Yarım ildən artıq olmaz, Xaruki Murakaminin bir müsahibəsində oxumuşdum: “Mənim Yaponiyada və dünyada yazıçı dostum yoxdur. Yaponiyada ümumiyyətlə yazıçı adlanan heç bir kəslə oturub-durmuram. Ədəbi dəstələrdən də zəhləm gedir”.
Bizim kimi toplumlarda bunun adını “təkəbbür” qoyub, adamın üstündən xətt çəkərdilər. Murakaminin aid olduğu Uzaq Şərqdə isə bu etirafda qeyri-adi bir şey görülmədi. Onun yaradıcılığını bilənlər üçünsə bu sözlər adidən adi oldu. Hətta bir-birləri ilə intensiv kommunikasiya halında olan personajları da hər zaman tənha deyillərmi? Bir yapon klassikası. Məşhur ifadəni parafraz etsək, “Yapon ədəbiyyatında spesifika çoxdur, hətta demək olar ki, spesifika ədəbiyyatın özündən də çoxdur” deyimi alınar.
Klassika demişkən. Yapon proza ənənələrindən qopmadan, əksinə onlara dinamiklik və öz bənzərsiz texnikasını qatan Murakami, çağdaş ədəbiyyat tarixində öz haqlı yerində bərqərar olub və artıq klassika hesab oluna bilər. Murakami vurğunu deyiləm və onun adı TOP-umda yoxdur. Murakamini McDonald`s çizburgerləri və Paolo Koelyo kimi “ekspansiya” hesab edərək boykot edənlərlə bir sırada da deyiləm. Onu Koelyo ilə müqayisə etmək, böyük ədalətsizlikdir. Çox sadə, üzdə olan arqumentim var – Koelyo “0” texnikalı yazıçıdır. Murakaminin uğuruna isə ekspansiya, istila yox, bəşəri olanın haqlı şöhrəti demək daha doğru olardı. Yenə də bəyənib bəyənməmək hər kəsin öz işidir.
Əsər haqqında yazmaq zəif yerimdi, özümü bu işdə çox naşı sayıram. Qaldı ki, Murakami kimi yaradıcılığı ilə tanışlığımın natamam olduğu yazıçının əsərləri haqda yazmaq. Amma dastan açmayacam, oxuduğum bir romanına dair düşüncələrimi bölüşəcəm.
Düzü mən bilmirəm bu kitabın adının dilimizə doğru çevirisi nədir. Azərbaycanca adını eşitməmişəm. Hətta bir ara düşündüm ki, dilimizə tərcümə edilməməsi, haqqında danışılmaması adının qəlizliyindən olmalıdır. Arxayın olmasam da, özüm üçün “Qurulma quşun xronikaları” kimi çevirdiyim bu roman, 1994-1995-ci illərdə yazılıb, 1996-da isə işıq üzü görüb.
Sonradan oxudum ki, “Qurulma quşun xronikaları”na “ya nifrət etmək, ya sevmək olar”mış. Çox birmənalı imiş. Belə bir xof da yaradıblar ki, “Bu kitabla başlamaq yaxşı deyil, Murakami gözünüzdən düşə bilər”. Bilmirəm nəyə əsaslanıb belə gülməli nəticələr çıxarırlar. Roman heç də birmənalı deyil, Murakami də gözünüzdən düşməyəcək. Hətta yüksələcək. Çünki, müharibəyə dəxli olmadan müharibə haqqında yazılmış yeganə romandır. Bir də oxuyanda düşünürsən ki, “Yaponların Çində törətdikləri vəhşiliklərdən yazan Murakami, Yaponiyanın Əkrəm Əylislisi ola bilərmi?” Orda da Əkrəm bir deyil, iki deyil axı.
Muharibə hissələrinə görə yazıçını qınayanlar da var. Onlar, bu hissələri gərəksiz və yorucu fraqmentlər adlandırırlar. Murakaminin öz savaş retrospektivi ilə kontekstdən çox uzaqlaşdığını; fraqmentlərin, “vstavkalar”ın gərəksiz olduğunu deyirlər. Mənə isə əksinə, romandakı hər bir detal olduqca harmonik göründü. Ümumiyyətlə biz, “Xronikalar”da fərqli, özünü yeniləmiş Murakamini görürük. Vərdiş etdiyimiz ümumi personajlara bu romanda rast gəlinmir. Hətta burada o, cazdan da əl çəkib, klassik musiqiyə köklənib. Ekstrasensorika isə bir xətt kimi öz yerində qalır. Yoxsa Murakami, Murakami olmazdı.
Erkən Murakaminin “Qoyun ovu”, “Norveç meşəsi”, “Dens, dens, dens”-i daha çox müzakirə olunur. Daha yeni olan “Kafka sahildə” də tanınır. Çox güman ki, Rusiya bazarından asılılığımıza görədir. Bizim dünya ədəbiyyatını tərcümə prioritetlərimizi Rusiyada hər hansı kitabın çıxıb-çıxmamağı, uğur qazanıb-qazanmamağı müəyyən edir.
“Qurulma quşun xronikaları”nda pivə içən, üz qırxan, spagetti və qayğanaq bişirən, buterbrod hazırlayan, metroya minən qəhramanların taleyi müharibə ilə bağlıdır. Pişiyin itməyi, arvadın evdən getməyi, baxıcı-cadugər bacılar hara, Yapon-Rus müharibəsi hara? Çağdaş Yaponiyanın, çağdaş insanları müharibənin acılarını necə duyurlar, nələr hiss edirlər sualına cavabı, tərk edilmişliyin acısının ustalıqla işləndiyi bu romanda tapmaq olar. Müəllif zamanı, qəhramanları, hadisələrin reallığını öz kefi istədiyi kimi, istənilən an kəsir, dəyişir, amma oxucunu azdırmır, məqsədi çaşdırmaq deyil. Bir qədər səbr və sən artıq romanın axınına qapılmısan.
