“Ölkə iqtisadiyyatını bu ağır duruma salan sələhiyyətli şəxslər cinayət məsuliyyətinə cəlb edilsin”
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən xalq qarşısında hesabat verməyi tələb edir. Bu barədə partiyanın yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində müəyyən edilib. Azərbaycan hakimiyyəti xalqı aldatma yolu ilə heç bir devalvasiya olmayacağını bildirməklə, rəsmi şəxslər tərəfindən manatın üzən kursa keçdiyini bəyan etməklə, cəmiyyətdə manatın tədricən ucuzlaşacağı qənaəti formalaşdırdı. Bundan sonra bir ildə ikinci dəfə manatın təsəvvür edilməyəcək dərəcədə uculaşdırmaqla xalqın onsuz da çətin olan maddi və sosial vəziyyətinə təkrar ağır zərbə vurdu:
“Müsavat Partiyası 2015-ci ildə ikinci dəfə baş verən devalvasiyanı xalqa qarşı növbəti soyğunçuluq hesab edir. Mərkəzi Bankın xalqın həyat səviyyəsinə, insanların maddi durumuna böyük zərbə vuran bu qərarını müxtəlif absurd əsaslarla izaha etməyə çalışmasını Azərbaycan hakimiyyətinin öz uğursuz iqtisadi siyasətini ört-basdır etmək cəhdi kimi qiymətləndirir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətinin bu yanlış iqtisadi siyasətinin onsuz da çətin durumda olan xalqın rifahına böyük zərbə olduğu qənaətindədir. Azərbaycan hakimiyyətinin bu qərarı korrupsiya və monopoliyadan kifayət qədər sarsılmış ölkə iqtisadiyyatını daha da çökdürəcək.
Bu iqtisadi siyasət son illərin ən ağır dövrünü yaşayan orta və kiçik sahibkarlığın sıradan çıxmasına səbəb olacaq. Ən əsası isə ərzaq, geyim və digər zəruri tələbat mallarında ciddi qiymət artımı olacaq ki, bu da indiki halda insanların minimum yaşam ehtiyaclarının təmin olunmasına imkan verməyəcək”.
Müsavat Partiyası manatın bir ildə ikinci dəfə ABŞ dollarına nisbətdə 47 faiz ucuzlaşması haqqında Mərkəzi Bankın verdiyi qərarını hökümətin iqtisadi siyasətinin iflası, iqtisadi problemləri həll etmək iqtidarında olmaması kimi dəyərləndirir. Hesab edir ki, digər sahələrdə olduğu kimi maliyyə sahəsində də hakimiyyətin proqnozlaşdırma işini düzgün qura bilmədiyinin bariz nümunəsidir.
“İlin əvvəlindən bu günə kimi ABŞ dollarının manata nisbətdə iki dəfə bahalaşdığını nəzərə alaraq, düzgün iqtisadi siyasət yürütməklə, manatı sərbəst buraxmaqla xalqın milyardlarına qənaət etmək olardı.
Müsavat Partiyası bütün baş verənləri diqqətlə izləməklə yanaşı tələb edir ki, maliyyə sahəsində baş verən bu yarıtmaz fəaliyyət ciddi araşdırılmalı, məsuliyyətsiz maliyyə siyasəti yeridən, həmçinin ölkə iqtisadiyyatını bu ağır duruma salan sələhiyyətli şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. İl ərzində manatın 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq, “milli valyutanın kursunun qorunması” adıyla xərclənən milyardlarla bağlı izahat verilsin.
Müsavat Partiyası İlham Əliyev hökumətindən ağır nəticələrə səbəb olan məsuliyyətsiz iqtisadi siyasətə görə xalq qarşısında hesabat verməsini tələb edir”.