“Müharibə tezliklə dayanmayacaq”



Moskva Yerevana kömək edəcəkmi?

Qondarma “Dağlıq Qarabağ Respublikası” və Azərbaycanın sərhədində beşinci gündür ki, fasiləsiz döyüşlər gedir. Döyüşlər bazar günü Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları Qarabağın ön mövqesini qoruyan Ermənistanın “Osa” zenit-raket kompleksinə zərbə endirməsi ilə başlayıb. Bakıda bunu Dağlıq Qarabağ tərəfdən açılan atəşə cavab kimi qiymətləndiriblər. Bir həftədən də az müddətdə həm Azərbaycan ordusu, həm də Ermənistanla Dağlıq Qarabağın silahlı qüvvələri əhəmiyyətli itki verib: hər iki tərəfdən 100-dən artıq döyüşçü həlak olub. Sərhədə yaxın şəhər və kəndlərin onlarla dinc sakini zərər çəkib.

Münaqişənin hər iki tərəfi rəqibin texnikası və əsgərlərinin məhv olunmasını əks etdirən çoxlu sayda video yayır. Amma hətta bu fonda belə Azərbaycanın tətbiq etdiyi “Bayraktar-2” türk döyüş dronlarının və İsrail “dron-kamikadze”lərinin videoyazısı seçilir. Bəzi məlumatlara görə, onlar bölgədə erməni HHM sisteminin 80%-ni məhv edə bilib.

Azərbaycanın mübahisəli ərazilərinin özünə qaytarmaq cəhdində onu aşkar dəstəkləyən Türkiyədən fərqli olaraq, Ermənistanın formal müttəfiqi sayılan və bu ölkədə hərbi bazası olan Rusiya hələ ki münaqişəyə müdaxilə etməyə tələsmir və atəşin dayandırılması çağırışları ilə kifayətlənir. Eyni zamanda Britaniya KİV-i Türkiyənin Azərbaycana suriyalı muzdluları gətirməsi, Rusiya KİV-i isə “Vaqner özəl hərbi kompaniya”sının döyüşçülərinin Ermənistan və Dağlıq Qarabağ ordusu tərəfdə döyüşməyə hazır olması barədə yazır.

Üstəlik “vaqnerçilər”in mənbəyindən Azadlıq Radiosuna məlum olduğu kimi, onlar artıq Qarabağdadırlar və hərbi əməliyyatlarda iştirak edirlər. O cümlədən söhbət tank əleyhinə idarə olunan raketlərdən gedir. Guya onlar qısa müddət ərzində bu bölgəyə göndərilmək üçün səfərbər edilib. Azadlıq Radiosunun mənbəsinin dəqiqləşdirdiyi kimi, “Vaqner ÖHK”nin ilk döyüşçüləri Dağlıq Qarabağa hələ bir ay əvvəl gəliblər. Bu məlumatın hələ ki rəsmi təsdiqi yoxdur, lakin Qarabağda artıq əvvəllər “vaqnerlilər”i Suriyada müşayiət etmiş rusiyalı jurnalistlər aktiv fəaliyyət göstərir. Sentyabrın 26-da, o cümlədən Ermənistanda keçən “Kavkaz-2020” hərbi təlimlərinin sonuncu günündə Müdafiə Nazirliyinin An-124-100 hərbi nəqliyyatı Yerevana enib. Versiyalardan birinə görə, o, Ermənistana “Top M-2” və “Pansir-C2” “yer-hava” raket sistemlərini çatdıra bilər. Maraqlıdır ki, bu təyyarə Ermənistana Molkinodakı “Vaqnerin ÖHK” bazasından cəmi 300 km aralıda yerləşən Rostov-na-Donudan uçub. Adı çəkilən kampaniyanın muzdluları dəfələrlə burdan xaricə göndərilib.

