Arif Hacılı: "Qarabağda suverenlik tam təmin edilmədi"
Müsavat Partiyasının 2021-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Bu barədə partiyanın başqanı Arif Hacılı “Facebook” səhifəsində məlumat yayıb.
Arif Hacılı bildirib ki, partiya 2021-ci ildə özünün təsir imkanlarını və cəlbediciliyini daha da artırmaq, cəmiyyətin bütün təbəqələri ilə əlaqələrini genişləndirmək, yeni üzvlərin- xüsusilə gəncləri və qadınları partiya sıralarına cəlb etməklə yerli təşkilatlarını gücləndirmək, ölkənin ictimai-siyasi həyatında iştirak payının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək:
“Müsavat Partiyası 2020-2021-ci illər ərzində pandemiyadan xüsusi əziyyət çəkmiş sosial qrupların müəyyənləşdirilməsi, həmin qrupların maraqlarının müdafiəsi işini artırmağı, aztəminatlı vətəndaşların, işsizlərin, iş yerini müvəqqəti itirənlərin, pensiyaçıların, sahibkarların, tibb, səhiyyə, təhsil işçilərinin, orta təbəqənin yaranmış problemlərini daim gündəmdə saxlamağa, problemləri aidiyyati qurumlar qarşısında qaldırmaqla həllinə çalışacaq. Sosial təminat və səhiyyə sahəsində mövcud olan problemlərin həlli istiqamətində hakimiyyətin lazımı addımlar atmasına nail olmaq, dövlət və hakimiyyət orqanlarının fəaliyyətini nəzarətdə saxlamaq, məsul şəxsləri və dövlət orqanlarını zərərli, vətəndaşın maraqlarına zidd olan addımlardan çəkindirmək istiqamətində fəaliyyətini daha da artıracaq”.
Partiya başqanı 27 ildən çox işğal altında olan ərazilərin əksər hissəsinin azad edilməsini xüsusi əhəmiyyət kəsb edib: “Yuxarı Qarabağın bütün ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməməsinin, Vətən Müharibəsinin nəticələrinin ciddi təhlilini və atılmalı olan vacib addımlarla bağlı davamlı müzakirələrin aparılmasını zəruri hesab edir. Bu istiqamətdə atılan addımların Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına zidd olacağı təqdirdə ilk növbədə hakimiyyəti doğru olmayan addımlardan çəkindirməyə çalışacaq, səlahiyyətli şəxslərin daha prinsipial addımlar atması üçün xüsusi fəaliyyət göstərəcək. Müsavat Partiyası dövlət maraqlarına zidd hesab etdiyi istənilən addımın qarşısını almaq üçün hakimiyyət də daxil olmaqla digər ciddi siyasi institutların, vətəndaş cəmiyyətinin və medianın diqqətini cəlbetmə və müzakirə yoluyla almağa, mümkün olmadıqda isə cəmiyyətin etirazını təşkil etməklə Azərbaycanın maraqlarına zidd fəaliyyətlərin qarşısını almaq üçün effektiv mübarizə aparmağa çalışacaq. Həmçinin şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial vəziyyətlərinin, rifahlarının yaxşılaşdırılması işini, bu qrup insanlara maddi-mənəvi və psixoloji yardımlar edilməsi işinə dəstək verəcəyik. Bu sahədə görülən işləri yaxından izləyərək neqativ halların qarşısını almağa çalışacağıq. Partiyamız azad olunmuş torpaqlarda aparılacaq yenidənqurma və təmir-bərpa işlərində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin monitorinqini aparılmasını, bu sahədə yeyinti və qeyri şəffaflıq olmasını, olacağı təqdirdə bu haqda ictimaiyyəti məlumatlandırılmasını vacib sayır”.
Müsavat Partiyası postmüharibə dövrünü də nəzərə almaqla yeni yaranmış vəziyyəti analiz edərək hesab edir ki, indiki şəraitdə ölkədə demokratiya və azadlıqlarla bağlı konkret olaraq məhkəmə-ədliyyə sahəsində, söz və ifadə azadlığı və digər fundamental hüquqlarla bağlı islahatlara daha çox ehtiyac və imkanlar var: “Müsavat Partiyası 2021-ci ildə məhkəmə-hüquq sistemində islahatların, söz və ifadə, seçki və sərbəst toplaşma azadlıqlarının təmin edilməsi üçün qanunların və şəraitin verdiyi bütün imkanlardan istifadə edərək mübarizəsini davam etdirəcək. Siyasi məhbusların, günahsız həbs edilən vətəndaşların hüquqlarının qorunması işində yaxından iştirak edəcək”.
Müsavat Partiyası proporsianal seçki sisteminin bərpası və gerçək yerli özünüidarəetmə sisteminin formalaşmasına nail olmaq üçün 2021-ci ildə referendum keçirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məsələnin geniş təşviqi ilə məşğul olacaq.
Partiya hazırkı şəraiti, pondemiya və postmüharibə gerçəklərini də nəzərə alaraq partiyanın mövcud sosial-iqtisadi siyasətlə bağlı proqram və təkliflərini yeniləyərək ictimai müzakirəyə çıxarmağı, ölkə iqtisadiyyatında liberallaşmanın, azad bazar iqtisadiyyatına əsaslanan bir sistemin qurulmasını və bu istiqamətdə fəaliyyətin artırılmasını vacib hesab edir.
Partiya quruculuğu haqda bildirilib ki, pandemiya dövrünün davam etdiyi müddətdə partiya fəaliyyətinin onlayın əlaqələr vasitəsi ilə qurulması işinin yaxşılaşdırılmasına səy göstəriləcək: “Müsavat Partiyası keçən illərdə olduğu kimi ölkədə fəaliyyət göstərən gerçək müxalifət partiyaları, ictimai təşkilatlar, birliklər, ziyalılar, gənclər təşkilatları və digər qurumlarla yaradılmış səmərəli əməkdaşlıq mühitinin inkişaf etdirilməsini, bununla yanaşı vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı sosial təbəqələrin və qrupların nümayəndələri ilə əlaqələrin genişləndirilməsini, ictimai rəyə təsir edə biləcək vətəndaşların aktiv siyasi proseslərə cəlb edilməsi işində fəaliyyətini gücləndirəcək. Müsavatçılıq ideologiyasının, milli məfkurə və liberal demokratik siyasi xəttin geniş təbliğ edilməsi, mövcud media resurslarının gücləndirilməsi, mümkün olan media qurumları ilə əməkdaşlıq etməyi yenidən gözdən keçirməyi, hakimiyyətin nöqsanları və vətəndaşların maraqlarına zidd failiyyətlərlə cəmiyyəti davamlı və ardıcıl olaraq məlumatlandırmaq, belə fəaliyyətlərin qarşısını almaq uğrunda mübarizəni artırmaq Müsavat Partiyasının 2021 ci il üçün planlaşdırdığı fəaliyyət sahələrindən biridir”.