”Nardaran işi”: Əbülfəz Bünyatov məhkəmədə iştirak edə bilmir

”Ekspertizanın təyin edilməsi vaxt itkisidir”

Source:


”Ekspertizanın təyin edilməsi vaxt itkisidir”

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Əbülfəz Bünyatov Nardaranda keçirilən əməliyyat zamanı xəsarət alıb. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə Nardaranda onun evində olub və əməliyyat da həmin evdə keçirilib. Əbülfəz Bünyatov və Elxan İsgəndərovun məhkəməsi bir müddətdir başlayıb. Lakin Ə. Bünyatov səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyi üçün iclas hər dəfə təxirə salınır.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs  Əbülfəz Bünyatov yenə də iştirak etməyib. Hakim onun barəsində ekspertiza təyin edilməsini istəyib. Bildirib ki, onun məhkəmədə iştirak edə bilib-bilməməsi barədə ekspertiza rəy verməlidir. Lakin dövlət ittihamçısı Fərid Nağıyev buna etiraz edib. Bildirib ki, Ə. Bünyatovla bağlı istintaq dövründə ekspertiza keçirilib və yenidən ekspertiza təyin edilməsi artıq vaxt itkisidir.

Ə.Bünyatovun vəkili Fariz Namazlı da ekspertiza keçirilməsinə ehtiyac olmadığını deyib. Bildirib ki, istintaq dövründə keçirilən ekspertiza rəyində bildirilib ki,onun səhhəti hər hansı istintaq əməliyyatının keçirilməsinə imkan vermir və həmin vaxtdan indiyə kimi onun səhhətində dəyişiklik yoxdur:

“Onu bir il həbsdə saxlayıblar və hər hansı müalicə etməyiblər. Bütün bədəni yara olandan və səhhəti pisləşəndən sonra gətirib ailəsinə veriblər ki, evində ölsün. O, otura bilmir. Ekspertiza keçirilməsi vaxt itkisindən əlavə digər təqsirləndirilən şəxsin də hüquqlarının lazımsız yerə pozulması olacaq”.

Məhkəmə bundan sonra müşavirəyə gedib. Müşavirədən sonra təkrar ekspertiza keçirilməsinə qərar verilib. Məhkəmə prosesi buna görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu Rayon Prokurorunun protesti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs -qətimkan tədbiri seçilib.

2015-ci il noyabrın 26-da polis əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı Taleh Bağırzadə və bir neçə şəxs saxlanılıb. Hadisələr zamanı iki polis əməkdaşı və dörd kənd sakini ölüb, bir neçə nəfər bədən xəsarəti alıb. Həbs olunanlara terror, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və digər ağır ittihamlar verilib. Lakin onlar ittihamları saxta adlandırır və istintaq dövründə təzyiqə məruz qaldıqlarnı bildirirlər. Taleh Bağırzadə bundan əvvəl də bir neçə dəfə həbs edilib və hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. O, özünün və digərlərinin həbsinin də tənqidi fikirləri ilə bağlı olduğuni deyir. T. Bağırzadə məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Nardaran işi”: Əbülfəz Bünyatov məhkəmədə iştirak edə bilmir