”Nardaran işi”: Mən Hadı Rəcəblinin cangüdəni olmuşam

Təqsirləndirilənlər son söz söylədi

Source:


Təqsirləndirilənlər son söz söylədi

“Hadisələr vaxtı mən Kərbəlada ziyarətdə olmuşam. Məni tutmaqlarının da səbəbi odur ki, İmam Hüseyn üçün yas saxlamışam”.

Məhkəmədə son sözlə çıxış edən Elxan Həsənov belə deyib.

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış etməyə başlayıblar. Lənkəran sakini olan Elxan Həsənov son sözündə deyib ki, 2007-ci ildə Hadı Rəcəblinin şəxsi cangüdəni olub, tələbəsi olan idmançılar beynəlxalq yarışlarda iştirak ediblər. O, ittihamların saxta olduğunu deyib:

“Vəkilim hər şeyi ətraflı danışıb. İstintaq dövründə heç bir istintaq hərəkəti aparılmadı. Hər dörd aydan bir həbs müddətin artırdılar, guya istintaq apardılar. Axırıncı dəfə dedilər, qranat olmalıdır. Özləri qoyub, özləri də götürdülər. Hadisələr vaxtı mən Kərbəlada ziyarətdə olmuşam. Məni tutmaqlarının da səbəbi odur ki, İmam Hüseyn üçün yas saxlamışam. Bizim hansı ittiham sübuta yetirilib? Lənkəranın icra başçısı rəy verib ki,mən radikalam. Özünün xasiyyətnaməsin mənə yazıb. Cinayət işini oxuyanda gülməyim gəlir. Evimə qanunsuz giriblər. Bütün istintaq qanunsuz gedib və bunu edənlər özləri burada bizim yerimizdə oturmalıdırlar. Mən dünyada bayrağımızı təmsil etmişəm. Bu dövləti biz qurmuşuq, niyə çevriliş edək? O zaman Lənkəranı kim qoymadı parçalansın? Hər şey düzələndən sonra məmurlar ortaya çıxıblar. Günahsız adamı həbs edərlər? Əgər hər şey sifarişlə olursa, sizin orada oturmağınızın nə mənası var?”

Əli Hüseynov da ittihmaların əsassız olduğunu bildirib:

“Bizə bu ittihamı verənlər xalqını sevən adamlar deyil. İmam Hüseyn deyir imanınız olmasa da, heç olmasa mərd olun. Bu əməl insanlığa yaraşmır. Biz vətəni sevən adamlarıq. Bizdən terrorçu olmaz”.

Mehman Quliyev isə son sözünü yazılı şəkildə məhkəməyə təqdim edib. Deyib ki, xəstədir və danışa bilmir.

Proses oktyabrın 30-da davam edəcək.

Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Mən Hadı Rəcəblinin cangüdəni olmuşam