Biz qurban sevən millətik. Həm özümüzü qurban edib bundan fəxrlə danışmağı, həm də başqalarını özümüzə qurban edib bundan qürrələnməyi sevirik. Hami bir-birinə potensial qurban kimi baxir- sözün əsl mənasında.
Doğulanda qurban kimi dünyaya gəlirik. Qız ya oğlan fərqi qoymadan valideynlər, qohum-əqraba öz dəyərli məsəhətlərinə başlayır. “Xoşbəxt yaşamaq üçün evlən” demirlər. “Evlən, uşağın olsun, qocalanda sənə kim baxacaq?” deyirlər. Beləcə, qurbanlığın ilk mərhələsi başlayır. Dünyaya yeni qurban gəlir.
Sonra bu qurban böyüyür. O da qanına işləmiş hərisliklə özünə qurban axtarır. Qızdırsa, nazını çəkəcək, başına fırlanacaq, əlini isti sudan soyuq suya vurdurmayacaq, çörəyini yeyəcəyi ər axtarışındadır. Oğlandırsa, ağıllı- kamallı ev qızı, təkcə onunla yox, bütün nəsli ilə evlənəcək qız soraqlasın. Qurban hələ üstəlik ali təhsilli müəllim ya da həkim olarsa, nə əla! Heç olmasa repetitorluq edib evi saxlaya bilər, yaxud bir-iki səhv resept yazıb dərman firmasından faizini alar. Qurbanlığın növbəti mərhələsi belə başlayır.
Sonra üçüncü, dördüncü… mərhələ. Bu dəfə cəmiyyət qurban istəyir. Bədbəxtsənsə, cəmiyyətə pis nümunə olmamaq üçün eləcə bədbəxtliyində gülümsə. Qurban olursan, bunun fərqindəsən? Eybi yoxdur, döz, təki həcərlərin, nigarların, atanın, qardaşının, hələ ərə getməyən bacının adına xələl gəlməsin. Kişisənsə, sənə bir az yaşıl işıqdır, evdən kənarda daha bir qurban axtar və başla “yaşamağa”. Əsas odur ki, evində qurban böyüdəsən.
Növbəti mərhələdə xalqın bir nümayəndəsi olaraq hakimiyyətin qurbanına çevril. Bülleten daşı, “seç”, seçdir. Hakimiyyət xalqı qurban etsin, xalq müxalifəti, müxalifət liderləri öz fanatlarını.
Manat devalivasiya edib, qoy müxalifət meydanlara çıxsın, döyülsün, söyülsün, həbs olunsun, xalq üçün özünü qurban versin. Zatən onlar bunun üçün varlar. Xalq da onun üçün həbsdə yatanların adlarını belə xatırlamadan azadlığa, demokratiyaya, rifaha, faizsiz ipoteka kreditinə qovuşsun.
Müxalifət liderləri şkafdakı köhnə pencəyini sığallayıb geyinərək meydana çıxanları tribunadan xəfif istehza ilə izləsin. Nə qədər ki, heç olmasa stadionun ortasını doldurcaq sayda “köhnə pencəkli yeni ümidli” hələ qalıb, müxalifət liderliyinə iddia etmək olar.
Zəncir dolaşıb sonunda yenə sənə gəlsin. Sənsə dünyaya gətirəcəyin körpən üçün özünəbənzər bir həyat hazırla- qurban həyatı…
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.