Müşfiq Ələsgərli jurnalistləri ələ salıb?!

JuHİ-nin keçirdiyi sorğunun şəffalığı da Azərbaycanda son dəfə keçirilən bələdiyyə seçkilərinin günüdədir…

Source:

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2014-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb. Qurumun sədri Müşfiq Ələsgərli jurnalistlərə göndərdiyi məktubunda ötən ilin onlar uçün maddi cəhətdən uğurlu olduğunu bildirməsi isə mətbuat işçilərinin facebookda narazılığı ilə qarşılanıb.

Onlar kimi mən də həmin məktubu oxuduqca, elə bilirəm Müşfiq bəy bizi qəsdən qıcıqlandırır.

JuHİ sədri deyir ki, orada yazılan məlumatlar təşkilatın keçirdiyi sorğuya- ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 25 ümumrespublika yayımlı qəzet, 5 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 10 həftəlik qəzet (7 regional, 3 ümumrespublika yayımlı), 5 televiziya (3 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).

Qalanlarını kənara qoyub, Regional TV-lərə toxunmaq istəyirəm. Bir qədər sonra isə niyə region TV-ləri əsas gətirdiyimi də yazacam.

Görəsən JuHİ-nin keçirdiyi sorğuda: -3 regional TV arasında 2007-ci ildən Cənub Regional Televiziyası (əvvəlki adı Lənkəran TV olub) kimi fəaliyyətə başlayan və əhatə dairəsində əhalisinin sayı 2 053 300 olan CTV iştirak etməyib? Çünki, elə bu günlərdə facebook-da Lənkəranda fəaliyyət göstərən CTV-nin əmkdaşları öz maaşlarından və TV-də baş verən qanunsuzluqlardan narazılıqlarını bildirdilər. Yazışmada işçilərin (bura həm texniki, həm də yaradıcı işçilər daxildir) 150-200 manat maaş aldıqları barədə bildirilirdi. Bu maaşı da işçilər tam ala bilmir, buna səbəb isə TV-nin qoyduğu “qanunlara” onların ay ərzində nə dərəcədə “riayət” etmələri göstərildi. Qeyd edilirdi ki, TV-də müstəqil fikirli jurnalistlər işdən çıxarılmaqla da hədələnirmiş. Burada çalışanların 90 faizi dolanmaq üçün banklardan kredit götürdüyündən, məcbur qalıb “göstərişlər”-i yerinə yetirirlər.

Günün sonuna kimi isə həmin yazışma silindi. Çünki, orda narazılıq edənlərə TV-dən zəng edilərək hədə-qorxu gəlindi ki, ya status silinəcək ya da sizi MTN-ə verəcəyik. Fikir verin! Polislə də yox haa, birbaşa MTN-lə qorxudulurlar.

İndi isə niyə ilk olaraq CTV barədə yazdığıma aydınlıq gətirim. Həmin CTV ölkədə fəaliyyət göstərən Region TV şəbəkəsinə daxildir, bura isə

Gəncədəki KTV, Yevlaxdakı ELTV, Şəkidəki Kanal S, Xaçmazdakı RTV və Tovuzdakı TTV aiddir və birbaşa iqtidara bağlıdır. (adları müstəqil olsa da) Yəni, dolayısı ilə bu Tv-lərdən birində gedən prosseslər digərlərində də tətbiq edilir. O halda sorğunun şəffaflığı da Azərbaycanda keçirilən son bələdiyyə seçkiləri kimi şübhə doğurur.

Müşfiq Ələsgərlinin yazdığna görə, ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600 manat civarında olub. Bunu guya sorğu iştirakçılarının 93 faizi bildirib. “Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkd”, – deyən, Müşfiq Ələsgərli yazır ki, Regional televiziyalarda çalışan jurnalistlərin və mərkəzi TV-lərin regional təmsilçilərinin aylıq gəlirləri isə 250-400 manat aralığında dəyişir. Bir-iki qurumda maaşların yüksək olması nə vaxtdan jurnalistlərin 93%- nin fikri ilə üst-üstə düşüb?

Məktubda 2014-cü ildə Azərbaycanda yaşayış minimumunun 125 manat müəyyən edilməsi də göstərilir. Görəsən Müşfiq bəyin 125 manat sadəcə telefon pulunu ödəyir? Nə isə

Məlumatda əmək müqavilələrinə də toxunulur. Bildirilir ki, əmək müqavilələrin simvolik xarakterli olması problemi 2014-cü ildə də aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir.

Düzü bu cümləni oxuyanda bir az sevindim. Amma sonra fikirləşdim ki, əgər problemdən xəbərdardılarsa niyə araşdırılmır?

Əslində bu məsələnin görünən tərəfi ilə razıyam. Bir çox jurnalistlərin (söhbət sırf iqtidar yönlü Tv-lərdən gedir) doğrudan da əmək münasibətləri rəsmiləşdirilib. Onlar üçün əmək kitabçaları açılıb. Amma xəbəriniz varmı o əmək kitabçaları hansı vəziyyətdə işçilərin üzünü “ağardır”? Bundan direktorlar hansı məqsədlə istifadə edir?

Məsələn KTV-də əgər işçi TV-nin hər hansı qanunsuzluğuna boyun əymirsə, direktor onu əmək kitabçasına –“göstərdiyi nöqsanlara” görə işdən azad edildi yazmaqla hədələyir. Yəni açılan kağız-kuğuzlar da işçiləri qorumur. Əgər hüquqnu bilən jurnalist varsa, məhkəməyə müraciət edib kitabçasını alır, yox əgər jurnalist orta məktəbi bitirib xarici görünüşünə görə (əsasən Regionda) işə qəbul edilibsə, onda işi çətinləşir. Müdirin şərti ilə razılaşmasa, həm ayda alacağı 150 manatdan, həm bəzi məmurların “çay pulusundan”, həm də tanınmaqdan əl çəkməlidir.

Əgər işçi əmək müqaviləsində göstərilən iş saatına (gün ərzində 8 saat) imza atıbsa bu o demək deyil, iş vaxtı bitdikdən sonra o evinə gedə bilər.

Sonda Müşfiq Ələsgərlinin məlumatına əsasən 2014-cü ilin jurnalistlər üçün nə qədər “maraqlı” olduğunu deyim. Ölkədə bütün müstəqil fəaliyyət göstərən jurnlistləri işsiz qoymağı bacardınız.

Meydan TV işçilərə edilən təzyiqləri nəzərə alaraq, Bakı ofisini bağlamağa məcbur qaldı. Obyektiv TV-nin ofisi, AzadlıqRadiosunun Bakı ofisi möhürləndi, MediaForum isə bağlandı. O halda siz hansı irəliləyişdən və 93%-dən danışırsınız? İndi ölkədə 100-lərlə müstəqil jurnalis işsizdir.

Bir də əgər Müşfiq Ələsgərli ölkədə faəliyyət göstərən bütün müstəqil jurnalistlərin e-maillərini bilirsə, niyə sorğularda onların fikrini öyrənmir?

Belə

Ana səhifəMənim FikrimcəMüşfiq Ələsgərli jurnalistləri ələ salıb?!