Nar meyvəsinin xərçəng xəstəliyinin müalicəsində yeri

Xərçəngdə normal hüceyrələr anormal formalara, heç bir məqsədə qulluq etməyən şəkillərə düşürlər

Source:


Nar haqqında yəqin çoxunuzun xatirələri vardır. Mənim üçün nar, atamı xatırlatdığı üçün xüsusilə dəyərlidir. Atam Rafael müəllimin uşaqlığından nar meyvəsini sevdiyini nənəm mənə dəfələrlə nəql etmişdi. Doğrusu, elə mənim özüm də nar yeməyi çox sevirəm. Faydasını bilmədən.

Həqiqətən…. Görəsən, nar, doğrudan mı, bu qədər faydalı meyvədir? Azərbaycanda hər şeyi tərifləmək sevgisi qədər dilə gətirilənlərin əsaslarını araşdırmamaq xəstəliyi də vardır. Böyük danışır, amma arxasnda durmuruq. Bütün mədəni insanlar isə, nəinki mədəni, bütün dürüst insanlar öz sözlərinin arxasında durmağı bacarmalıdırlar. Bu şərt, ilk növbədə bu sətirlərin müəllifini də aiddir.

Elmi iddiadan, yəni nar meyvəsinin faydalarından danışdığımız üçün elmi əsaslar gətirməliyik. Tibbi ədəbiyyatda müxtəlif xəstəliklərin müalicəsi haqqında milyonlarla araşdırma olsa da, nar haqqında yazı tapacağım mövzusunda o qədər də iddialı deyildim. Meyvələrin tibbi problemlərin müalicəsində istifadəsi əsrlər boyu alternativ təbabətin məsuliyyəti altında olduğu üçün, müsbət elm disiplini olaraq təbabətin bu məsələyə lazımi diqqəti ayırmayacağını düşünmüşdüm.

Yanılmışam…. ABŞ Milli Sağlamlıq İnstitutunun (National Institute of Health — NIH) elmi nəşriyyat indeksi olan Pubmed-ə girib ilk araşdırma kriteriyalarını doldurdum və…… yüzlərlə məqalə tapdım. Kriteriyaları darlaşdırdıqca son 10 ildə nar şirəsi və xərçəng arasında əlaqəni araşdıran 40 ədəd araşdırma olduğu meydana çıxdı. Niyə mi xərçəng? Ən maraqlı mövzudur da, ondan.

Siyahıda məqalə çox olsa da, sözsüz ki, hamısı haqqında sizə söz aça bilmərəm, deyil mi? Bu, həm sizin üçün maraqsız olar, həm də çox şeyi başa düşməyinizdə sizə əngəl törədə bilər. Gözəl bir icmal seçərək yola qoyuluruq. Gəlin elə Eleonora Turrini-nin başçılıq etdiyi müəllif dəstəsinin “Potential effects of pomegranate polyphenols in cancer prevention and therapy” adlı (Nar polifenollarının xərçəng önlənməsi və müalicəsində yeri) məqaləsinə göz gəzdirək.

Xərçəng əmələ gəlməsi mexanizminə bir göz gəzdirək. İnsan bədənində milyardlarla normal hüceyrə mövcuddur. Onların hər birinin ayrı-ayrılıqda, bəzən isə qrup şəklində həyata keçirdikləri funksiyaları, vəzifələri vardır. Bu işlərin həyata keçirilməsi üçün isə hüceyrələr müxtəlif həyat fəaliyyəti növləri , fazalarından keçirlər. Bir az mürəkkəb oldu, deyil mi?

İnsan orqanizmini bir şəhər kimi təsəvvür edə bilərsiniz. Bu şəhərdə yollar, orada şütüyən nəqliyyat vasitələri, əyləncə yerləri, hüquq-mühafizə orqanları və s. mövcuddur. Gəlin elə nəqliyyatdan nümunə gətirək. Şəhər mikrorayonlardan və məhəllələrdən təşkil olunmuşdursa, onların arasında da yollar vardır, deyil mi? Hər məhəllənin arasında kiçik yol, mikrorayonların arasında isə böyük yollar, şəhərin bir qrup mikrorayonunun arasında isə artıq magistra yol olması nə qədər də gözəl olardı?!

