”Nardaran işi”: Təqsirləndirilənlər hakimə etiraz olaraq üzlərini çevirdilər

Şahid təqsirləndirilənləri “vəhhabi” adlandırdı, mübahisə düşdü

Source:
Nardaran Məhbusları (illüstrasiya)
Nardaran Məhbusları (illüstrasiya)


Şahid təqsirləndirilənləri “vəhhabi” adlandırdı, mübahisə düşdü

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Onu saxlamaq istəyəndə başıma zərbə endirdi

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda zərərçəkmiş şəxs kimi tanınmış Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq əməliyyat müvəkkili Oqtay Orucov ifadə verib. O, ifadəsində bildirib ki, Nardaran hadisələrindən sonra daxil olmuş məlumat əsasında Gəncə sakini Ruzi İsmayılovu saxlamaq üçün Gəncəyə gediblər: “Biz onu evinin yanında saxladıq. O, əməkdaşların əlindən qaçmaq istədi. Mən onu saxlamaq istəyəndə başıma zərbə endirdi. Bundan sonra huşumu itirdim. Məni xəstəxanaya aparıblar. Orada komada olmuşam. Dekabrın 3-də komadan ayılmışam. Sonra məni Daxili İşlər Nazirliyinin hospitalına apardılar. Məndə olan məlumata görə, o, məni əlindəki qranatla vurub. Mənə qapalı kəllə-beyin diaqnozu qoyulub”. Daha sonra o, vəkillərin suallarını cavablandırıb. O, sualların çoxuna “xatırlamıram” cavabını verib. Vəkillər ondan R.İsmayılovun onu nə ilə vurduğunu dəqiqləşdirmək istəyiblər. O, ya ağac parçası, ya daş, ya qranat olduğunu, dəqiq xatırlamadığını deyib. O, işdən hansı səbəbdən çıxması barədə suala cavab olaraq bildirib ki, səhhəti ilə bağlı işdən çıxıb. R. İsmayılov isə onu saxlayan şəxslərin içərisində həmin adamın olmadığını deyib.

Daha sonra R.İsmayılovun vəkili Şəhla Hümbətova çıxış edərək, zərərçəkmişin istintaq və məhkəmə ifadələrinin arasında ziddiyyət olduğunu deyib və istintaq zamanı verdiyi ifadənin elan edilməsini istəyib. Hakim həmin ifadəni elan edib. Bundan sonra vəkillər zərərçəkmişdən hansı ifadəni təsdiq etdiyini soruşublar. O, suala belə cavab verib:

Hansını istəyirsiniz qəbul edin

Şəhla Hümbətova isə həmin şəxsin ifadəsinin sübutlar siyahısından çıxarılması və barəsində xüsusi qərardad qəbul edilməsi barədə vəsatət verib. Hakim vəsatətə münasibət bildirməyib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı tələbinin olmadığını desə də, sağlamlığını itirdiyini bildirib.

Şahid təqsirləndirilənləri “vəhhabi” adlandırıb

İclasda Gəncə şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş Rasim Qurbanov da şahid qismində dindirilib. O, təqsirləndirilən şəxsləri tanıdığını deyib. O, təqsirləndirilən Ramin Əliyevi saxlayan zaman üzərindən Taleh Bağırzadənin müraciət kitabçası deyilən kitabın tapıldığını bildirib:

“Pul köçürəndə onu saxladıq. Ondan Taleh Bağırzadədir, nədir, onun kitabı tapıldı”. Şahidin sözləri isə zalda əyləşənlərin narazılığına səbəb olub. Onlar bildiriblər ki, T. Bağırzadə ilahiyyatçıdır. Şahid onlara “vəhhabi” deyib. Bu da onunla zalda əyləşənlər və təqsirləndirilən şəxslər arasında mübahisəyə səbəb olub. Tərəflər bir-birlərini ittiham ediblər. Hakim isə zalda əyləşənlərin bayıra çıxarılması haqqında göstəriş verib. Təqsirləndirilən şəxslər isə bu qərara etiraz ediblər. Onlar bildiriblər ki, həmi şəxslər zaldan çıxarılsa, onlar da iclasda iştirak etməyəcəklər. Hakim isə iclasın davam edəcəyini deyib. Qısa fasilə zamanı zalda əyləşənlər çıxarılıb. Daha sonra proses davam edib. İclasda digər polis əməkdaşı Nail Ələsgərov ifadə verib. Təqsirləndirilən şəxslər isə məhkəməyə üzlərini çevirərək etiraz ediblər. Onlar vəkillərindən də imtina ediblər. Lakin məhkəmə etirazı qəbul etməyib. Daha sonra vəkil Bəhruz Bayramov və digər vəkillər məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər.

Məhkəmə həmin vəsatəti təmin etməyib.

Zülfüqar Mikayılov isə bildirib ki, onları haqsız yerə həbs ediblər: “Bu 37-ci ilin davamıdır. Elə bil, erməni əsirliyindəyik”.

Proses aprelin 10-da davam edəcək.


Xatırlatma…

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Taleh Bağırzadə məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Təqsirləndirilənlər hakimə etiraz olaraq üzlərini çevirdilər