”Nardaran işi”: Sadiq Gözəlov vəkillərə hücuma keçir

Təqsirləndirilən şəxslər yenə məhkəmədə iştirak etmədi

Source:


Təqsirləndirilən şəxslər yenə məhkəmədə iştirak etmədi

“Biz ötən iclasda Ramil Usubovun məhkəməyə çağırılması barədə vəsatət verdik. Bundan sonra DİN-nin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat yayaraq vəkilləri təqsirləndirilən şəxslərin rəhbərləri adlandırıb. Bizə cəza verilməsindən danışır. Vəkillərə hücuma keçir. Bu, təqsirsizlik prezumpsiyasının pozulması və məhkəməyə təzyiqdir. Bəlkə təqsirləndirilən şəxlərə bəraət veriləcək? O, hardan bilir ki, cəza veriləcək? Mehriban Əliyevanın söyülməsinə nazirlik bir münasibət bildirmədi. Lakin Ramil Usubovun İlham Əliyevin göstərişi ilə əməliyyat keçirdiklərini biz deyən kimi hücuma keçdilər. Xahiş edirik həmin açıqlama iş materiallarına əlavə edilsin və Ramil Usubov gəlib ifadə versin”.

Bu sözləri vəkil Nemət Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsində deyib. Onun vəsatəti təmin edilməyib. Ondan əvvəl isə digər vəsatətlər verilib.

Şamil Abduləliyev anasının yasına buraxılsın

Dekabrın 19-da “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasa təqsirləndirilən şəxslərin ailə üzvləri və yaxınları buraxılmayıb. İclasda təqsirləndirilən şəxslər isə iştirak etməyiblər. Vəkillər onların iştirakı ilə bağlı vəsatət versələr də, təmin edilməyib. Prosesdə Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edib. O, Ş.Abduləliyevin anasının rəhmətə getdiyini deyib və onun yas mərasimində iştirakının təmin edilməsini istəyib. Hakim bununla bağlı Penitensiar Xidmətə müraciət edəcəklərini deyib.

Vəkil Fairz Namazlı isə bildirib ki, iş materiallarında Abbas Hüseynovun səs yazısı ilə bağlı materiallar var, lakin A. Hüseynov orada olan bəzi ifadələrin ona məxsus olmadığını deyir. Vəkil həmin səs yazısına A.Hüseynovun iştirakı ilə qulaq asılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Özümüzü lazımsız və kukla kimi hiss edirik

Vəkil Yalçın İmanov deyib ki, bu məhkəmədə görünməyən haqsızlıqlara şahid olublar:

“Şahidlər toka verildi, həbs edildi. Məhkəməyə gələn Fail Şahbazov 30 sutka həbs edildi, sonra barəsində silah saxlamaqla bağlı ittiham verildi. Bizim ötən iclas Ramil Usubovla bağlı vəsatətimizdən sonra DİN dərhal açıqlama verdi. Deyirlər, ilkin məlumat olduğu üçün nazir açıqlamada beş nəfərin öldürüldüyünü deyib. Həmin müsahibə hadisələrdən beş gün sonra dekabrın 2-də verilib. Hansı ilkin məlumatdan söhbət gedir? Ramil Usubov əməliyyatın İlham Əliyevin göstərişi ilə keçirildiyini deyir, lakin əməliyyat Kərim Əlimərdanovun rəhbərliyi ilə keçirilib. Bizə Vəkillər Kollegiyasında da dedilər ki, təqsirləndirilənlərə ömürlük cəza veriləcək. Azər Tağıyev deyir, gedin və iclasda iştirak edin. DİN açıqlama yayır, deyir, ömürlük həbs veriləcək. Elədirsə, biz niyə özümüzü öldürürük? Özümüzü lazımsız və kukla kimi hiss edirik. Belə başa düşürük ki, məhkəmə hökmü artıq hər kəsə məlumdur. Ramil Usubov gəlsin danışsın. Bir nazir gəlib ifadə vermirsə, biz niyə burada oturmuşuq?” Hakim deyib ki, heç kim məhkəməyə təsir etmir və edə bilməz. Məhkəmə hökmünü də heç kim bilmir.

