”Bu cür siyasi qərarlar nəinki regionda, dünyada sülhün dayanıqlığına xidmət etmir”
Müsavat Partiyası Almaniya Bundestaqının “erməni soyqırımı”nın tanınması qətnaməsi ilə bağlı açıqlama yayıb. Meydan TV-yə daxil olan açıqlamada deyilir ki, Müsavat Partiyası Almaniya Bundestaqının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması haqda faktlara əsaslanaraq qəbul etdiyi qətnaməsini məmnuniyyətlə xatırladığını bildirməklə yanaşı, Bundestaqın soyqırımla bağlı qərarını Avropanın Şərqə doğru genişlənmə stratejisinə zərbə, Qafqaz regionunda ölkələrarası münasibətlərin yaxşılaşması imkanlarını daha da çətinləşdirən bir hadisə kimi pisləyir və bu qərara etirazını bildirir:
“2 iyun 2016-cı ildə Almaniya Bundestaqı 1915-ci il hadisələri zamanı baş verənləri erməni iddialarına əsaslanmaqla “soyqırım” kimi tanınması haqda qərar qəbul edib. Qərararın nəticəsi kimi “erməni və digər xristian etniklərin soyqırımı” Almaniyanın məktəb proqramının tarix dərsliklərinə salınacaq.
1948-ci ildə qəbul edilmiş BMT tərəfindən soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması Konvensiyasının (SSƏCS) 2-ci maddəsi soyqırımı milli, etnik, irqi və ya dini bir qrupun bütününün, ya da bir hissəsinin məhv edilməsi niyyəti ilə baş verən hərəkətlərdən hər hansı biri kimi tövsif edir, qrupun üzvlərinin öldürülməsi, qrupun üzvlərinə ciddi fiziki və ya zehni ziyan verilməsi, toplu qətletmə, bir qrupun yox edilməsinə çalışmaq və s. Osmanlı hökumətinin 1915-ci il hadisələri zamanı nə ermənilərin öldürülməsini planlaşdırılması haqqında, nə də belə məqsədi və hərəkətləri barədə heç bir sübut yoxdur.
İndiyə qədər olan beynəlxalq soyqırım mühakimələri Ruanda və Bosniya soyqırımıdır. Bu mühakimələr parlamentlərdə siyasi yanaşmalarla verilən qərarlarla yox, sənədlərə və sübutlara əsasən, xüsusi yaradılmış məhkəmələrdə aparılan araşdırmaların nəticəsində qətiləşmişdir. Ancaq 1915-ci il hadisələrinin, Osmanlı hökümətinin I Dünya savaşı sırasında həyata keçirdiyi köçürmələr zamanı baş verən faciələrin məhz soyqırım kimi qiymətləndirilməsi mümkün olmadığına görə bu hadisələrə dair beynəlxalq mühakimə baş verməyib. Beynəlxalq mühakimə olmadan hər hansı faciəli hadisələrin siyasi qərarlarla soyqırım adlandırılması yolverilməzdir”.
Müsavat Partiyası “erməni soyqırımı” haqda Almaniya Bundestaqı da daxil olmaqla 20-dən çox ölkənin parlamentlərinin, həmçinin Rusiya Dumasının eyni mahiyyətdə sənədlər qəbul etdiyini və bu sənədlərin əslində heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini xatırladaraq bəyan edir: “Bu cür qərarlar həm siyasətin elmə müdaxiləsi, həm tarixin saxtalaşdırılması, həm də ikitərəfli və çoxtərəfli münasibətlərə xələl gətirən bir addımdır. Tarixdə baş vermiş xoşagəlməz hadisələr haqda sənədlərə və sübutlara istinad edilmədən qəbul edilən bu cür siyasi qərarlar nəinki regionda, dünyada sülhün dayanıqlığına xidmət etmir”.