Musa Quliyev: Yaşlı qadını heç kim orda işləməyə məcbur etmir (yenilənib)

Musa Quliyev

Musa Quliyev

Gültəkin Hacıbəyli: “O cür vətəndaşlara qarşı biganəlik dövlətə də, cəmiyyətə də utancdır”

***

M.Quliyev “Report”a açıqlamasında deyib ki, onun fikirləri doğru təqdim olunmayıb.   

Deputatın fikrincə, bəzən xəbər saytları reytinqə görə bu cür işlərə əl atırlar:

“O süpürgəçini maşın vurub, qəza baş verib. Belə şeylərdən şou düzəltmək olmaz. Mən o qadının işləməsi barədə danışmamışam. Mən “Süpürgəçilər, küçətəmizləyənlər 65 yaşdan sonra niyə işləyirlər?” “Niyə onlara qadağa qoyulmur?” suallarına cavab vermişəm. Əmək Məcəlləsini əsas gətirərək izah etmişəm ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bir neçə sahədə işlə bağlı məhdudiyyət qoyulur. Belə ki, həmin sahələrdə daha çox gənc kadrların təmsil olunmasına ehtiyac var, həmin sahələrlə bağlı əmək bazarında rəqabət böyükdür. Yeni texnologiyanı gənclər daha yaxşı öyrənə bilir, nəinki yaşlı nəsil. Məsələn, həkim 65 yaşdan sonra yeni texnologiya ilə işləyə bilmir, bu sahəyə gənc kadrlar lazımdır. Yəni, yaşlı insan yeni diaqnostika, müalicə üsullarından istifadə etməkdə çətinlik çəkir. Bunu gənc kadr daha yaxşı bacarar. Bütün peşələrə yaş məhdudiyyətinin qoyulması doğru deyil. Təmizlik, yaşıllaşdırma və s. xidmətlərdə çalışanlara yaş məhdudiyyəti qoymaq olmaz. Əgər insanın əmək qabiliyyəti varsa, sağlamlığı imkan verirsə, işləməyi niyə qadağan edək ki? Mənim bu mövqeyimdən şou düzəldiblər. Vurulan adam haqqında bir kəlmə deməmişəm. Diqqəti qəzanın baş vermə səbəbinə yönəltmək lazımdır. Sosial şəbəkələrdə də mədəni, təhsil səviyyəsi arzu etdiyimiz səviyyədə olmayanlar fikir bildirirlər. Onlara cavab vermək də istəmirəm. Düşünürsən, cavab verəcəksən, yenə də doğru anlaşılmayacaq. Sosial şəbəkə izləyicilərinin səviyyəsi, tərbiyəsi eyni deyil ki... Belə müzakirələr demoqogiyadan başqa bir şey deyil. Həmin qadın, yəqin ki, pensiyasını da alıb, əlavə iş kimi də burada çalışıb. Əmək qanunvericiliyinin, təhlükəsizlik qaydalarının pozulmasından söhbət gedirsə, müzakirə etmək lazımdır. Əgər bir insan əmək müqaviləsi ilə işini icra edirsə, burada nə var ki? Qəza hər zaman baş verə bilər. Həmin yolda cavan işçi də ola bilərdi. Bu, hadisədir. Əgər qanunvericiliyin pozulmasına yol verilibsə, cəza tədbiri görüləcək”.

***

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev ötən gün sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən “KamAZ” markalı avtomobilə vurulan Cəmilə Salahova haqda fikirlərini açıqlayıb.

Deputat deyib ki, baş verən olay yol-nəqliyyat hadisəsidir. Maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər:

“Bu müzakirələr yersizdir”

 “Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm. Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.

Yaşlı qadının küçə süpürməsinə gəlincə, Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:

“Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri - fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?! Məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin”.

Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli

“Elə insanlar övladlarına yavan çörək qazanmaq üçün belə işlərə qatlaşmalı olurlar”

 Milli Şuranın beynəlxalq məsələlər üzrə sədr müavini Gültəkin Hacıbəyli Meydan TV-yə deputatın açıqlamasından təəssüfləndiyini ifadə edib:

“Nəzərə alın ki, deputat Sosial siyasət komitəsinin sədr müavinidir. O, insanların ağır yaşayış şərtlərinə görə belə işlərə getdiyini bilmirsə, çox pisdir. Yox, bilərəkdən belə danışırsa, daha da pisdir. Heç bir qadın qapısını körpələrinin üzünə bağlayıb gedib sürətli magistralı süpürməz. Elə insanlar övladlarına yavan çörək qazanmaq üçün belə işlərə qatlaşmalı olurlar. O cür vətəndaşlara qarşı biganəlik dövlətə də, cəmiyyətə də utancdır”.

“Az pensiya aldıqları üçün belə işlərə məcburi gedirlər”

 İqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli təəssüflənib ki, əksər deputat statusu daşıyan insanlar mətbuata dedikləri ilə ikili, üçlü görüşlərdə söylədikləri arasında fərq var. Yəni ictimai güzgüdən kənar olduqda daha həssas yanaşma sərgiləyirlər.

Nazim Bəydəmirli

Nazim Bəydəmirli

Nazim Bəydəmirli bildirib ki, işə getdiyi Heydər Əliyev prospektində yaşlı xanımların küçə və bardürləri təmizləməsinin yayın istisində də, qışın soyuğunda da, əlverişsiz hava şəraitlərində də dəfələrlə şahidi olub. Həm sürətli magistral yollarda həm də süpürgə-vedrə-loparka-taçanka ilə yaşlı vətəndaşların işləməsi, xüsusən əllə işləməsi mövcud inkişafımıza adekvat sayıla bilərmi? Yaxud pensiya yaşlarını çoxdan ötmüş insanların belə yerlərdə işləməsi humanizm prinsiplərinə uyğundur? Çox təəssüf ki, hadisənin baş verdiyi yolların təmiz saxlanılmasına cavabdeh “AzərAvtoyol” SC rəhbərliyi bu barədə düşünmür, düşünməz də, çünki həmin rəhbərlik Mikayıl Müşfiqin abidəsini necə dağıtdığını, mənəvi dəyərlərdən nə qədər uzaq olduğunu gördük”.

O, qeyd edib ki, təmizlik işçilərinin sarı gödəkcələrinin üzərində yazılmış sözlərdən məlum olur ki, Mənzil-Kommunal Təsərrüfat idarələri öz işçilərini H.Əliyev prospekti başlanğıcından aeroport yolu boyunca təmizlik işlərinə cəlb edirlər.

“Sual olunur ki, əgər bu yol “Azəravtoyol” ASC-yə məxsusdursa, icra hakimiyyətlərinı bu işlərə kim cəlb edir? Bəlkə deputat Musa Quliyev demək istəyib ki, həmin idarələrin işçilərinin yolu təmizləməyə məcbur deyillər, bu mənada haqlı ola bilər. Çünki həmin idarələrin yolu təmiz saxlamaq funksiyaları yoxdur. Ancaq sosial şəbəkələrdə, mediada və televiziyalarda qış vaxtı əllə qar təmizləyən yaşlı insanları dəfələrlə görmüşük, müsahibələrindən də məlum olur ki, onların çoxu rayonlardan gəlir”.

Onun sözlərinə görə, bu insanlar az pensiya aldıqları üçün belə işlərə məcburi gedirlər və onları küçə təmizliyinə cəlb etmək anormallıqdır.

“65 yaşı haqlamış insanlar ləyaqətli təqaüd almalıdırlar. Musa Quliyev ləyaqətli təqaüdün nə olduğu haqda hərtərfli məlumatlı olmalıdır. Çünki təmsil olunduğu komitə bu məsələlərlə bağlıdır. Bu işlərdə çalışan insnaların pensiyası ortalama 130-140 manatdır, sosial siyasətə cavabdeh qurumları və rəsmi şəxsləri Milli Məclisə öz komitələrinə dəvət edib dinləmə keçirmək əvəzinə belə təəssüfləndirici açıqlamalar verirlər”.

Martın 27-də saat 18:00 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/itj0yc

Ən çox baxılan