Sadiq Gözəlovla bağlı qərar çıxarılsın

Vəkil Fəxrəddin Mehdiyev bu cür açıqlama verilməsinin qanun pozuntusu olduğunu deyib və həmin açıqlamanı yayan Sadiq Gözəlovla bağlı xüsusi qərar çıxarılmasını, cəzalandırılmasını istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkil Zibeydə Sadıqova isə hal şahidlərinin dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Vəkil Yalçın İmanov isə deyib ki, hal şahidlərindən İntiqam Kərimov Bayram Məmmədovun məhkəməsində də hal şahidi kimi ifadə verib. Digər şahid Hüseynağa Məmmədov isə narkotik ittihamı ilə əvvəllər ittiham edilib:

“Biz əvvəllər də demişdik ki, hal şahidləri polislərin qeyri-rəsmi əməkdaşlıq etdikləri şəxslərdir. Bunu dediyimiz faktlar da sübut edir. Həmin şəxslərin imzaladıqları protokollar etibarsız hesab edilməlidir. Hal şahidlərindən ikisi narkomandır”. Məhkəmə vəsati təmin etməyib.

Vəsatətlər təmin olunmayıb

Vəkil Zibeydə Sadıqova Şamil Abduləliyevlə qardaşının görüşünə şərait yaradılmasını istəyib:

“Adam zindandadır və bu ağrını tək çəkə bilməz. Dəstək olmaq üçün qardaşı ilə görüşə icazə verilsin. Bu, xüsusi haldır. Mən bu gün onun sabahkı yas məclsinə buraxılması üçün Penitensiar Xidmətə müraciət etmək istədim. Lakin dedilər ki, elektron ərizə rəisə yalnız sabah təqdim ediləcək”.

Hakim ona qardaşı ilə görüşə icazə verməyib. Bildirib ki, qanun buna icazə vermir.

Vəkil Yalçın İmanov isə bildirib ki, T. Bağırzadə 2015-ci ildə həbsdən çıxdıqdam sonra mətbuata açıqlamasında Azərbaycanı zindan adlandırıb. Bundan sonra o, Yevlax şəhərinə gedərkən həbs edilib, noyabrın 3-də isə Yasamal rayon Polis İdarəsinə çağırılıb və rəis tərəfindən döyülüb. Vəkilin sözlərinə görə, MTN-nə dəvət edilən T. Bağırzadəyə xəbərdarlıq da edilib:

“5 noyabr hadisələrindən sonra telekanallarda Taleh Bağırzadə ilə bağlı kampaniya başladılıb. Onu terrorçu Əl Bağdadi, Molla Ömər və digərləri ilə müqayisə ediblər. Həmin reportajlarda qeyd edilir ki, Taleh islam dövləti qurmaq istəyir. Buna görə də o cəzalandırılmalıdır və cəzalandırılacaq”.

Vəkil həmin materiallarını məhkəməyə təqdim edib və araşdırılmasını istəyib. Məhkəmə bunu təmin etməyib. Vəkil Yalçın İmanov ekspertlərin dindirilməsi haqqında da vəsatət verib. Məhkəmə həmin vəsatəti də təmin etməyib.

Yalçın İmanov Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla bağlı da vəsatət verib. O, F.Qəhrəmanlının E. Sultanovun baş prokuror Zakir Qaralova müraciətindən sonra həbs edildiyini deyib. Vəkil bildirib ki, F.Qəhrəmanlıya cinayət işi bundan sonra açılıb və “Facebook”da Eldar Sultanov adlı adam yoxdur. O, saxta profillə insanları izləyir. Vəkil E.Sultanovun məhkəmədə dindirilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses dekabrın 21-də davam edəcək.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırzadə, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırzadə və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Sadiq Gözəlov vəkillərə hücuma keçir