Müsavat Partiyası: “DSK-lara ötürülən məlumatlar şişirdilir”

“15 saylı Yasamal birinci seçki dairəsinin 7 saylı seçki məntəqə komissiyasının sədri müşahidəçilərə bildirib ki, seçkilərin yekun protokolu bu axşam kimsəyə verilməyəcək”

Source:


“15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 7 saylı seçki məntəqə komissiyasının sədri müşahidəçilərə bildirib ki, seçkilərin yekun protokolu bu axşam kimsəyə verilməyəcək

Müsavat Partiyasından Meydan tv-yə beşinci hesabat daxil olub. Hesabatı təqdim edirik:

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 5 və 7 sayli seçki məntəqələrində müşahidə aparan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Vəfa Abbaslının verdiyi məlumata görə, bu seçki məntəqələrində seçicilər gözə dəymir. 7 saylı məntəqə seçki komissiyasında Daxili Qoşunların iki nümayəndəsi səsvermədə iştirak etdikdən sonra məntəqə seçki komissiyasının sədri onlara seçkiyə gəlməyən seçicilərin siyahısını təqdim edərək, bu işdə yardımçı olmalarını xahiş edib.  Bu halın qeyri-qanuni olduğunu bildirən müşahidəçi seçki məntəqəsindən çıxarılmaqla təhdid olunub.

5 saylı Şahbuz-Babək Seçki Dairəsində Müsavat Partiyasını təmsil edən Nadir Allahverdiyevin verdiyi məlumata görə, bu seçki dairəsinin seçki məntəqələrində olan seçicilərin bir çoxu hazırda ölkədə yaşamadıqları üçün səsvermədə də iştirak edə bilmirlər. Bu səbəbdən seçki məntəqələrində seçici gözə dəymir.

15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 7 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Əli Həsənovun verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri müşahidəçilərə bildirib ki, seçkilərin yekun protokolu bu axşam kimsəyə verilməyəcək. Çünki protokollar burda yazılsa belə, onları dairə seçki komissiyasına aparıb “balans yaratmaq” məcburiyyətindəyik. Bu səbəbdən yekun protokolları yalnız sabah əldə edə bilərsiniz.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin Abbasın verdiyi məlumata görə, 41 saylı Sumqayıt 1-ci Seçki Dairəsinin 4 və 5 saylı seçki məntəqələrində, eləcə də 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsinin 22 və 26 saylı seçki məntəqələrində seçici aktivliyinin aşağıdır. Məntəqə  seçki komissiyalarının dairə seçki komissiyasına ötürdüyü məlumatlar isə şişirdilir. Bu fakt tərtib olunacaq protokolların saxta olacağına şübhə yeri qoymur.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Soltanlının verdiyi məlumata görə, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin veb-kamera quraşdırılmış 46 saylı seçki məntəqəsini izləyərkən, saat 16.26-da naməlum şəxs veb-kameranın qarşısına keçir, komissiya üzvü seçiçi siyahısına imzalar atır. Bu vaxt bir nəfər seçici seçki məntəqəsinə daxil olur, seçki bülleteni götürür, həmin veb-kameranın qarşısını kəsən şəxs əli ilə seçki bülleteninin üzərində nəyəsə işarə edir. Səs verən həmin seçicinin ikinci dəfə veb-kamera qarşısında təkrar səs verdiyi aydın görünür. Həmin seçki məntəqəsində saat 16.32-də seçki komissiyasının üzvünün əlində seçki bülleteninin topa şəklində sol küncünün kəsildiyi müşahidə olunur.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nazim Əliyevin verdiyi məlumata görə, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 37 saylı seçki məntəqəsində müşahidəçidən aldığı məlumatda saat 17.00-dək iştirak edən seçicilərin sayı 241 nəfər olsa da, məntəqə seçki komissiyasının sədri bu sayın 484 nəfər olduğunu bildirib. Bu seçki dairəsinin 33 saylı seçki məntəqəsində namizədlərdən biri seçki məntəqəsində olarkən seçicinin əlində topa bülleten tutduğu üçün insident yaranıb və deputatlığa namizəd polis şöbəsinə aparılıb.

10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Əliş Əzizovun saat 17.00-da verdiyi məlumata görə, son saat yarım ərzində seçki məntəqəsinə bir seçici belə gəlməyib. Bununla belə “karusel” üsulu tətbiq etməklə bu seçki məntəqəsində seçicilərin sayı 17.00-da 380 nəfərə çatdırılıb.

Ana səhifəXəbərlərMüsavat Partiyası: “DSK-lara ötürülən məlumatlar şişirdilir”