Ancaq partiya müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazır olduğunu da vurğulayıb
Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir.
Bu barədə partiyanın mətbuat xidmətindən Meydan TV-yə daxil olan məlumatda bildirilir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.
“Müsavat Partiyası qeyd edir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil. Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək”,-deyə məlumatda bildirilir.
Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir.
Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır.