Müharibə əlili: “30 ilin əlillik müavinətini, Prezident təqaüdünü tələb edirəm”

Süleyman Dadaşovun öz arxivindən

Rəsmi qurum: “Bu məsələ məhkəmədə mübahisələndirilib və hüquqi qiymətini alıb”

“Aldığım əlillik müavinətini elə haqq-ədalət axtarmağa getdiyim yerlərə yolpulu olaraq xərcləyirəm. Dərmanlarım dövlət hesabınadır deyə, ən ucuzu və ən keyfiyyətsizi verilir. Müharibədən xəstə qayıtmışam, veteranlıq vəsiqəmə, əlilliyin təyinatına, Prezident təqaüdünə görə illərlə qapılar döymüşəm, ancaq hələ də haqqımı tam bərpa edə bilməmişəm. Gəncliyimdə döyüşmüşəm, üzü qocalığa gedirəm, ancaq dövlətdən mənə çatanları hələ də ala bilmirəm”.

Bunu Meydan TV-yə Salyan rayonu, Qaraçala qəsəbə sakini, ikinci qrup müharibə əlili Süleyman Dadaşov deyir.

Döyüşdə yaralanıb, malyariyaya, vərəmə yoluxub…

Süleyman Dadaşov 1992-ci ildən Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının müdafiəsində iştirak edib. Həmin il döyüşlərdə yaralanıb. 1994-cü ildə Cəbrayılın Cocuq-Mərcanlı kəndində döyüşərkən əsgərlər arasında kütləvi şəkildə yayılan malyariya xəstəliyinə yoluxub. 1996-cı ilin oktyabrında xəstəliyi ağırlaşıb və vərəm xəstəliyinə çevrilib. 1997-ci ildə ona xroniki bronxial vərəm diaqnozu qoyulub. Süleyman Dadaşov uzun müddət həyatla mücadilə edib. Daha sonrasa əvvəllcə veteran vəsiqəsini, əlillik müavinətini, 2008-ci ildə ərazi bütövlüyünün müdafiəsinə görə Prezident Təqaüdü təsis edilməsiylə bağlı Fərman çıxandan sonra isə həmin təqaüdü almaq üçün illərlə dövlət qurumlarına müraciət edib. 2017-ci ildə nəhayət, Daxili İşlər Nazirliyi ona veteran vəsiqəsini verib. Həmin il məhkəməyə müraciət edib. Onun Dövlət Sosial Müdafiə Fondunun Salyan şöbəsinə qarşı qaldırdığı iddia Şirvan İnzibati-İqtisadi Məhkəməsində qismən təmin olunub. 2018-ci ilin martında məhkəmə ona 2008-2017-ci illər ərzində ödənilməyən Pezident Təqaüdünün, 2014-2017-ci illər ərzində ödənilməyən əlillik müavinətinin birdəfəlik ödənilməsinə dair qərar çıxarıb. Dövlət Sosial Müdafiə Fondu qərarın əvvəlki illərə görə ödənişlərə dair iddia hissəsinin təmin olunmasıyla razılaşmayaraq apelyasiya şikayəti versə də, Şirvan Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Qurumun qərardan Ali Məhkəməyə verdiyi kassasiya şikayəti isə təmin olunub və qərar ləğv edilib. Beləliklə də, Süleyman Dadaşova əvvəlki illərə görə əlillik müavinəti və Prezident təqaüdü üzrə birdəfəlik ödənişlər verilməyib, hər ikisi 2017-ci ildən təyin edilib. O isə özünə qarşı münasibətdə bunu ədalətsizlik hesab edir:

“Döyüşməyimin, sağlamlığımı itirməyimin əvəzi mənə 30 ildən sonra qaytarmağa başlayır, ancaq ortadakı 30 ilin haqqını qaytarmır. 2017-ci ildən 350 manat Prezident təqaüdü, 180 manat əlillik müavinəti alıram. Bəs əvvəlki illərim? Müharibədən qayıdandan 30 ilə yaxın qapılarında düşüb qalandan sonra düşünüblər ki, əl çəkən deyil, haqqını yarımçıq da olsa verək, yaxamızdan düşsün… Ancaq mən haqqımı tam şəkildə tələb edirəm, əgər ödəməsələr, özümə qəsd edəcəm, haqsızlığa dözə bilmirəm”.

“Dövlət mənə hərtərəfli borclu qalıb”

Süleyman Dadaşov müharibə əlili olaraq avtomobil, mənzil kimi digər imtiyazları da tələb edir.

Onun sözlərinə görə, dövlətdən haqlarını tələb etdiyi bir vaxtda hər şey tərsinə dönüb, əksinə, dövlət onu zərərə salıb:

“2019-cu ilin sentyabrında məşğulluq layihəsi çərçivəsində mənə iki inək və 4 kiloqram yem verildi. İnəklər həyətə gələn ilk gün baytar müayinə etdi, məlum oldu ki, ikisi də xəstədir. Təsəvvür edin ki, inəyin birinin beş cür xəstəliyi vardı. Aktlaşdırdılar, dedilər, gəlib apararıq, çıxıb getdilər. O xəstə inəklər 4 ay həyətdə qaldı, zəng vurdum, getdim, dedim, gəlin aparın, hər dəfə aldatdılar ki, get, gəlib apararıq. Nəhayət, dekabrda gəlib apardılar. Sentyabr-dekabr ayları ərzində o inəklərin yeminin xərcini çəkdim, ölməsinlər deyə, dərmanlarını aldım, 800 manatdan çox maddi zərərə düşdüm. O zərərin bir hissəsini Salyan Rayon İcra Hakimiyyətinin başçısı ödədi, qalan hissəsi olan 450 manatsa ödənilməyib. Beləliklə də, dövlət mənə – xəstə, əlil vətəndaşa hərtərəfli borclu qalıb, bir tərəfdən illərin təqaüdünü, bir tərəfdən də xəstə heyvanlarını bəslədiyim üçün ilyarımdır ki, 450 manat borcludur”.

Salyan Rayon Dövlət Sosial Müdafiə Fondunun Salyan Rayon Şöbəsindən Meydan TV-yə bildirilib ki, bu məsələyə məhkəmə hüquqi qiymət verdiyi üçün əlavəyə ehtiyac görmürlər.

Salyan Rayon Məşğulluq İdarəsindən bildirilib ki, sosial layihə çərçivəsində Süleyman Dadaşova verilmiş xəstə heyvanlar aktlaşdırılaraq geri alınıb, əvəzinə üç sağlam heyvan verilib.

Ana səhifəBölgəMüharibə əlili: “30 ilin əlillik müavinətini, Prezident təqaüdünü tələb edirəm”