Avropa Birliyinin Rusiyadan asılılığını azaltmasının Azərbaycana yansıması
Dünya bazarında neftin bir bareli 106.90 dollar civarındadır. Bu, 5.1 faizlik düşüşdən sonrakı qiymətdir.
Martın 14-də “Brent” markalı neftin hər barelinin qiyməti 5.77 dollar enib. Əvvəlki həftələrdə, məsələn, martın 9-da neftin bareli 130 dollara yaxınlaşmışdı.
Ukrayna-Rusiya danışıqlarına ümid
Ekspertlər düşünür ki, neft bazarındakı ucuzlaşmaya səbəb Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların nəticəsinə olan ümiddir.
“Rystad Energy” Enerji Araşdırmaları Mərkəzindən Kauşal Rameş də deyir ki, qiymətlərdəki eniş Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların davam etməsi ilə bağlıdır.
Danışıqlarda isə martın 15-dək texniki fasilə elan olunub.
Ukraynanın tələbi atəşkəs, Rusiya qoşunlarının ölkədən tam çıxarılması və təhlükəsizlik qarantiyasıdır.
Keçək gəlirinin 90 faizə yaxınını neft və qaz sənayesindən götürən Azərbaycana. Ölkənin 2022-ci il büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb. Hazırkı enmiş qiymətlər belə nəzərdə tutulanın 2 qatına bərabərdir. Deməli, Azərbaycan hazırda gözləniləndən ikiqat çox gəlir əldə edir.
Bundan arxayınlaşmaq olarmı?
İqtisadçı Natiq Cəfərli deyir ki, həmişə Azərbaycanda qəribə bir bağlantı sezib. Neft qiymətləri yüksələn kimi ölkədə islahatla bağlı əvvəllər heç deyilsə, ritorik də olsa, səsləndirilən fikirlər yoxa çıxır. Beləliklə, qeyri-neft sektorunun inkişafı müzakirələri arxa plana atılır:
“Biz bunu dəfələrlə izləmişik. 2009-cu ildə də görmüşük, 2014-2016-cı illərdə də, 2020-ci ildə də şahidi olmuşuq. Neft qiymətləri aşağı olanda danışılan söhbətlər, qiymət qalxanda unudulur. Bu, gələcək üçün təhlükəli vəziyyətdir”.
“Neftin indiki qiymətləri geopolitik risklərlə bağlıdır”
İqtisadçı bildirir ki, hazırda situasiya bir az fərqlidir. Çünki bu dəfə Azərbaycan hökuməti də yaxşı anlayır ki, neftin indiki qiymətləri geopolitik risklərlə bağlıdır, yəni daimi, qalıcı deyil:
“Onsuz da biz indiyədək ciddi sistem islahatları görməmişik. Olanlar kadr islahatlarıdır, bu da sistemin effektli işləməsi üçün yetərli deyil. Sistemin işləməsi üçün hüquqi, konstitusion islahatlar lazımdır. Təəssüf ki, bunlar heç vaxt Azərbaycanda olmayıb”.
“Ümid edirəm, bu dəfə keçmişdə buraxılan səhvlərdən dərs çıxarılar”
İqtisadi islahatlara gəlincə, Natiq Cəfərli bunun yarımçıq, ona görə də effektsiz olduğunu söyləyir. Səbəbini isə siyasi sistemin problemli olmasında görür:
“Məncə, Azərbaycan hökuməti anlamalıdır ki, hazırki qiymət artımı konyuktura və geosiyasətlə bağlıdır. Qalxdığı kimi də enəcək. Ümid edirəm ki, bu dəfə keçmişdə buraxılan səhvlərdən dərs çıxarılacaq və sistem islahatlarına gediləcək”.
İslahatlara haradan başlamalı?
İqtisadçı düşünür ki, islahatlar iqtisadiyyatdan yox, hüquq və siyasət sahəsindən başlamalıdır. Burada ən vacib element isə pozitiv konstitusion islahatlardır:
“Bu olsa, gələcəkdə iqtisadi sistemin yaxşılaşdırılması, sağlamlaşdırılması ilə bağlı da işlər görülməyə başlanar”.