Muzdlular Qarabağ münaqişəsində mühüm rol oynaya bilərlərmi? Rusiya niyə rəsmi olaraq baş verənlərə fəal şəkildə müdaxilə etmir? Azərbaycan və Ermənistan bu münaqişədə qarşılarına hansı məqsəd qoyur və məqsədlərinə çatmaları üçün nə qədər şansları var? Ermənistan ordusu müasir türk dronlarına qarşı nə qoya bilər?

Azadlıq Radiosu

Ukraynanın “

censor.net

” saytının baş redaktoru Yuri Butusovdan bu və digər suallara cavab verməsini xahiş edib.


– Bu münaqişənin yeni aktiv fazası artıq beşinci gündür ki, davam edir. Hazırda qalib kimdir? Ümumiyyətlə, sualı bu cür qoymaq olarmı?

– Sentyabrın 27-dən başlayaraq indiyədək üstünlük, sözsüz ki, Azərbaycan tərəfdədir. Belə ki, o, fəal şəkildə hücuma keçir. Biz bu hücumların nəticəsini hələ tam həcmi ilə görə bilmirik, amma başa düşürük ki, obyektiv nəzarətin məlumatlarına görə, Azərbaycan ordusu təşəbbüs üstünlüyünü reallaşdırır. İndi nə baş verdiyini biz hər hansı bir operativ fasilə baş verdikdə görəcəyik, çünki hər iki tərəf döyüş əməliyyatları zonasından istənilən informasiyaya sərt şəkildə nəzarət edir. Əks-təqdirdə həmin informasiyalar döyüş bölgəsində dəqiq konturu, dəqiq şəraiti cızmağa imkan yaradardı. Azərbaycanın hərbi əməliyyatlarının məqsədi güc hesabına ərazinin mümkün qədər böyuk bir hissəsini geri qaytarmaqdır. Əsas zərbə cənuba, Ermənistan ordusunun 1994-cü ildən nəzarət etdiyi “bufer zonası”na endirilir. Əsas döyüşlər orda gedir. Hər iki tərəf hərbi qüvvələri bu rayonda cəmləşdirdiyindən, döyüşlərin dəqiq nəticəsi məlum deyil. Odur ki, hərbi əməliyyatların nə vaxt dayandırılacağı və vəziyyətin nə zaman nəzarətə alınacağı hələ ki məlum deyil. Kimin zəfər çaldığını, kiminsə məğlubiyyətə uğradığını təkcə tammiqyaslı hərbi əməliyyatların aktiv fazası bitdikdən sonra demək olacaq. Hazırda onları nəyin dayandıra biləcəyi məlum deyil.


– Ermənistan ordusu və qondarma Dağlıq Qarabağ ordusunun maddi-texniki təchizatını Azərbaycan ordusu ilə müqayisə etsək görərik ki, üstünlük Azərbaycan tərəfdədir. Ermənistan və Dağlıq Qarabağ bu vəziyyətdə Azərbaycan qüvvələrinə qarşı nə qoya bilər, onların tərəfində hansı üstünlük var?

– Ermənistan artıq uzun illərdir ki, şəxsi tərkibinin daha yüksək motivasiyası, hər şeydən öncə, qoşunlarının açarı sayılan piyadalarının daha yüksək səviyyədə hazırlığı hesabına üstün vəziyyətdədir. Hazırda baş verən hərbi əməliyyatlar da bu mənada istisna təşkil etmir. Odur ki, indi cəbhəni ayaqda saxlayan, müqavimət göstərən erməni piyada hərbi qruplarıdır. Fədakarlığa amadəlik, rəqibin texniki cəhətdən tamamilə üstün olması şəraitində hərəkətə keçmək hazırlığı Ermənistanın Qarabağda döyüşlərə davam etmələrinin əsas səbəbidir. Hər şey şəxsi insani keyfiyyətlərdən irəli gəlir, hər şey indi xarakter və qan hesabına baş verir.


