Demokratik Qüvvələrin Milli Şurası ayrıca izdihamlı dəstə ilə ziyarət mərasimi təşkil edib. Şuranın sədri Cəmil Həsənli və Koordinasiya Mərkəzi üzvlərinin öncüllüyü ilə qurumun təmsilçiləri və tərəfdarları Şəhidlər Xiyabanına yürüşə qatılıblar.
Azərbaycanda 20 Yanvar hadisəsinin 25-ci ildönümü qeyd olunur. Səhər tezdən minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedir. 25 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.
Bu vəhşi əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və “Zərbə” adlanırdı. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.
Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.