Nadir Qafarzadə: “Xalqın pulunu talayanlar dəbdəbəli yaşaya bilər, müğənni yox?”

Nadir Qafarzadə. Mənbə: https://baku.ws/

“Müğənni işləyib, pulunu qazanıb, alıb. İstəsə, təyyarə ilə gəzər”

Müğənni Nadir Qafarzadənin Meydan TV-yə müsahibəsi:

  • YUNESKO bugünlərdə hesabat yaydı ki, 2020-ci ildə bütün dünyada yaradıcı sahələrdə COVID pandemiyası səbəbindən ümumilikdə on milyon iş itirilib. Sənət adamlarının hər zamankından daha çox dolanışıq çətinliyi yaşadığı bildirilir. Pandemiya Nadir Qafarzadənin yaradıcılığına necə təsir etdi?
  • Dünyada təkcə sənət, şou-biznes deyil, bütün sahələrdə böhran yaşandı. Biznesmen də itirdi, inşaatçı da. Təbii ki, şou-biznes nümayəndələrinə də ziyan dəydi. Bununla belə, hesab edirəm ki, istər pandemiya, istərsə də müharibə olsun, ruzini verən Allahdır. Min qapı bağlanarsa, biri mütləq açılacaq. Pulum olmayıb, maddi sıxıntı yaşadığım anda gözlənilməyən anda ruzi gəlib. Bir məsələyə də münasibət bildirmək istəyirəm, son zamanlar sosial şəbəkələrdə çox rast gəlirəm. İnsanları kasıb və varlılara ayırırlar. Bu, düzgün yanaşma deyil. Niyə kasıblarla varlıları bir-birinin üstünə qaldırırsınız? Ümumiyyətlə, insanları sosial statusuna görə bir-birindən ayırmaq doğru deyil. Hamı yaxşı yaşamağa layiqdir.
  • Müğənni Manaf Ağayevin həbsi ilə bağlı yalnız siz sosial şəbəkədə paylaşım edib, həmkarınıza dəstək oldunuz. Sizcə, müğənnilər arasında həmrəylik var?
  • Təəssüf ki, yoxdur.
  • Yeri gəlmişkən, Manaf Ağayevin bahalı avtomobillə Füzuliyə getməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb oldu.
  • Dövlətin, xalqın pulunu talayanlara olar, müğənniyə dəbdəbəli yaşamaq olmaz? Bunu hamıya şamil etmirəm. Amma belələri var. Bütün dünyada, Rusiyada, Türkiyədə müğənnilərin milyonlarla dollarlıq avtomobilləri var. Niyə onlara olar, bizim sənətçilərə olmaz? Müğənni işləyib, pulunu qazanıb, alıb. İstəsə, təyyarə ilə gəzər. Axı o, heç kimin haqqına girməyib. Əziyyət çəkib, pul qazanıb, oğurluq etməyib, heç kimin cibinə girməyib. Toya çağırıb, pul vermisiniz. O da pulu yığıb, avtomobil, ev alıb. Digər sənət adamları da həmçinin.
  • Sizcə, niyə cəmiyyətdə belə bir fikir formalaşıb ki, sənət adamı kasıb yaşamalıdır?
  • Bütün dövrlərdə dünyada sənət adamları yaxşı yaşayıb. Sovetlər dönəmində belə idi. Sənətçini yaşadan xalqdır. Konsertlərimizə gəliblər, məcilislərə, toylara dəvət ediblər. Bizi yaşadanlar, elə həmin qınayan adamlardır. Nədənsə, elə düşünürlər ki, müğənniyə pullar havayı gəlir, bu belə deyil. Hələ indiyə kimi heç kim mənə qara qaşıma-gözümə görə pul verməyib. Tər dabanımdan tökülənə, səsim batana qədər oxudub, müqabilində də pul veriblər.
  • Həmkarınıza 15 sutka cəza verilməsini ədalətli qərar hesab edirsiniz?
  • Hər halda həmin torpaqlara azad şəkildə getmək qadağası varsa, deməli, qanun pozuntusudur. Həmin torpaqlar azad olunandan sonra getməmişəm. Düşünürəm ki, dövlət tərəfindən rəsmi qaydada icazə veriləndən sonra gedəcəyəm.
  • Azərbaycandakı bahalaşma gündəlik həyatınıza təsir edib?