Dağlıq Qarabağda döyüşlər. Ermənistan ordusunun mövqeyi:


– Azərbaycan tərəfinin və Türkiyə KİV-nin hər gün yayınladığı videolara baxsaq, zərbə dronları az qala bütün erməni və Qarabağ HHM sistemini, artilleriyanı, içində şəxsi heyəti olan onlarla yük maşınını məhv edib. Dronlar gerçəkdən bu münaqişədə həlledici amildir?

– Şəksiz. Burda bir neçə amil mühüm rol oynayır. Birincisi, genişmiqyaslı radioelektron kəşfiyyatıdır. Yəqin ki Türkiyə münaqişədə genişmiqyaslı iştirak etdiyindən, onların əlində kosmik kəşfiyyatın məlumatları var, onlar, görünür, cəbhə xəttinə kosmosdan nəzarət edirlər, onlarda Azərbaycanın ala bildiyi operativ məlumatlar var, odur ki, onlar dronları hara yönləndirəcəklərini bilirlər. Onlar dronları kütləvi şəkildə tətbiq edirlər. Yəqin ki, bunlar Türkiyədən, İzraildən gətirilən qurğulardır. Dronlardan böyük miqdarda istifadə olunur. Və onlar radioelektron mübarizənin vasitələri ilə təmin olunublar. Radiotexniki kəşfiyyat və radioelektron mübarizə vasitələri Azərbaycana bir zərbə ilə mahiyyət etibarı ilə qoşunların ön mövqelərinin qoruyan HHM qoşunlarını məhv edə bilib.

Hazırda biz görürük ki, Ermənistan Stepanakerti (Xankəndi), yəni arxa cəbhəni dron hücumlarından qorumağa çalışır, lakin cəbhəni əks etdirən videolardan belə görünür ki, ermənilərin sadəcə olaraq bir çox ön mövqesində hava hücumundan müdafiəsi yoxdur. Dronlar özünü tamamilə cəzasız hiss edir və zərbələri heç bir maneəyə rast gəlmədən endirir. Bununla belə, qeyd etmək istəyirəm ki, videodan görünən itki səviyyəsi, sözsüz ki, çox ağır və ciddi itkilərdir, lakin rəqibin texniki üstünlüyü şəraitində döyüşməyə öyrəşmiş motivasiyalı erməni ordusu üçün kritik deyil. Onlar hətta bu itkilərə belə müqavimət göstərəcəklər, belə ki, piyadalar bu zərbələrə o qədər həssas deyil. Biz erməni videolarından görürük ki, cəbhənin bütöv bir sırasında hətta bu dronlara rəğmən onlar öz tapşırıqlarını yerinə yetirməyə, möqelərini saxlamağa davam edir.


Azərbaycanın Müdafiə Nazirliyinin dərc etdiyi bir videoda Türkiyə istehsalı olan “Bayraktar-2” dronunun erməni artilleriyasına zərbə endirildiyi göstərilir. 33-cü saniyədə kadra nisbətən aşağıda uçan, Azərbaycan ordusuna məxsus, “Aeronauties Defense Systems” İsrail şirkətinin istehsalı olan daha bir pilotsuz uçuş aparatı düşür:


– Tez-tez deyirlər ki, erməni tərəfdə ərazinin relyefi, əvvəllər Ermənistan ordusunun tutduğu yüksəkliklər onların xeyrinədir. Bu faktor nə dərəcədə əhəmiyyətlidir?

– Şübhəsiz ki, əgər sən onu düzgün tətbiq edə bilirsənsə, ərazi relyefi böyük əhəmiyyət kəsb edir. Amma o, sözsüz ki, panaseya deyil. Relyef mühümdür, lakin dronların kütləvi şəkildə tətbiqini, əsas zərbənin cənub istiqamətində endirildiyini, – ora isə o qədər də dağlıq deyil, – videodan da göründüyü kimi, dronların indi artilleriya mövqelərinə zərbə vurduğunu nəzərə alsaq, bu şəraitdə relyef “qala” rolunu oynamır. Burda atəş dəstəyi, ehtiyat qüvvələr, yaxşı hərbi sığınacaqlar zəruridir. Relyef özlüyündə üstünlük versə də, əgər rəqib kompleks şəkildə hərəkət edirsə, artilleriya, kəşfiyyat tətbiq edirsə, bu üstünlük həlledici deyil. Gördüyümüz kimi, Azərbaycan hələ hər hansı bir ərazini ələ keçirə bilməyib, amma sözsüz ki, əsas zərbə cənub istiqamətində endirilir və orda Ermənistan ordusunun vəziyyəti kifayət qədər gərgindir.


