Namazəli Məmmədov: Mən Vidadi Zeynalova pul verməmişəm (yenilənib)

Cəlil Cəfərov: “Nazir mənə əmək haqqı kimi paket verib”

Source:
Vidadi Zeynalov, foto: sosial şəbəkə


Cəlil Cəfərov: “Nazir mənə əmək haqqı kimi paket verib”

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edir.

Prosesdə təqsirləndirilən şəxslərdən Namazəli Məmmədov ifadə verib. O, sahibkar olduğunu deyib, qiymətlərin şişirdilməsi barədə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:

“İstintaq müəyyən edib ki, mənim “Aztelekom”dan 16 milyon alacağım var. Məni isə 4 milyon mənimsəməkdə ittiham edirlər. Nəyə görə həbs olunmuşam, bilmirəm. Mən Vidadi Zeynalova pul verməmişəm”.

Prokurorun sualların cavablandıran N. Məmmədov V. Zeynalova pul vermədiyini, baş mühasibi Səhrab Hümbətovun 32 min manat pulu mənimsəmədiyini deyib:

“Səhrab Hümbətov pul yeyənə oxşayır?”

Daha sonra iclasda təqsirləndirilən Səhrab Hümbətova ifadə vermək təklif olunub. S. Hümbətov vəkili olmadığl üçün ifadə vermək istəməyib. Təqsirləndirilən Cəlil Cəfərov isə ifadə verərək, özünü təqsirli bilmədiyini deyib:

“Nazir mənə əmək haqqı kimi paket verib. Orada müavindən tutmuş aparat rəhbərinə kimi hamı paket alıb. Öz maaşım min manata qədər olub. Mən Rabitə Voleybol Klubunun prezidenti olmuşam. Dohada yarışda qalib olanda prezident bizi qəbul edib dedi ki, siz tarix yazmısınız. Sonra “Telekom” klubunu yaratdıq. «Whatsapp” və digər sosial şəbəkələrlə edilən danışıq trafikləri ilə bağlı hər ay nazirə məruzə etmişəm. Bizi Rusiya monopoliyada saxlayırdı. Sonradan biz Avropa trafikinə qoşula bildik. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouminq sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqaviləni mən imzalamışam. Sonradan “Azərkosmos” yaradıldı və işlər onlara təhvil verildi”.

C. Cəfərov deyib ki, beynəlxalq danışıqlarla bağlı Azərbaycanda cinayət baş alıb gedir:

“MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz olub. Bakıda reydlər keçirmişdik. Adamları aldatmışdılar ki, filan aparat wifi aparatını gücləndirir. Həmin aparatlara bir nömrə yerləşdirilrdi və onlar xaricdən idarə edilirdi. Elə olurdu Azərbaycanda trafik sıfıra düşürdü. Biz bir-bir evləri gəzib bunun üstün açdıq. Deməkdən ki, sağ olun belə naliyyətlər əldə etmisiniz, bizi ittiham edirlər”.

Fasilədən sonra C.Cəfərov sualları cavablandırıb. Bildirib ki, nazirlik ölkəyə valyuta ehtiyatı gətirib:”Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Mənim direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, nazirliyin rəhbərliyinin göstərişini icra edim”.

O, prezidenti olduğu klubun sponsorunun Rabitə və Yüksək Texnologiya Nazirliyi olduğunu söyləyib:

“Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri “Azintelekom” MMC-nin hesabına verilirdi. Nazirin göstərişi ilə hər ay kluba görə Vidadi Zeynalovdan 50 min manat alırdım. Əgər o pulları mənimsəsəydim, mənim də evim, bağım obyektlərim olardı. Dəfərlərlə voleybol komandasının işindən ayrılmaq istədim. Nazirə deyirdim mənə 3 şöbə ver, voleybolu istəmirəm. Lakin icazə vermədi”.

Təqsirləndirilən bildirib ki, “Cartburg” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini nazir Əli Abbasov tapşırıb:

“Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınmasını, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Ona görə də “AKEY” tərkibində olan “Cartburq” MMC ilə çalışırdıq. Həmin şirkət Ayaz Kərimovun (Eldar Mahmudovun oğlunun şəriki və dostu. Hazırda axtarışdadır) idi. Hər ay onların işçisi Elmar Hüseynov gəlirdi, pulu gətirirdi. Ordan 50 mini klub üçün, 29 mini data sistemə görə götürürdüm. Qalan 300 min dollar civarında pulu isə Vidadi Zeynalova verirdim”.

Daha sonra təqsirləndirilən şəxs “Azərpoçt” MMC-in baş direktoru olmuş Qəmbər Bəybalayev ifadə verib. O, ifadəsində bildirib ki, “Azərpoçt” rəhbərliyinə gətiriləndə poçt sistemi bərbad vəziyyətdə olub. Əli Abbasov nazir təyin olunandan sonra poçt sistemi inkişaf edib:

“Əli Abbasov bizə “paket” verilməsi bağlı təklif edəndə, mən buna razı olmadım. Xahiş etdim ki, maaşlarımızı qaldırın. O da mənim xahişimi yerinə yetirdi, mərkəzi aparatın maaaşını yüksəltdi. 300 manat alan mən 1300 manat almağa başladım. Mənə 74 idarə rəisi tabe idi. Onların bir nəfərə deyə bilməz ki, hansındansa bir qəpik almışam. Onların özlərinə “paket” verilirdi. Bizim idarədən pullar aparıldı. Yalnız mən heç bir zaman bu işə qarışmamışam. Mənə milyonlarla pulu mənimsədiyim deyilir. Əmlakıma baxsınlar. Qusarda çobanın 2 mərtəbəli evi var, mənim isə 1 mərtəbəli evim var. Mən fikirləşirdim ki, prokurorluq məni buraxar. Çünki heç vaxt mənimsəmədə iştirak etməmişəm”.

Proses dekabrın 7-də davam edəcək.

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Ana səhifəXəbərlərNamazəli Məmmədov: Mən Vidadi Zeynalova pul verməmişəm (yenilənib)