Müzəffər Baxış: Polisə çağrılan mitinq iştirakçıları prokurorluğa şikayət etsin

”Polisin belə hərəkəti Cinayət Məcəlləsinin 309.2 maddəsilə tövsif olunan əməllərdir”

Source:
Müzəffər Baxış
Müzəffər Baxış


”Polisin belə hərəkəti Cinayət Məcəlləsinin 309.2 maddəsilə tövsif olunan əməllərdir”


Hüquqşünas Müzəffər Baxış mitinq iştirakçılarının polisə çağrılıb təzyiqə məruz qalmalarını və izahat yazmağa məcbur edilmələrini qanunsuz hesab edir.

Bu barədə Meydan TV-yə danışan hüquqşünas bildirib ki, əgər icazəli mitinqdə vətəndaş asayişi pozmayıbsa, hər hansı hüquqazidd hərəkətə yol verməyibsə, onun polis orqanlarına çağırılıb təzyiqə məruz qalması yolverilməzdir: “Polisin belə hərəkəti Cinayət Məcəlləsinin 309.2 maddəsilə tövsif olunan əməllərdir. Yəni vəzifəli şəxsin xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxan hərəkətlər etməsi, bu əməllər zor tətbiq etməklə törədilsə, cinayət sayılır. Buna görə 3 ilə qədər müddətə müəyyən vəzifə tutma, yaxud müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunma tələbi var. Eyni zamanda, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Məsələn, mən keçmiş məhbus Hilal Məmmədovun polisə çağrılmasını eşitdim, təəccübləndim. Ona görə ki, Hilal Məmmədov kimi insanın ictimai asayişi pozmasına inanmıram”.

Müzəffər Baxış deyib ki, normal dövlətlərdə insanlar oxşar vəziyyətlə üzləşsə, prokurorluq orqanlarına müraciət edirlər: “Prokurorluq hərtərəfli araşdırma aparır, sonra qanunu pozanların cinayət məsuliyyətinə cəlb olunmasını təmin edir. Dünyanın bütün ölkələrində polisin vəzifədən sui-istifadə hallarına yol verilir.Məsələn, ABŞ-da polis küçədə insanları güllələyir. Ancaq müvafiq orqanlar bunu araşdır, polisin hərəkətinin nə dərəcədə qanuna uyğun olub-olmamasına qiymət verilir. Təəssüf ki, Azərbaycanda hüquq-mühafizə orqanları siyasiləşdiyindən belə faktların araşdırılacağına, qanunu pozan polislərin cinayət məsuliyyətinə cəlb ediləcəyinə inanmıram”.

Hüquqşünas qanunsuzluqla üzləşən vətəndaşların prokurorluğa müraciət etməsini təklif edir: “Əgər prokurorluq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etsə, məhkəməyə müraciət etməlidir. Məhkəmə də şikayətlərini təmin etməsə, Apellyasiya Məhkəməsinə üz tutsunlar, yenə təmin olunmasa, birbaşa Avropa Məhkəməsinə şikayətlərini göndərsinlər”.

Milli Şuranın 17 sentyabrda təşkil etdiyi icazəli mitinqdən sonra iştirakçıların bir çoxu polis bölmələrinə çağrılır. Onlar təzyiqlərə məruz qaldıqlarını və məcburi izahat yazdıqlarını bildirirlər.

Ana səhifəXəbərlərMüzəffər Baxış: Polisə çağrılan mitinq iştirakçıları prokurorluğa şikayət etsin