Sinifləşmiş və təbəqələşmiş cəmiyyətlərdə seçki adlanan siyasi oyunun iştirakçıları hansısa sinfin və ya təbəqənin siyasi-iqtisadi maraqlarını təmsil edirlər və bu zaman onların müxtəlif imkanlarından bəhrələnirlər.
Misal üçün, uzağa getməyək, martın 18-də sona yetmiş Rusiya seçkilərində iki əsas namizəd var idi.
Vladimir Putin ölkənin sərvətini talayıb Qərbə daşıyan kriminal oliqarxiya zümrəsinin maraqlarını ifadə edirdi, Pavel Qrudinin ölkə sərvətlərinin Rusiyada qalıb milli maraq naminə istehsalata, sənayenin və kənd təsərrüfatının inkişafına sərmayə qoyulmasını tələb edən milli burjuaziyanı təmsil edirdi.
Digər namizədlər heç bir sinfi və ya təbəqəni təmsil etmədiklərindən əminliklə demək olar ki, Prezident Administrasiyası onları siyasi oyunbazlıq naminə ortaya atmışdı.
Putinin təmsil etdiyi məmur oliqarxiyası trilyonlarla dollar oğurlamış, nəhəng şirkətlərə sahib çıxmış, əndazəsiz inzibatı, maliyyə və media imkanlarına malik olan mütəşəkkil bir zümrədir və məhz onlar SSRİ-nin süqutu ilə nəticələnmiş “perestroyka”-dan əsl mənfəəti götürmüş insanlardır. Onlar Putin diktaturasının dayağı və təməlidir.
Oliqarxiya dövlətlərində diktaturanın mənbəyi yırtıcı eqoizm və xalqa həqarətdir. Oliqarxlar həm xalqa nifrət edir, həm də xalqdan qorxurlar. Buna görə onlar kütləni aldatmaq, tovlamaq və qorxutmaq üçün xəsislik etmədən nəhəng cəza və təbliğat maşınını yaratmağa və işlətməyə böyük vəsait ayırırlar. Belə dövlətlərdə polis zabitlərinin, prokurorların, hakimlərin, diktatora yalmanan həyasız jurnalistlərin zəngin yaşaması qanunauyğundur.
Tarix sübut edir ki, oliqarxiyanın hökmranlığı zamanında cəmiyyətin mənəviyyat və əxlaqı çürüyür və aşınır. Bu çürümə və aşınmanı biz Rusiya həyatının bütün sahələrində aydınlıqla müşahidə edə bilərik.
Təbii ki, oliqarxiyaya nisbətən maddi və media imkanları xeyli məhdud olan solların və millətçi vətənpərvərlərin bloku seçkidə uduzdu, beləliklə, Rusiyanın bir dövlət və millət kimi “kitabı bağlandı”.
Vəziyyəti bilən və anlayan mütəxəssislər əmindirlər ki, Rusiya sürətlə ciddi və ağır bir böhrana doğru gedir və onun mövcud sərhədlər daxində xilas ehtimalı çox zəifdir.
Bəs Azərbaycanda? Prezident seçkilərində kim və nəyi təmsil edir?
İlham Əliyev ailəsini, yaxın ətrafını və milli iqtisadiyyatın bütün sahələrini inhisara götürmüş tayfanı təmsil edir. Azərbaycan Respublikasının bütün imkanları onun sərəncamındadır.
Pul? Pul namizəd İlham Əliyevdədir. Digər namizədlərin maliyyə imkanlarına baxsanız, görərsiniz ki, onlar əsas namizədlə müqayisədə sadəcə dilənçidirlər.
İnzibati resurs? Heç bir şübhə yoxdur ki, seçki ərəfəsində, seçki dövründə və seçkidən sonra dövlət cihazı tam tərkibdə əsas namizədin xeyrinə işləmiş, işləyir və işləyəcəkdir. Onun qələbəsini təmin edən cihazın adı YAP deyil, DÖVLƏTdir.
Bu cihaza polis, təhlükəsizlik xidmətləri, hakimlər, prokurorlar, başda Mərkəzi Seçki Komissiyası olmaqla bütün səviyyələrdən olan seçki komissiyaları, ölkənin bütün rayonlarının əhalisini tam itaətdə saxlayan icra başçıları və dövlətdən maaş alan bələdiyyələr, Nazirlər Kabineti və sayı minlərlə olan xəfiyyələr daxildir. Heç bir şübhə yoxdur ki, inzibati imkanlar namizəd İlham Əliyevdədir.
Media? Medianın 99%-i İlham Əliyevə işləyir. Bir neçə “bloklanmış” saytdan başqa bütün mətbu və elektron KİV namizəd İlham Əliyevin seçilməsinə çalışır.
Ziyalılar? Prezident təqaüdü alan, yaxud bu təqaüdü almaq arzusu ilə yaşayan, övladlarını “çörəkli” idarələrə ilişdirib xalq malının qarətinə qoşulmaq istəyən milli aydınlarımız, cüzi maaş hesabına sürünüb-yaşayan və “buna da şükür” deyən təbəqə, şübhəsiz ki, namizəd İlham Əliyevi dəstəkləyir.
Büdcə təşkilatlarında çalışan yüz minlərlə məmur, müəllim və həkim namizəd İlham Əliyevə səs verəcək.
Kimə də versinlər? Qalan namizədlər əsas namizədi dəstəkləyən, gündəlik ruzusu hakim təbəqəyə qulluq etməkdən çıxan şəxslərdir. Ölkəmizdə onların arxasında durub onların siyasi mübarizəsini maliyyə ilə, media və insan resursları ilə dəstəkləyə biləcək heç bir sinif və ya təbəqə yoxdur.
Qalmayıb. O cümlədən həmin “namizəd”lərin əvvəlki fəaliyyəti sayəsində həmin siniflər və təbəqələr ləğv olunub.
Bizim milli 37-ci il 30 il davam etdi və nəticədə sinfi təmizləmə tam uğurla başa çatdı. İndi bir tərəfdə var oliqarxlar, o biri tərəfdə var lümpenləşmiş yayğın kütlə. Yayğın və sıyıq kütləyə söykənmək, nə isə etmək mümkün deyil.
Digər cəmiyyətlərdə “stratifikasiya” deyilən təzahürAzərbaycanda dövlətin cəbr aləti ilə dondurulub və yoxdur.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Kommunist Partiyasının indiki aciz və zəif vəziyyətinin səbəbi SSRİ-də özünü kommunist adlandıran bivec zümrənin ciddi-cəhdlə fəhlə sinfini, onun həmkarlar təşkilatlarını, ziyalıları, kəndliləri sinfi simadan məhrumetmə siyasətidir.
“Sultan sərkərdədən soruşur ki, qalanı düşmənə niyə təhvil vermisən? Sərkərdə cavab verir ki, əy əzəmətli sultanım, bu məğlubiyyətin çox səbəbi var. Əvvəla, barıt yox idi… Sultan deyir ki, bəsdir, qalan səbəbləri saymaya bilərsən”.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.