”Nardaran işi”: Biz olan otağa əlində Qurani-Kərim olan çadralı qadın daxil oldu

Nardaranda həbs olunan şəxslər ifadə verən BMCMİ əməkdaşına ayaqqabı atıblar, hakim nəzarətçidən bu hərəkətin aktlaşdırılmasını istəyib

Source:


Nardaranda həbs olunan şəxslər ifadə verən BMCMİ əməkdaşına ayaqqabı atıblar, hakim nəzarətçidən bu hərəkətin aktlaşdırılmasını istəyib

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının, eləcə də “Nardaran işi” üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.



Taleh Bağırzadə:  “Ona dedim ki, sonu Akif Çovdarov kimi olacaq”

Meydan Tv-nin məlumatına görə, məhkəmə prosesində təqsirləndirilən şəxslər şahid Şahlar Cəfərovun iclasa çağırılaraq yenidən dindirilməsini istəyiblər. Onlar şahidin dindirilməsinin ötən proses yarımçıq qaldığını deyiblər.

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)

T.Bağırzadə bildirib ki, Ş.Cəfərovun törətdiyi cinayətlər ifşa olunmalıdır: “Əsas adam odur. Mən ona dedim ki, sonu Akif Çovdarov kimi olacaq. Siz də iclası təxirə saldınız. Biz ona xəbərdarlıq etdik ki, bu aqibət onu da gözləyir. O, bizim şəhidlərimizə iftira atır ki, guya onlar polislərə qumbara atıblar”.

Hakim bildirib ki, təqsirləndirilən şəxslər şahidi təhqir etdiyi üçün dindirmə başa çatdırılmadı: “Günün ikinci yarısında Şahlar Cəfərov yenidən məhkəməyə dəvət ediləcək”.

Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Üzeyir Salahov ifadə verib. O, bildirib ki, T. Bağırzadə ilə bağlı idarəyə daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Şahidin sözlərinə görə, əməliyyat zamanı evdən onlara atəş açılıb. Atışma zamanı Fərayıl Bünyatovu zərərsizləşdirib: “Onun gülləsi bitmişdi. Mən onu tərkisilah edəndə gördüm ki, yaralanıb. Biz ona ilkin tibbi yardım göstərdik və xəstəxanaya göndərdik”.

Prokurorun suallarını cavablandıran şahid bildirib ki, T.Bağırzadənin olduğu evin həyətində barrikada qurulduğunu, kimlərinsə orda gizləndiyini görüb.

Daha sonra ondan zərər çəkib-çəkmədiyini  soruşublar. Şahid mənəvi zərər çəkdiyini deyib.

Təqsirləndirilən şəxslər isə F. Bünyatovun maşında polislər tərəfindən döyülərək öldürüldüyünü, şahidin yalan danışdığını deyiblər. Şahid isə oraya kimisə öldürməyə getmədiklərini deyib: “Atəş gələn tərəfə atəş açırdım. Əməliyyat zamanı foto və videoçəkiliş olmayıb. Səbəbini isə bilmirəm. Polis əməkdaşı Vüqar Nəsirova güllə dəymişdi. Ona Sarvan Səfərov atəş açmışdı. Fərayıl Bünyatovu zərərsizləşdirəndə gördüm ki, iki güllə yarası alıb. Biz də ona ilkin tibbi yardım göstərib xəstəxanaya göndərdik. Ondan “makarov” tipli tapança tapıldı”.



