə çağrılıb

Vəkil: Bu, şahidlərə təzyiqlərin növbəti tərkib hissəsidir

Source:
Nardaran, foto: Əziz Kərimov
Nardaran, foto: Əziz Kərimov


Vəkil: Bu, şahidlərə təzyiqlərin növbəti tərkib hissəsidir

2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı məhkəmə işində şahid olanlar polisə çağrılıb. Qəsəbə sakinləri Allahverdi Hadıyev və Yusif Fərəcov noyabrın 23-də səhər Sabunçu rayonu 42-ci polis bölməsinə aparılıblar.

Bu barədə Meydan TV-yə “Nardaran işi” üzrə təqsirləndirilən bir neçə nəfərin və “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, onlar axşama qədər 42-ci polis bölməsində saxlanılıb, sonra sərbəst buraxılıblar:

“Bu şəxslər hələ ki, məhkəmədə ifadə verməyiblər. Hesab edirik ki, bu, şahidlərə təzyiqlərin növbəti tərkib hissəsidir. Allahverdi Hadıyev və Yusif Fərəcov ittiham tərəfinin şahidləridir və hələ ki məhkəmədə dindirilməyiblər”.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir.

Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran işi”ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Ana səhifəXəbərlər”Nardaran işi” üzrə şahidlər polisə çağrılıb