Bu yazını yazmağa məni vadar edən də, qapıldığım bu axında rast gəldiyim allüziyalardır. Bilmirəm müəllif monqollara yapon kəşfiyyatçısının dərisini diri-diri üzdürəndə hansı mifologemlərə, tarixə, praktikaya, dastanlara link verirdi, amma mənim gözümdə təbii olaraq Nəsimi canlandı. Murakaminin əzabkeşi mənə öz kültürümdən tanış çıxdı.
Nəsimi canlanınca sufilik, tənhalıq, hücrə, inziva… derkən, müəllifin doğrudan da (ekstrasensor gücə malik) qəhramanlarını quyuya (hücrəyə?) inzivaya göndərməklə tərbiyə etdiyini gördüm. Artıq bu andan etibarən, qəhramanların quyuda keçirdikləri həyacanlar, özünəməxsus zikrləri, topladıqları ekstrasensor güc romanın ana temasına çevrilir. Süjetin mərkəzində quyunu, yeraltı aləmi, hətta eynilə yoxa çıxan nərdivanı Kobo Abenin “Qumluqdakı qadın” fantastik tragediyasında da görürük. Lakin “Qurulan quşun xronikalar”ı öldürücü pessimizmi olan drama deyil. Roman, “qəlb gözü açıq” insanların tragikomik taleyindən bəhs edir. Bu romanda paranormal hadisələr janrın tələbi deyil, paralel və çox real həyatın, məişətin çox inandırıcı təsviridir. Çünki, bu həyatda olmayacaq heç nə yoxdur. Mesaj məncə budur.
Murakaminin müharibəsi, çağdaş ədəbiyyatın müharibə mövzusuna necə yanaşdığını görmək, anlamaq baxımından xarakteristikdir. Oxuyarkən, zehninizdə oyana biləcək əsərlərdən biri, Salman Rüşdinin “Gecəyarısı uşaqları” da ola bilər. Müharibə və param-parça olmuş talelər, ümidlər Rüşdinin də paranormal qəhramanlarına yaxşı tanışdır. Amma Murakaminin “Xronikalar”ı “bu dərəcədə” mistik deyil. Bu mənada “Gecəyarısı uşaqlar”ı daha çox Markes cizgisindədir.
Zənnimcə, roman yazıldığı dövrdə, Murakaminin eyni frekanslarda dayandığı yazıçı, hamımıza yaxından tanış olan Viktor Pelevin və onun “Çapayev və Boşluq”udur (Çapayev i Pustota). Bəli, Pelevin daha psixodelik təsir bağışlayır, hətta o, iddia edir ki, “Çapayev və Boşluq” dünyada yeganə romandır ki, hadisələr mütləq boşluqda cərayan edir”. İddiasına bir etirazım yoxdur, amma inanın ki, “Xronikalar”ı oxuduqca “Çapayev və Boşluq”un çox güclü, dəhşətli bir təsirlənmə ilə yazıldığına əmin olurdum. Dediyim kimi, “Qurulma quşun xronikalar”ı 1995-də yazılıb, 1996-da isə ilk dəfə nəşr edilib. “Çapayev və Boşluq”un da ilk dəfə çap olunduğu il 1996-dır. Nəzəriyyəm alt-üst oldu, amma biri rus, biri yapon – iki yazıçının eyni zaman kəsiyində, təxminən eyni rakursdan hadisələrə baxmağına metafizik olmayan bir açıqlama gətirilə bilərmi?
Hər şey bir kənara, axı Pelevin yaponların xarakiri ənənəsini də “Çapayev və Boşluq”un grotesk-ində açmağa cəhd edir. Pis də alınmır. Pelevinin dəlixanda yatan dəlilərindən biri rəmzi olaraq Şərqlə evlənir, özü də yaponla. Yapon da deyir ki, əvvəl mənim başımı üzməlisən, sonra özün xarakiri etməlisən. Yox, əgər mənim başımı kəsməyə ürəyin gəlmirsə, onda mən sənin başını kəsim, sonra xarakiri eləyim. İkimiz də bu gün ölməliyik.
Təəccüblü də olsa, Pelevinin müharibəsi daha bitkin görünür. Zaman-zaman “Qurulma quşun xronikaları”ndakı kimi calaq təsiri bağışlamır. “Calaq” deyəndə, mən Murakaminin müharibəsini “zəif” saymıram, əksinə mükəmmələ yaxın hesab edirəm. Bir müharibə ancaq bu qədər “gözəl” təsvir oluna bilər. Mancuriyada bir heyvanxanada vəhşi heyvanların güllələnməsi səhnəsini yazmağa Pelevinin, mənə elə gəlir, dühası yetməzdi.
Tarantino İkinci Dünya müharibəsinin ən şıdırğı yerində Brad Pitt-in əlinə beysbol bitasını verir ki, alman zabitlərinin başını dağıt. “Inglourious Basterds”dakı iyrənc qəddarlıqlar, çoxumuzun ürəyini bulandırmışdır. Fəqət, beysbol bitasını elə bilirsiniz müharibəyə ilk dəfə Tarantino gətirib?
“Qurulma quşun xronikaları”nda yapon əsgərlər hərbi məktəbin çinli kursantını, başına bita ilə vuraraq öldürürlər.
Başlığa gəlincə. İstənilən halda Murakami hər yerdə, o cümlədən də sahildə, çimərlikdə oxunacaq qədər rahat yazıçıdır.