– Sizdə elə bir təəssürat var ki, Azərbaycan hardasa bliskriq planlaşdırıb, lakin onu həyata keçirə bilməyib?

– Zənnimcə, bliskriq gözlənilib, yəqin ki belə bir plan olub. Amma hesab edirəm ki, hər iki tərəf nə özünün, nə də rəqibin qüvvələrini hesaba ala bilməyib. Onsuz da piyadalar qoşunların açar qüvvəsidir, Azərbaycansa piyadaların əhəmiyyətini lazımi qədər qiymətləndirmir: biz görürük ki, azərbaycanlı hərbi xidmətçilərin böyük bir hissəsi texnikaya bağlıdır. Biz piyadaların məhdud şəkildə tətbiqini görürük, əsas etibarı ilə texnikadan istifadə olunur.

Dağlarda, ümumiyyətlə, müasir müharibədə bu, panaseya ola bilməz. Ordu tarazlaşdırılmış olmalıdır, odur ki, piyada da texnika qədər mühümdür. Piyada ordunun əsas hissəsidir. O, texnikaya tabe ola bilməz. Əksinə, texnika piyadaların hərəkətə keçməsini təmin etmək üçün mövcuddur. Zənnimcə, gerçəkdən də, bliskriq planlaşdırılıb, əməliyyatların məhz geniş məqsədlərlə aparılması nəzərdə tutulub, lakin Azərbaycan ermənilərin piyadalarının, Ermənistanın quru qoşunlarının yenilməzliyini lazımınca qiymətləndirə bilməyib. Şəksiz ki, rəqibin havada aşkar üstünlüyü şəraitində hərəkət etmək üçün böyük cəsarət sahibi olmaq lazımdır. İndi ermənilərin öz mövqelərini “xarakter”ləri hesabına saxladıqlarını görürük. Hansının – dronların, ya da xarakterin, sonadək dayanmağın daha tez bitəcəyini zaman göstərəcək.


Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan qüvvələrinə zərbəni yayınlayan videosu:


– Türkiyənin Azərbaycana dəstək məqsədi ilə Suriyadan muzdlu gətirməsi barədə çoxlu şayiələr və təsdiq olunmamış məlumatlar mövcuddur. Həmçinin Qarabağa rusiyalı muzdluların gətirildiyi haqda şayiələr də var. Bəlkə məhz onlara piyadaları əvəz etmək rolu hazırlanıb, yəni hansısa anda onlar işə qoşulacaq və bu, artıq ordu piyadaları deyil, muzdlular olacaq?

