Müharibə iştirakçısı əlillik ala bilmədiyini deyir

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

TSEK vətəndaşla əlaqə saxlayacağını bildirib

“İkinci Qarabağ müharibəsində yaralansam da, mənə əlillik dərəcəsi verilmir. Dəfələrlə müraciət etməyimə baxmayaraq imtina cavabı gəlir”.

Bunu Meydan TV-yə müharibə iştirakçısı, Azər Aydın oğlu Köklərov deyib.

Onun sözlərinə görə, müharibənin ilk günündən cəbhədə olub, MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət göstərib:

“Sentyabrın 27-də müharibəyə getdim. Oktyabrda Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralandım. Xeyli müddət hospitalda yatdım. Daha sonra isə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən keçirilmiş müayinə zamanı hərbiyə yararsız olduğum üçün ehtiyata buraxıldım. Mənə bildirildi ki, xəstəsən, ordu sıralarına yaramırsan”.

“Əlillik almaq istədim, lazım olan sənədləri topladım, düz üç dəfə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndərdim. Hər dəfə də göndərişimə imtina cavabı gəldi. Bildirilirdi ki, sənə əlillik düşmür”, – deyə o bildirib.

Keçmiş döyüşçü maddi vəziyyətinin yaxşı olmadığını, səhhəti ilə əlaqədar ciddi problemlər yaşadığını deyib:

“Müdafiə Nazirliyi deyir ki, sağlamlığın işləmək üçün bəs etmir. Tibbi-Sosial Ekspert Komissiyası da (TSEK) deyir ki, xəstəliyin əlillik dərəcəsi almağa yaramır. Bəs yaxşı, məni niyə işdən çıxarmısan? İşdən çıxarmısan, 80 manat vermisən, demisən ki, al, bəsindir. Mən 1100 manat maaş alırdım. Gedib, maaşımı alıb işləyərdim də”.

Şikayətçi bildirib ki, iş qabiliyyətini tam itirib, normal hərəkət edə bilmir, güclü baş ağrılarından əziyyət çəkir, özünə nəzarət edə bilmir:

Hətta hazırda 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında müalicə olunuram. Məndə partlayış travması var, psixolojidir. Ürəyimdən bir az yuxarı, çiyin nahiyəmdən yaralanmışam. Üç qəlpə girib, ağziyərə düşüb. Orada qalıb, həkimlər çıxarmağı məsləhət görmürlər. Normal insanda saturasiya göstəricisi 95-dirsə, məndə 62-dir. Ona görə məni işdən azad etdilər. Dedilər ki, sənə qaçmaq olmaz. Sol qolumda da damarım yanıb. Üç-dörd kiloqramdan artıq çəki qaldırmaq olmaz. Həkim deyib ki, qolunu isti və soyuqdan qoru. Sonra qanqrena etsə, qolunu amputasiya edəsi olmayaq”.

Azər Köklərov. Fotolar: Meydan TV

Tibbi-Sosial Ekspert Komissiyası da (TSEK) Meydan TV-yə bildirilib ki, vətəndaşla bağlı məlumatlar üçüncü şəxsə ötürülmür.

Bildirilib ki, məsələ ilə əlaqədar vətəndaşla əlaqə saxlayıb şikayətini dinləniləcəklər.

Yazı dərcə hazırlanarkən Tibbi-Sosial Ekspert Komissiyasından Meydan TV əməkdaşı ilə əlaqə saxlayaraq bu məlumatı veriblər:
“Köklərov Azər Aydın oğlunun göndəriş səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu üçün vətəndaş ilk dəfə 2022-ci il tarixində, daha sonra isə göndərişinə əsasən 24.02.2023-cü ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə iştirak edib.
Hər iki əyani müayinə nəticəsinə əsasən diaqnozun əlillik səviyyəsində olmadığı müəyyən edilib.
Vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Əlillik altsisteminə yeni göndəriş daxil ediləcəyi halda yenidən qiymətləndirmə aparıla bilər”.

Ana səhifəSosialMüharibə iştirakçısı əlillik ala bilmədiyini deyir