Müqəddəs, yoxsa günahkar?

Bir daha müəllimlər haqda

Source:

Bu yazımı Almaniyada təhsil alan bir dostumun təhsil aldığı universitetin müəllimləri haqqında yazısını oxuyandan sonra yazdım. Dünyanın bir çox yerindən fərqli olaraq bizdə müəllimlik tamamilə fərqli formalaşıb, bu baxımdan onlara verilən qiymət də fərqlidir. Məsələn, yaşadığımız ölkədə insanlar müəllimlik peşəsini müqəddəs bilirlər amma müqəddəs sayılan bu peşə sahiblərinin çoxunun əməlləri ortaya çıxanda müqəddəslik tamamilə yaddan çıxır.

Çox heyf ki, biz bəzən müqəddəs sayılan bu peşə sahiblərinin atdığı bir çox addımı görməzdən gəlirik, çünki artıq beyinlərdə onların hər birini müdafiə edəcək müqəddəslik qalası yaranıb. Bu ad altında insanlar müəllimlik peşəsini gözdən salacaq iyrənc addımlar atırlar. İndi ki, vəziyyət belə gətirib, gərək birinci insanlara aşılayaq ki, biz bu peşə sahiblərinin günahları olanda gizlətməli və susmalı deyilik.

Yazıda oxuduqlarım yəqin ki, çoxlarınızın eşitdiyi, bildiyi həqiqətlərdi. Bu həqiqətləri yazıda olduğu kimi yenidən yazmaq istəmirəm. Qısa deyə bilərəm ki, bu həqiqətlər tələbələrin və müəllimlərin sərbəstliyindən, qarşılıqlı hörmətindən ibarətdi. Ən əsası, təhsilolacığında var olmaqlarının əsl səbəbi olan öyrənmək və öyrətmək məqsədinin əsas prinsip olmasıdır.

Mən bu dəyərlərin Azərbaycanda olmasını hələki gözləmirəm ona görə bunları ciddi-ciddi tələb etmək fikrində deyiləm.

Bizim hələ həll olunacaq çox problemlərimiz var…

Bir dəfə toy məclislərinin birində qəfil aləm dəydi bir-birinə, sonra araya sakitlik düşdü. Hamı bir-birinə baxırdı, hamı həyacanla nəsə gözləyirdi. Çox keçmədi tamada həyacanlı şəkildə, uzun-uzun təriflər söyləyərək hansısa bir universitetin vəzifəli müəllimini çıxış etmək üçün səhnəyə dəvət etdi. İnanın, çoxları özünü itirib ayağa qalxıb alqışladı, çox qəribə mənzərə idi. Hiss olunurdu ki, o insanların çoxu həmin universitetdə oxuyan tələbələrin valideyinləridir. Gözlərində bir yazıqlıq, bir yalvarış var idi. Çıxış haqqında heç nə demək istəmirəm, bu həqiqətən əsəbdir, orada yaşadığım əsəbi bir də bura yazanda keçirmək məqsədim yoxdur. Bilmək istəyirsinizsə telekanallarımızda hər gün evlilik haqqında danışan “ziyalı”ları və s dinləyin, aydın olacaq.

Sonradan maraqlandım, demə həmin insanın bu qədər sevilməyinə bir çox səbəb varmış. Qohum-əqrəbənin, qonşuların, tanışların uşaqlarının universitetdə rüşvət verərək rahatlıqla təhsil almaqdan başqa hər şey edə bilməsi, başqaları verdiyi rüşvətdən hörmət əlaməti olaraq az rüşvət verməkləri, onların uşaqlarının istəyəndə rahat şəkildə universitetin bütün qanunlarını pozması, bir çoxlarının uşaqlarının ümumiyyətlə imtahan verə bilməsə də artıq o universitetdə tələbə olması, sonra diplom alması və s bu kimi “yaxşılıq”lar.

Bir sözlə, böyük bir tələbə ordusunu məhv etməsi, böyük bir valideyin ordusu tərəfindən sevilməsinə səbəb olub.