– İnanmıram ki, onlar həlledici rol oynayacq. Bu, artıq öz strukturu, idarəetmə sistemi olan iki ordunun müharibəsidir, burada hansısa insan kütləsi nəyisə dəyişə bilməz. Bu könüllülər kimisə nə vaxtsa gücləndirə bilər, ancaq onlar müstəqil rol oynamayacaq. Xüsusilə də Ermənistan və Azərbaycan çoxdanın rəqibləridir, yetərincə döyüş təcrübəsinə malikdirlər, döyüş əməliyyatları teatrına gələn və şəraiti pis bilən yeni adamlar hansısa dəyişikliyə səbəb ola bilməz. Bundan əlavə, onlara silah, idarəetmə sistemi lazımdır, bu isə asan iş deyil. Orada şərait mürəkkəbdir. Biz görürük ki, Azərbaycan ordusu bütün dronlara, texnikada üstünlüyünə baxmayaraq, ciddi itkilər verir. Ola bilsin, texnikada itkilər azdır, ancaq itkiləri böyükdür. Ona görə də öndə, dağlarda yerləşən adamların sayının artırılması həll yolu deyil, onlardan savadsız istifadə hədəflərin sayını sadəcə artıracaq. Odur ki, fikrimcə, muzdluların, könüllülərin gəlməsi həlledici rol oynamayacaq. Yeni adamların gəlməsi daha çox ictimai rəyin səfərbər olunması, volontyorların cəlb edilməsidir ki, bu, xüsusilə ermənilər üçün vacibdir və diasporanın maddi yardımıdır. Azərbaycan üçün də bu yalnız mənəvi faktordur, çünki Azərbaycan ordusu döyüş sahəsində üstündür, təşəbbüsü ələ alıb, Türkiyənin nizami ordusunun yardımına malikdir, bu isə çox ciddi resursdur. Görürük ki, Türkiyə Azərbaycana fəal yardım edir. Düşünürəm ki, hələ iyulda Azərbaycana gətirilmiş “Bayraktar” dronları məhz türk hesablamaları ilə idarə olunur. Azərbaycan bu qısa müddətdə çətin ki onları idarə etmək üçün heyət tapa, yaxud təlim keçə bilərdi. Könüllülər və ya muzdlular müharibənin aktiv fazasında həlledici rol oynamayacaq. Ancaq irimiqyaslı hərbi əməliyyatlar bir-iki ay uzansa, hansısa motivasiyalı adamların axınına döyüşən hər iki tərəfin kəskin tələbatı yaranacaq.


– Azərbaycanın arxasında Türkiyə dayanır, bəs Ermənistana onun formal müttəfiqi Rusiya kömək edə bilərmi?

– Rusiya Ermənistana kömək etməli idi, belə ki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Məlum olduğu kimi, Rusiya bu təşkilatın lideridir. Rusiyanın Ermənistanın ərazisində hərbi bazası var. Rusiyanın Ermənistanla xüsusi münasibətləri, silahla təmin etmə kreditləri var. Bununla belə, biz görürük ki, Rusiya son zamanlar Putinin çoxsaylı avantüraları nəticəsində, ölkəni Ukranya, Suriya, Afrika ilə müharibəyə cəlb etmək, sanksiyalar, müxtəlif münaqişələr, zəhərləmələr nəticəsində – bütün bu qarmaqarışıq siyasət nəticəsində o qədər zəifləyib ki, hazırkı müharibə mahiyyət etibarı ilə göstərir: Qafqazda regional lider Rusiya deyil, Türkiyədir. Rusiya hər hansı bir fəal hərəkətdən, hətta bununla bağlı bəyanat verməkdən, yəni öz mövqeyini bildirməkdən qorxur.

fd5767c9-fd26-44fa-b120-d4df266f7ac8.jpg
Tərtər rayonu sentyabr 2020-ci il

Rusiya bütün dünya ilə münaqişədədir. Ölkə o qədər problemli məsələlərin içində itib batıb ki, nüfuzunu, təsirini itirib. Rusiya indi real olaraq Türkiyədən qorxur, çünki onunla istənilən qarşıdurma forması Putinin Suriya avantürasının kifayət qədər tez bir zaman kəsiyində aradan qaldırılması demək olacaq. Putin Suriyada ona zərrə qədər də lazım olmayan avantüraya baş qoşub və indi şübhəsiz ki, Türkiyənin əlində Moskvaya təsir etmək üçün rahat rıçaq var. Ərdoğan Rusiyanın bu avantürasını girov götürməklə ona Qafqazda yeni oyun qaydalarını cəzasız və qətiyyətlə diktə edə bilər. Odur ki, Rusiyanın müdaxilə etməyəcəyini düşünürəm. Zənnimcə, Türkiyə də öz ərazisindən birbaşa hərbi müdaxiləyə yol verməyəcək, lakin Azərbaycana tam dəstək olacaq və ümumilikdə beynəlxalq hüquqi nöqteyi-nəzərdən bu vəziyyətdən yararlanacaq. Beynəlxalq hüququn nöqteyi-nəzərindən Azərbaycanın “bufer zonası”nı azad etməsi tamamilə nöqsansız tarixdir. Odur ki, Əliyevlə Ərdoğan ondan tam istifadə edirlər. Düşünürəm ki, onlar bu məsələdə irəli gedəcəklər (1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağı işğal olunmuş“bufer zonası”elan edib – AR-nun qeydi).