“Mən əsgər adamam, nə deyiblərsə onu etmişik”

Vəkil Yalçın İmanov bildirib ki, ekspert rəyində F. Bünyatovun bədənində sınıqlar və xəsarətlər olması yazılıb. O, şahiddən soruşub ki, əgər F. Bünyatovda ancaq güllə yarası var idisə, o zaman xəsarətlər necə yaranıb. Şahid suala “Bilmirəm” cavabını verib. T. Bağırzadə ondan soruşub ki, nəyə görə belə xüsusi əməliyyatda videoçəkiliş aparılmayıb: “Sizin tədbirlərdə çəkilişlər olur. Orada da bir nəfər sizlərdən kiminsə əlində kamera görüb. Orda da çəkiliş olub, lakin o çəkilişlər sizə sərf etməyib. Ona görə yaymamısınız. Əgər orda bizdən kiminsə əlində silah görsəydiniz çəkib yayardınız. Bunu bilin ki, bu gün bizim oturduğumuz yer sizin prezidentin oturduğu yerdən də rahatdır”. Şahid bu sualın da cavabını bilmədiyini deyib: “Mən əsgər adamam. Nə deyiblərsə, etmişik. Gələn dəfə əməliyyat olanda sizin də dediklərinizdən faydalanarıq”.

T.Bağırzadə isə gələcəkdə MTN-də olan çəkilişlərin “Bandotdel”də də olacağını deyib. T. Bağırzadə şahidə deyib ki, o, qumbara atanı görməyib: “Bəlkə, polis atıb qumbaranı?”.

Şahid polislərdə qumbara olmadığını deyib. T.Bağırzadə F.Büyatovun sağlam olduğunu, onun maşında döyülərək öldürüldüyünü deyib: “Onu kim öldürübsə, bir gün mühakimə olunacaq”.


“Rezin güllə ilə yaralanan qadınlar olub”

Daha sonra T.Bağırov orada olan qadınlarla necə rəftar edildiyini soruşub. Şahid qadınlara nəsə etmədiklərini deyib. T. Bağırzadə isə bildirib ki, əgər orada barrikadalar olsaydı, dövlət çevrilişinə cəhd olsaydı  qadın və uşaqlar orada olmazdı: “Rezin güllə ilə yaralanan qadınlar olub. Bu, DİN-ə, Azərbaycan hakimiyyətinə qara ləkədir. Əbülfəz Bünyatovun üç körpəsi o evdə olub. Anaları uşaqlar qorxmasın deyə onların başına odeyal atıb. Xanıma, uşaqlara qarşı zorakılıq edilib. Biz olan otağa əlində Qurani-Kərim olan çadralı qadın daxil oldu dedi ki, hacı ilə işiniz olmasın. İtələyib çıxardılar bayıra. Kərbəlada uşaqların qulağından necə sırğanı dartıb qoparırdılarsa, necə zülm edirdilərsə, Nardaranda da onu edirdilər. Bu yezidlikdir. Polislər ordakılara zülm edib”.



“Gördülər Fərayıl ölüb, üstünü örtdülər ki, görməyim”

Daha sonra BMCMİ-nin əməkdaşı Ş.Cəfərov  prosesdə sualları cavablandırıb. Təqsirləndirilən şəxslərdən Zakir Mustafayev  Ş.Cəfərov tərəfindən işgəncəyə məruz qaldığını deyib: “İdarədə məni Kərim Əlimərdanovun yanına apardılar. Şahlar orada dedi ki, Gəncədən kimləri tanıyırsan təşkilatın üzvü olan? Mən də dedim Gəncədə yaşamıram. Dedi ki, sənə axşam 9-a kimi vaxt veririk. Yadına sal kimləri tanıyırsan. Özünə problem yaratma. Dediklərimə Allah şahiddir. Saat 10-a işləmiş kameradan çıxartdılar. Başıma “meşok” keçirdilər. Dubinka ilə ayağımın altına vururdular. Deyirdilər ki, deməsən bilirsən ki, dubinkanı nə edəcəyik. Biz nə çəkmişik Allah bilir. Əgər bunların ailəsinə belə etsəydilər, bunlar belə sakit ifadə verməzdilər. Bunlar ən böyük cinayətkarlardı”. Təqsirləndirilən Aqil İsmayılov isə məhkəməyə aparılan zaman Ş.Cəfərovun onun başına silah dirədiyini, hədə-qorxu gəldiyini deyib. Təqsirləndirilən Cabbar Cabbarov isə bildirib ki, maşında onları söyən Ş. Cəfərov olub: “Adamın əsəblərinə toxunan bu ləhcəsi ilə söyürdü. Mən onu səsindən tanıyıram. Fərayılı döyüb öldürənlərdən biri bu idi. Gördülər ölüb, üstünü örtdülər ki, mən görməyim. Bunların verdikləri işgəncələr adamı şikəst edir. Kərim Əlimərdanov deyirdi ki, Mehriban Əliyevaya yox, get kimə istəyirsən şikayət elə”.



