Müsavata yürüş keçirməyə icazə vermədilər

Arif Hacılı: “Bu İlham Əliyevin sərbəst toplaşma haqqında iddiasının əsası olmadığını göstərdi”

Source:
Müsavat partiyası, arxiv foto
Müsavat partiyası, arxiv foto


Arif Hacılı: “Bu İlham Əliyevin sərbəst toplaşma haqqında iddiasının əsası olmadığını göstərdi”

Müsavat Partiyasının oktyabrın 21-də paytaxtda etiraz yürüşü keçirilməsi ilə bağılı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə cavab verilib.

BŞİH yürüşün keçirilməsini məqsədəuyğun saymayıb.

İcra hakimiyyəti yürüş üçün göstərilən marşrutların nəqliyyatın sıx hərəkət etdiyi ərazilər olduğunu bəhanə gətirərək aksiyaya icazə verməyib və “Məhsul” stadionunda mitinq keçirilməsini təklif edib.

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, Konstitusiya və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna görə icra hakimiyyətinin aksiyalara qadağa qoymaq səlahiyyəti yoxdur. Qanunvericiliyə əsasən icra hakimiyyəti aksiyaya 3 gün qalmış cavab verməliydi, amma cavabı gecikdirməklə qanunu bir daha pozurlar:

“Eyni zamanda, təklif etdiyimiz məkanlar qanunla qadağan edilməyib. Ona görə icra hakimiyyətinin cavabı qanunsuz və əsassızdır. Məsələnin başqa tərəfi odur ki, ölkə başçısı İlham Əliyev bugünlərdə sərbəst toplaşmaq azadlığının tam təmin olunduğunu demişdi. İcra başçısının qərarı isə Əliyevin iddiasının əsası olmadığını göstərdi.

Ölkədə nəinki sərbəst toplaşmaq azadlığı təmin olunmur, hətta bu azadlığın müxtəlif növlərindən istifadəsinə belə imkan verilmir. Yalnız yarımqapalı stadionda tədbir keçirilməsinə imkan verilir, bu isə toplantı anlamına gəlir, mitinq, yürüş yox”.

Arif Hacılı günün sonunda partiyanın yürüş keçirib-keçirməmək haqda mövqeyini ictimailəşdirəcəyini dedi.

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya deyib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək.

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə sərbəst toplaşma azadlıqlarının təmin olunduğunu, hətta sonuncu mitinqin bir həftə əvvəl baş tutduğunu vurğulayıb.

Ana səhifəXəbərlərMüsavata yürüş keçirməyə icazə vermədilər