Əhliman Abbaslı: “Partiyada səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində hər hansı normal fəaliyyət mümkünsüz olub”
İstefa verməsi haqqında Gənclər Təşkilatının sədri Əhliman Abbaslı Facebook səhifəsində bəyanatını yerləşdirib. Bəyanatda bildirilir ki, 2011-ci ilin yanvar ayında Müsavat partiyasına daxil olub: “Məqsədim ölkədə hökmranlıq edən korrupsioner-avtoritar rejimə qarşı mübarizəyə əlimdən gələcək tövhəni vermək idi . 2013-cü ilin noyabrından isə Musavat Gənclər Təşkilatının sədrliyini edirəm. Bildirmək istəyirəm ki, partiyadan ayrılmaqla bağlı qərarım var və qarşıdakı həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağam.
Bu yazıda məni Musavatdan ayrılaraq ictimai-siyasi, demokratik dəyişikliklər naminə fəaliyyətimi davam etdirməyə vadar edən səbəbləri qeyd edirəm:
1. Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Musavatda hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb. Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Musavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Mənim ölkəmdə görmək istədiyim, bunun üçün çalışdığım azadlıq, azad söz, fərqli fikir, yeniliklərə açıq, seçimlərə dözümlü olmaq kimi inkişafın əsasını təşkil edən dəyərlərə bu siyasi qaragüruh qanadın yanaşması heç də ölkədəki avtoritar rejimə yarınanların yanaşmasından fərqlənmir. Və bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir. Hesab edirəm ki, ölkədəki avtoritar rejimi, azadlığa düşmən olan ailə rejimini ancaq onun əksi olan azadlıqlara söykənən, əxlaq və insani dəyərlərə sayğısı olan, uğursuzluq yox uğur vəd edən siyasi alternativlə məğlub edə bilərik.
2. Çoxlarınızın müşahidə etdiyi kimi bugün Musavatın idarəçiliyini aparan şəxslərin partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır. Despot rejimlərə mübarizədə prinsipial və qətiyyətli olmaq uğurun əsas şərtidir. Bugün Musavat partiyasını Əli Əliyevin, Əhməd Orucun və sairə hökumətin oyuncağı olan siyasi partiyaların tərəfinə dartılıb aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bugün musavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır. Səmimi şəkildə mübarizəyə qoşulmuş insanların üzərindən siyasi biznes qurulması prosesində hesab edirəm ki, iştirak etmək mənim öz dəyərlərimə xəyanətim olardı. Mən öz şəxsi mənafeyim naminə heç zaman mənə inanan, mənə güvənərək sədrlik səlahiyyəti verən dostlarımı kiminsə biznesi xatirinə qurban vermərəm. Və bu dediklərimin 2015 seçkiləri və ərəfəsində nə dərəcədə doğru olduğu anlaşılacaq.
3. Mən yuxarıda sadaladığım hər iki xoşagəlməz faktorla partiya içində qalaraq mübarizə apara bilərdim, bəlkə də mütərrəqqi insanlarla birlikdə bu prosesin qarşısını da ala bilərdik. Ancaq mən hesab edirəm ki, enerjimi, vaxtımı, Musavatın dəyişməsinə sərf etməkdənsə Azərbaycanın dəyişməsi uğrunda aparılan mübarizə naminə xərcləməyim daha faydalı olar.
Partiyadan ayrıldıqdan sonra yuxarıda vurğuladığım kimi əvvəlki hədəflərim və dəyərlərim uğrunda mübarizəmi davam etdirəcəyəm. Mübarizəmizin hansı formada təşkil ediləcəyini dostlarla və məsləhətlərini dəyərləndirdiyim insanlarla müzakirələşdikdən sonra verəcəyik. Biz başladığımız işi yarımçıq qoymayacağıq, istənilən şəraitdə dəyərlərimizə arxa çevirməyəcəyik, hədəflərimizə çatanacan səbrlə mübarizə aparacağıq.
Bizimlə biryerdə bu işi axıra çatdıracaq dostlara eşq olsun, bizdən ayrı qalan dəyərli dostlara da uğur olsun”.