– Sizin şəxsi proqnozunuz: Qarabağ münaqişəsi bu dəfə necə bitəcək? Sizdə belə bir təəssürat varmı ki, Azərbaycan bu dəfə geri boş əllərlə dönməməyə qərarlıdır?

– 1994-cü ildə bu tərəfə Dağlıq Qarabağda vəziyyət kifayət qədər stabil olub. 2016-cı ilədək belə davam edib. 2016-cı ildə lokal hərbi əməliyyat ssenarisi işlənib hazırlanıb və həmin ildən bəri siyasi vəziyyət dəyişməyib. Gərginlik bir az da artıb. İyulda baş vermiş “Tavuş döyüşləri” bunu göstərib. İndi Azərbaycan xarici siyasətdə dəyişilmiş vəziyyətdən istifadə edərək, hər şeyə rəğmən, güc faktorlarından istifadə etmək qərarına gəlib. Çünki o, diplomatik alətlərin təsirsiz olduğunu bilir. O, harda dayanacaq? Mən indi beynəlxalq təzyiqin onları dayandıracaq faktorlarını görmürəm. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan tamamilə Türkiyənin dəstəyinə arxalanır.

thumbs_b_c_c436dabbd9bba93979f73f1d51bbd7a0.jpg
Ərdoğan və Əliyev

Zənnimcə, diplomatik danışıqlar gedir, NATO ilə Türkiyə çərçivəsində danışıqlar gedir və mən düşünürəm ki, əgər müharibə dayanacaqsa, bu, tezliklə baş verməyəcək. Hərbi əməliyyatların tezliklə dayandırılması üçün zəminlər yoxdur. Əgər ermənilər başları üzərində daima dolaşan pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün yetərli sayda HHM tapmasalar, Azərbaycan müharibəni davam edəcək. Hərbi nöqteyi-nəzərdən ona əməliyyatları davam etdirmək sərfəlidir, çünki nəticədə erməni tərəfi texnikada böyük itkilər verir və təchizat vasitələrinin sıradan çıxarılıması döyüş qabiliyyətinin aşağı düşməsinə və müdafiə əməliyyatlarının kəskin çətinləşməsinə səbəb olur. Cənubda, tankların daha çox istifadə olunduğu Füzuli istiqamətində bu çox böyük əhəmiyyət kəsb edir. Fikrimcə, Azərbaycan cənub istiqamətində, bufer zonasında böyük ərazi üstünlüyü əldə etməyincə, əməliyyatları dayandırmayacaq. İnformasiya – psixoloji müharibə nöqteyi-nəzərindən onlara hər hansı iri yaşayış məntəqəsini əldə etmək vacibdir. Onlar məqsədyönlü şəkildə Füzuli istiqamətində hərəkət edirlər. Onlar üçün bu əməliyyatın əsas məqsədlərindən biri iri yaşayış məntəqəsini (hazırda bu, “bufer zona”dakı dağıdılmış və tərk edilmiş Füzulidir – AR-nun qeydi) ələ keçirməkdir. Nə qədər ki, bu məqsəd yerinə yetirilməyib və ya ermənilər havada cavab vermək imkanı əldə etməyib, əməliyyat davam etdiriləcək.

Ana səhifəVideo“Müharibə tezliklə dayanmayacaq”