Buna səbəb Rövşən Əsgərovun 2022-ci ildə Georgi Jukov haqqında yazdığı status olub
Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin (“Rosfinmonitorinq”) “Nə? Harada? Nə zaman?” televiziya oyununun keçmiş iştirakçısı Rövşən Əsgərovu “terrorçular və ekstremistlər” siyahısına saldığı bildirilir.
Buna səbəb Rövşən Əsgərovun 2022-ci ildə sosial şəbəkə hesabında rus hərbçisi, Sovet İttifaqı marşalı Georgi Jukov haqqında yazdığı status olub.
O, paylaşımında Georgi Jukovu “təcrübəli oğru” və “forma geyinmiş qatil” adlandırıb. Bundan sonra ona qarşı “Nasizmin reabilitasiyası” maddəsi ilə cinayət işi açılıb və qiyabi həbs olunub.
Cinayət işi açılmamışdan öncə Rövşən Əsgərov Rusiyanı tərk edib.
Əsgərovla birlikdə ictimai xadim Leonid Qozman da eyni siyahıya daxil edilib. Qozman Rusiya ordusu haqqında “yalan məlumatlar” yaymaq ittihamı ilə 2024-cü ilin iyul ayında qiyabi olaraq 8,5 il müddətinə koloniyada cəza çəkməyə məhkum edilib.
Həm Qozman, həm də Əsgərov Ukraynadakı müharibəyə qarşı çıxışları ilə tanınırlar. Hər ikisi Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına daxil edilib.
Rövşən Əsgərov həm də “Baku“ jurnalının piar direktorudur.
2011-ci ildən dərc edilən “Rosfinmonitorinq”in reyestrinə “ekstremist və terrorçuluq” fəaliyyəti ilə bağlı məhkum edilmiş və ya ittiham olunan şəxslər daxildir. Bu siyahıya daxil olmaq bütün hesabların dondurulması və əmlaka məhdudiyyətlərin qoyulması deməkdir.
2024-cü ilin sonuna olan məlumata görə, “Rosfinmonitorinq”in siyahısına 600-dən çox təşkilat və 16 mindən çox insan daxil edilib.
2024-cü ildə “terrorçular və ekstremistlər” siyahısına rekord sayda vətəndaş əlavə edilib. Bu rəqəm 3152 nəfər təşkil edir.