”Nardaran işi”: Polislər məhkəməyə səhv şahid göndəriblər

Hakim şahidi zaldan çıxarıb, təqsirləndirilən şəxslərin sual verməsinə imkan yaratmayıb

Source:
Nardaran (arxiv foto)
Nardaran (arxiv foto)


Hakim şahidi zaldan çıxarıb, təqsirləndirilən şəxslərin sual verməsinə imkan yaratmayıb

Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda şahid qismində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Elman Quliyev ifadə verib. O, təqsirləndirilən Seyfəddin Şirvanovun evində aparılan axtarışda iştirak etdiyini deyib. Bildirib ki, 2015-ci il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş vermiş insidentdən sonra S.Şirvanov barəsində axtarış elan edilib və axtarışın icrası ona həvalə edilib:

“Seyfəddin Şirvanovu mən tutmuşam. Ona zəng etdim gəldi, evinə baxışa getdik. Baxış zamanı evindən əl qumbarası və Taleh Bağırzadənin müraciət kitabçası tapıldı”.

S.Şirvanov isə bildirib ki, polis əməkdaşı ona zəng edərək radara düşdüyünü deyib. O isə maşın sürə bilmədiyini bildirib. Lakin məsələni araşdırmaq üçün polislərlə görüşə gedib. Bu zaman onu həbs ediblər:

“Biz 13-cü Polis Bölməsinə getdik. Rəis məndən Taleh Bağırzadəni haradan tanıdığımı soruşdu. Mən də dostum olduğunu dedim. Ondan sonra məni təhqir etməyə başladı. Axşam saat 6-da isə məni “Bandotdel”ə apardılar. İdarədə müstəntiq sənədləri imzalamağımı tələb etdi. Mən isə vəkil istədim. Müstəntiq dedi: “Vəkil yoxdur, sənədləri imzala, yoxsa səni beşinci mərtəbəyə qaldıracağıq. Əgər qol çəkməsən, yoldaşının adına yazacağıq. Çünki evdə aparılan axtarışla bağlı sənədləri o imzalayıb”. Mən də buna görə imzaladım”.

Təqsirləndirilən şəxslər şahidə sual vermək istəyəndə isə hakim şahidi zaldan çıxarıb və buna imkan verməyib.

Daha sonra iclasda şahid qismində Mustafa Muradov ifadə verib. O, təqsirləndirilənlərdən Seymur Aslanovun evində hal şahidi kimi iştirak edib. Bildirib ki, yolla gedən zaman hərbi formada olan şəxslər onu saxlayaraq hal şahidi olmağı təklif ediblər. O da razılaşıb və həmin evə gedib:

“Orada mülki geyimdə olan başqa adamlar da var idi. Başa düşdüm ki, onlar polislərdir. Evin arxasında maşın var idi. Onun oturavaqlarının üzərində əl qumbaraları var idi. Onları götürüb protokollaşdırdılar”.

İclasda məlum olub ki, şahid hardansa silah çıxmasını görməyib. O görən zaman artıq çıxarıb maşının oturacaqlarının üstünə qoyublar.

İclasda şahid qismində ifadə vermək üçün Bəhruz Almədətov da dəvət edilib. Lakin məlum olub ki, o, istintaq vaxtı, ümumiyyətlə, dindirilməyib. Məhkəmə Bəhruz Səmədov adlı şahidin iştirakının təmin edilməsini istəyib. Lakin polislər səhvən Bəhruz Almədətovu göndəriblər.

İclasda istintaq zamanı ifadə verən bir neçə polis əməkdaşının ifadələri elan edilib. Həmin ifadələrdə T.Bağırzadə əleyhinə fikirlər səsıəndirilib. Vəkillər həmin şəxsləri iclasda iştirakının təmin edilməsini istəyiblər. Vəkillər eyni zamanda təqsirləndirilən şəxslərdən Fərhad Muradov və Əmirəli Əliyevin evində aparılan axtarışda iştirak edən hal şahidlərinin də dindirilməsini istəyiblər. Buna görə iclas oktyabrın 27-nə təxirə salınıb.

2015-ci ol noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırzadə və bir neçə nəfər tərəfdarı həbs edilib.

Elçin Qasımov Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub. İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.

Onlar ittihamı qəbul etmirlər və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Polislər məhkəməyə səhv şahid göndəriblər