  • Əvvəllər beş kilo ət alırdımsa, indi bunu iki kiloya endirmişəm. Ona görə ki, artıq evimizdə də hər kəs qənaət edir. Son zamanlar bunu özümüz üçün ayırd etdik ki, çox yemək də lazım deyilmiş, orqanizmə də, cibə də ziyandır. İnsan var ki, bazara gedir, lazım oldu-olmadı, alıb gətirir. Üç gündən sonra xarab edir, zibilqabına atır. Əvvəl mən də belə idim. Pandemiya bizə bir dərs də verdi ki, israfçılıq etmək olmaz. Rəhmətlik anam həmişə deyərdi ki, pul yığmaq, çətin gün üçün nəsə etmək lazımdır. Pandemiya dövrü, pulum olan vaxt aldığım zinət əşyalarını satdım. Həmin qızıllar çətin gün üçün yatırım idi.
  • Müğənnilər konsertlərdən qonorar almır. Gəlir yeri ancaq toylardır. Pandemiya dövründə hansısa biznes qurmaq barədə qənaətə gəldinizmi?
  • Mənim şəxsi biznesim ancaq səsimdir. 51 yaşım var, bu gün də təlabatlı müğənniyəm. Demirəm ki, bütün xalqa, amma bu gün Nadir Qafarzadə kimlərəsə lazımdır. Əvvəlki qazanc yoxdur. Amma ac da qalmırıq. Onu da deyim ki, mən özüm qazanıb yemirəm. Ehtiyacı olan ailələr – doğmalarım, dostlarım var. Bu gün onlar çox çətinlik çəkirlər. Qazancımı onlarla da paylaşıram. Musiqiçi dostlarım var, yaşlanıblar, onları toylara çağıran yoxdur. Mən onlara da yardım edirəm. Bu gün onunla təsəlli tapıram ki, Allah mənə belə beyin, düşüncə verib, qazancımı ehtiyacı olanlarla paylaşa bilirəm.
  • Sizcə, xalqa yaxın sənətçi nə deməkdir?
  • Düşünürəm ki, mən xalqa yaxın sənətçiyəm. Bakı küçələrində avtomobilimlə forslanıb gəzmirəm. Piyada da gəzirəm, az təminatlı insanların da yanında oluram. Pullu insanlarla oturub-dura bilmirəm. Varlı var-dövlətindən danışmağa başlayır. Bu da məni bezdirir. Az təminatlı insanlarla ünsiyyətdə olanda görürəm ki, safdırlar, onlarda biclik yoxdur. Onlarla bölüşmək də, anlamaq da asandır. Onların dərdinə şərik çıxıb, dərdinə məlhəm olanda, dünyanın xoşbəxti oluram.
  • Ötən il bir sıra həmkarlarınıza əməkdar və xalq artistləri veriləndə, incik olmuşdunuz.
    Hökumətdən narazılığınız qalırmı?
  • 51 yaşım var. 1983-cü ildən Azərbaycan Dövlət Tele-Radio Şirkətinin nəzdində fəaliyyət göstərən “Qırmızı Qərənfil” məktəblilər ansamblının solisti olmuşam. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, “Dan ulduzu” instrumental ansamblı və Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxışlarım var. Qırx ilə yaxındır ki, fəaliyyətdəyəm. Bütün dövlət tədbirləri, xalq konsertlərində çıxış etmişəm. “Xalqa təmənnasız xidmət etmişəm”, – deyəndə, məni anlamırlar. Deyirlər ki, toya gedib, pulunu almısan. Toya gedən pulunu alar. Toy başqadır, dövlət tədbirlər, konsertlər başqa. Mən dövlətə də, xalqa da təmənnasız xidmət etmişəm, halal xoşları olsun. Artıq incimirəm, sadəcə soyumuşam. Bu gün fəxri adı olan bəzi müğənnilər mənim yerimdə olmaq istəyərdilər. Mən bəzilərindən tələbatlıyam. Məni bir milyon adam sevirsə, bu artıq xalqdır. Mən xalqın artisti ola bildim, Xalq artisti ola bilmədim.
Ana səhifəMədəniyyətNadir Qafarzadə: “Xalqın pulunu talayanlar dəbdəbəli yaşaya bilər, müğənni yox?”