“Ayağımın əti qopmuşdu”

T.Bağırzadə də işgəncələrə məruz qaldıqlarını deyib: “Videoçəkiliş aparanda başıma papaq taxdılar ki, işgəncələrin izi görünməsin. Lakin bunu gizlətmək mümkün olmadı. Bütün üzüm partlamışdı. Burnumu sındırmışdılar. Gözümün altı qaralmışdı. Ayağımın əti qopmuşdu. İdarənin həyətində oranın rəis müavini  Teyyub gəlib məni üzümü yumağa apardı. Lakin xeyri olmadı. Nə qədər yusalar da, qan getmirdi. Sonra üç gün təcili yardım çağırdılar mən görə. Ölməyimdən qorxurdular. Daha sonra Milli Şura ilə bağlı danışıqlar başlandı. Dedilər ki, bizim dediyimizi yaz maddələrindən götürüləcək. Dedim ki, nə edirsiniz edin. Mənim kişiliyim onunla yox, kiminsə üzünə durmaqla gedər. Bunu SSRİ vaxtı ruhanilərə qarşı etməyiblər. Mikayıl adlı biri axırda qayıtdı ki, bu ruhanidir, heç olmasa, buna qarşı belə etməyin. Fərayılın səsi hələ də qulağımdan getməyib. Maşında ən əxlaqsız söyüşü bu söyürdü”.



Abbas Hüseynov: “ Soruşurdum, günahım nədir, cavab verirdi ki, Əli Kərimlinin sizə dəstək verməsi”

Abbas Hüseynov Taleh Bağırzadə ilə birgə
Abbas Hüseynov Taleh Bağırzadə ilə birgə

Abbas Hüseynov da Ş.Cəfərovun işgəncə verdiyini deyib: “Bu adam deyirdi ki, İlham Əliyevin mühafizəçiləridir. Deyirdi ki, İlham ölkədən getsə, sabitlik pozular. Əgər İlham getsə, sizin başınıza güllə vuraram deyirdi. Əgər mən bunu tanımıramsa, otağının neçənci mərtəbədə olmasını, neçə yaşının olmasını, oğlunun neçə yaşının olmasını hardan bilirəm. Deyirdi ki, əgər dediyimizi etməsən Əbülfəzin gününə düşəcəksən. Soruşurdum, günahım nədir. Cavab verirdi ki, Talehin yanında olmağın, Əli Kərimlinin sizə dəstək verməsi. Bu adam məni vurmayıb. Amma təhqir edib, söyüş söyüb”.



Əli Nuriyev: “Başıma torba keçirib, beyzbol çubuğuyla ayaqlarıma vururdular”

Təqsirləndirilən Əli Nuriyev isə başına torba keçirilərək beyzbol çubuğu ilə ayaqlarına vurduğunu deyib. Lakin şahid deyilənlərin  heç birini qəbul etməyib.

Şahidin dindirilməsi başa çatdıqdan sonra təqsirləndirilən şəxslərdən bir neçəsi ayaqqabılarını çıxararaq şahidə atıblar. Məhkəmə nəzarətçiləri onların qarşısını alıb. Hakim nəzarətçilərdən həmin hərəkətin aktlaşdırılmasını istəyib.

Proses sentyabrın  8-də davam edəcək.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlər”Nardaran işi”: Biz olan otağa əlində Qurani-Kərim olan çadralı qadın daxil oldu