Müsavat Partiyası Elgiz Qəhrəmanın dərhal azadlığa buraxılmasını tələb edir

Partiya Divanının növbəti toplantısı keçirilib

Source:


Partiya Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası “NİDA” Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində çıxarılmış məhkəmə hökmünü pisləyir.

Partiyanın başqanı Arif Hacılı Divanın növbəti toplantısında bu barədə danışıb. O, “Nardaran işi” adlandırılan məhkəmə prosesində Bəhruz Əsgərovun və Taleh Bağırzadənin, sonra isə “NİDA”çı gənc Elgiz Qəhrəmanlının son söz söylədikləri məhkəmə proseslərində iştirak etdiklərini diqqətə çatdırıb.

Partiyadan Meydan TV-yə daxil olan məlumatda deyilir ki, Divan Elgiz Qəhrəmanlı və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

İclasda Müsavat başqanı AŞ PA-nın nümayəndə heyəti ilə keçirilən görüşü haqqında ətraflı məlumat verib, müzakirə olunan məsələlər barədə Müsavat Divanınını məlumatlandırıb.

Daha sonra Divan üzvü Razim Əmiraslanlının Müsavat Partiyasının 14 yanvar Ümumrespublika müşavirəsi haqqında məlumatı dinlənilib. Müşavirə geniş müzakirə olunaraq Divan tərəfindən yüksək qiymətləndirilib. Təşkilatçılığın yüksək səviyyədə olduğu qeyd olunub, Divan tərəfindən təşkilatçılara və bütün müşavirə iştirakçılarına təşəkkür elan edilib.

Müsavat Partiyasının 20 yanvar günü saat 14:00-da Şəhidlər Xiyabanını ziyarət etməsi, 31 yanvarda Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin doğum günü ilə əlaqədar saat 12:00-da doğulduğu Novxanı kəndindəki abidəsinin önündə tədbir keçirilməsi qərara alınıb.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib, Müsavat Partiyasının 2017-ci ildə görəcəyi işlərlə bağlı sənəd qəbul olunub.

Ana səhifəXəbərlərMüsavat Partiyası Elgiz Qəhrəmanın dərhal azadlığa buraxılmasını tələb edir