Azərbaycanda müəllimlərin rüşvət alması, bir çoxunun savadsız olması, seçki saxtakarlaşdırılmasında birbaşa iştirak etməsi kimi böyük problemləri var ki, bunun qarşısını ala bilməməyimizə səbəb elə müəllimlik peşəsini müqəddəs hesab etməyimizdi. Bu müqəddəslik həm səmimi qəbul edilib, həm də yalnız dildədir, yəni insanlar sadəcə lazım gələndə bu sözü açar kimi istifadə edir. Ona görə də heç kim onlara qarşı olan bu mövzuları ciddiyə almır, ikinci tərəfi isə dərinə getsək müəllimin nə etməsi ümumiyyətlə onlara maraqlı deyil.

Övladının gələcəyini yaxşı təhsil almaqda yox, yaxşı pul qazanmaqda görən, bunun arzusu ilə ömür yaşayan valideyinə maraqlı deyil ki, bağçaya gedən üç yaşlı uşağına tərbiyə verən müəllim oradan kartof oğurlayır, bir sözlə kartof oğrusudur. Hansı ki, ən ciddi və ilk addım bağçadır. Uşaqlığım yadıma düşür, bəzən valideyinlər dərsin ortasında sinifə girib müəllimə deyirdi ki, mənim övladımı nə qədər istəsən, döymək haqqın var. Özü də elə döy ki, ağlı başından çıxsın. Cavab qaytarmasın, çox danışmasın, əmrə tabe olsun, lazım gəlsə nəfəs də almasın.

Valideyinlər uşağının təhsil almasını yox, sadəcə susmasını tələb edirdi. Ona görə də, hər gün ölkədə doxsan faiz şagird müəllim təzyiqinə məruz qalır. Müəllimlər bu vəziyyətdən razı idilər və valideyin deməsə də, bunları etməyi özləri üçün borc bilirdilər.

Bu problemlər çoxdur, hamısını da əzbər bilirsiniz, dərk edirsiniz, anlayırsınız amma qarşı çıxmırsınız çünki o “müqəddəs” insanlar özlərini elə inandırıblar. Bu müqəddəslik mövzusu da öz növbəsində qəliz məsələsidir. Cəmiyyət üçün müəllimlər lazım gələndə müqəddəs, lazım gələndə lazımsız bir varlığa çevrilir.

Gördüyüm müəllimlərin peşəsindən əlavə, vacib bildiyi və daim gördüyü işlər haqqında deyim- Tələbəni aşağılamaq və bunun bir qanun olduğunu qəbul elətdirmək, tələbəni qorxu altında saxlamaq, tələbəyə insan, vətəndaş kimi yox, əşya kimi yanaşmaq, tələbəyə hər hansı mövzuda fikrinin vacib olmadığını, ümumiyyətlə fikir söyləyə bilməməyini inandırmaq, tələbənin istənilən mövzuda səhv olduğunu qəbul etdirmək. Məsələn, bu elə bir şeydir ki, sözün əsl mənasında müəllim desə ki, qatığın rəngi qaradı, sən onunla razılaşmalısan.

Əlavə olaraq yenə özlərindən qanunlar uydurmaqları olur ki, bu artıq birbaşa onların eqolarının pik nöqtəsinə xidmət edir. İçində ən gülməlisi “saqqız çeynəmək” məsələsidir. Mən müəllim tanıyıram ki, bu məsələ ilə bağlı illərlə qeydlər aparıb, həmin qeydləri bir yerə yığsaq, üç-dörd kitab eləməkolar. Bununla bərabər digər qanunları da var.

Məsələn, tələbə aca bilməz, tualetə gedə bilməz, susaya bilməz, başağrısı , qarınağrısı ola bilməz, səsi ümumiyyətlə çıxmamalıdır, qaşına bilməz. Bir dəfə sinif otağında düz başıma su damırdı. Müəllim elə danışdı ki, sanki o olan otaqda başıma su dama bilməz. Hətta bina başımıza uçsa da, yenə mən yerimdə sakit durmalıyam.

Hələ eyni zamanda ölkəmizdə bu peşənin əsl sahibi olan insanların gördükləri iş qarşılığında maaş ala bilməməsi, onların ən lazımsız peşə sahiblərindən belə az pul qazanması da müəllimliklə bağlı olan problemlərdən sayılır.

Əminəm ki, bu ölkədə hər gün milyonlarla gənc, adı müəllim olan, əslində bu peşəyə aid heç bir iş görməyən insanlardan zərbə alıb. Çox heyf ki, Azərbaycanda bu zərbələrdən zövq almaq kimi bir ənənə formalaşıb.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMüqəddəs, yoxsa günahkar?