İndi isə işlərin sırasının pozulduğunu, hər məhəllənin arasında magisral yol olduğunu təsəvvürünüzə gətirin. İnsan öz yaşadığı həyətə rahatlıqla girə bilməz, uşaqlar oynamaq üçün, yaşlılar isə gəzmək üçün sahə tapmazdılar, deyil mi?



Xərçəngdə normal hüceyrələr anormal formalara, heç bir məqsədə qulluq etməyən şəkillərə düşürlər.

Xərçəngdə də baş verənlər təqribi olaraq elə bundan ibarətdir. Xərçəng hüceyrələri insanın öz hüceyrələridir. Xaricdən gəlməyiblər. Başqasından insana yoluxmayıblar. Amma bu normal hüceyrələr artıq anormal formalara, heç bir məqsədə qulluq etməyən şəkillərə düşürlər.

Çox vaxt bu, özünü ölməsi gərəkən hüceyrənin yaşamağa davam etməsi şəklində göstərir. Hüceyrənin daha uzun yaşaması gözəl səslənsə də, o hüceyrənin hələ də yaşlanmağa, qocalmağa davam etməsi bir o qədər də xoş deyildir. Məsələn, sizin avtomobiliniz iki yaşında və on yaşında özünü müxtəlif aparırdı, deyil mi? İndi siz, yaşlanmış, başqa, cavan hüceyrə əmələ gəlməsinə imkan verməmiş hüceyrə tərəfindən xidmət gördüyünüzü düşünün. Daha cavanının əmələ gəlməsini əngəlləyərək onun yerinə çalışmağa davam edən qoca hüceyrə sizə lazımi qədər sürətli və keyfiyyətli xidmət göstərə bilməyəcəkdir.


Xərçəng, sizə xidmət edən qoca avtomobil kimidir. Təkərləri cırıq, mühərriki xarab, çoxlu yanacaq sərf edir, ancaq yerindən tərpənmir. Qızınmadıq istisinə, kor olduq tüstüsünə.

Narın tərkibində olan polifenollar deyilən maddələr bu problemi ortadan qaldırırlar. Bu maddələr həm xərçəngin əmələ gəlməsinin qarşısını alır, həm də artıq əmələ gəlmiş xərçəng hüceyrələrini məhv etməkdə orqanizmə kömək edirlər.

Nar polifenollarının aşağıdakı orqanların bəd xassəli şişlərində önləyici təsiri araşdırılmış və təsdiq edilmişdır:

  • Süd vəzi
  • Yoğun bağırsaq
  • Qaraciyər
  • Dəri

Aşağıdakı bəd xəstəliklərdə isə müalicəvi təsiri aşkar edilmişdir:

  • Süd vəzi xərçəngi
  • Prostat xərçəngi
  • Ağciyər xərçəngi
  • Yoğun bağırsaq xərçəngi
  • Leykemiya
  • Sidik kisəsi xərçəngi
  • Beyin şişləri


Görəsən, nə qədər nar şirəsi faydalıdır? Yəni, gündə nə qədər qəbul etmək gərəklidir?

İnsan üçün bu rəqəmi hesablamaq kifayət qədər çətindir. Amma siçanlar üçün artıq hesablayıblar: hər kiloqram başına 5 qram. Məsələn, 100 kg-lıq bir insan gündə 500 qram təmiz nar şirəsi qəbul edərsə, təsiri başlayacaqdır.

Amma burada diqqəti çəkən bir məqam daha vardır. Nar şirəsi nə qədər faydalı olsa da, onun zərərləri də mövcuddur. Tərkibindəki meyvə şəkəri — fruktozanın ifrat qəbulunun artıq çəki və şəkərli diabet əmələ gəlməsindəki rolundan tutmuş, pelletrein və onun bənzəri polifenolların genlər üzərindəki toksik təsirinə qədər müxtəif zərərləri də görülmüşdür.

Fayda görmək üçün hər şeydə ortanı tapmaq daha yaxşı fikirdir deyəsən. Böyük Nizami necə demişdir?

İncə bir lətafət olsa da suda,

Artıq içiləndə dərd verir o da.

Dr. Vasif İsmayıl

medium.com

Ana səhifəXəbərlərNar meyvəsinin xərçəng xəstəliyinin müalicəsində yeri