Rusiya-Ukrayna müharibəsi ənənəvi enerji resurslarından asılılığın azaldılmasını sürətləndirəcək
İqtisadçı Fərid Mehralıyev isə hazırda dünyada gedən enerji islahatlarına diqqət çəkir. Deyir, indi tək neft yox, bazarlarda bütün enerji daşıyıcılarının qiyməti qalxıb. Bu, ilk baxışdan Azərbaycan iqtisadiyyatı üçün sərfəli görünə bilər, lakin qısamüddətlidir. Uzunmüddətli perspektivdə isə Rusiya-Ukrayna müharibəsi Azərbaycanın neft-qaz gəlirlərinin azalmasına xidmət edəcək:
“Enerji keçidi uzun müddətdir ki, dünyada ən çox müzakirə edilən məsələlərdəndir (red: təbii qaz və neft resurslarına nəzərən, bərpa olunan və alternativ enerji mənbələrinin payının artması). Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da sürətləndirəcək. Çünki Avropanın hazırda Rusiyadan ciddi enerji asılılığı var. Bu münaqişədən sonra isə Avropa İttifaqı ölkələrinin əksəriyyəti ciddi addımlar atmağa başlayıb”.
“Avropanın Rusiyadan təbii qaz asılılığı 50 faizədək azalacaq”
İqtisadçı bildirir ki, bu yaxınlarda Beynəlxalq Energetika Agentliyi 10 maddədən ibarət bir planla çıxış edib.
Təklif olunan maddələr yerinə yetirilsə, il ərzində Avropanın Rusiyadan təbii qaz asılılığı xeyli azalacaq:
“Həmin maddələr arasında ən diqqətçəkəni alternativ enerji mənbələrinə, külək və günəş enerjisinə ciddi investisiyaların qoyulmasıdır. Bunlar baş versə, neft və qazın ümumi enerji istehlakında payı gözləniləndən daha tez müddətə azalacaq. Bu da Azərbaycan kimi resurs ölkələrinin neft və qazdan indiyədək düşünüləndən daha qısa illər ərzində gəlir əldə etməsinə səbəb olacaq”.
“Hər şey normala dönəndən sonra qiymətlər yüksək qalmayacaq”
Fərid Mehralıyev düşünür ki, hazırki yüksək qiymətləri görüb, arxayınlaşmaq olmaz. İndiki psixoloji amillər enerji resurslarının qiymətlərini artırsa da, hər şey normala dönəndən sonra qiymətlər əvvələ baxanda bir az yüksək qalsa belə, bu, müvəqqəti xarakter daşıyacaq:
“Zamanla Azərbaycanın neft və qazdan gələn gəlirləri azalacaq. Çünki Avropa neft və qazdan asılılığı azaltmağa çalışır. Odur ki, indiki, müvəqqəti qiymətlər Azərbaycan üçün heç bir halda arxayınlaşmaya səbəb olmamalıdır. İxracının 85-90 faizi təbii resurslardan asılıdır. Dünya isə neft və qazdan asılılığı azaldır”.
“Nə qədər ki, Azərbaycanın gəlirinin 85-90 faizi neft və qazdan asılı olacaq…”
Qeyri-neft sektorundakı vəziyyətə gəlincə, Fərid Mehralıyev bildirir ki, düzdür, son illər bu sahədən əldə edilən gəlirlərin ümumi həcmində müəyyən qədər artım var. Lakin ümumi gəlirlər artsa da, ixracda qeyri-neft sektorunun payında ciddi artım gözə dəymir:
“Nə vaxta qədər ki, Azərbaycanın gəlirlərinin 85-90 faizi neft və qaz idxalından gələcək, hər zaman manata qarşı perspektiv təhlükələr olacaq”.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Azərbaycan neftinin bahalaşmasından sonra mediaya açıqlamasında bildirmişdi ki, “dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması, təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”.
Müstəqil ekspertlər, təhlilçilər isə daim açılamalarında neft sektoruna güvənməməyi, qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin vacibliyini vurğulayırlar.
Rusiyadan neft asılılığını azaltmağın yolları
Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni təhlili göstərir ki, bir sıra tədbirlər Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını üçdə birdən çox azalda bilər.
Beynəlxalq Enerji Agentliyinin ötən həftə açıqladığı hesabatda belə deyilir.
Hesabat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı açıqlanıb. 10 maddəlik plandan ibarət hesabat həm də Rusiyaya sanksiyaların cəmiyyətə təsirini minimuma endirmək məqsədi daşıyır.
2021-ci ildə Avropa İttifaqı ölkələri Rusiyadan boru kəməri vasitəsilə gündə orta hesabla 380 milyon kubmetrdən çox və ya ildə təxminən 140 milyard kubmetr (bcm) qaz idxal edib.
Bundan əlavə, təxminən 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edilib.
Rusiyadan idxal edilən ümumi 155 milyard kubmetr qaz 2021-ci ildə Aİ-nin qaz idxalının təxminən 45 faizini və ümumi qaz istehlakının təxminən 40 faizini təşkil edib.
Hesablamalara görə, 10 addımlıq plan Aİ-yə imkan verəcək ki, il ərzində Rusiya qazının idxalını 50 milyard kubmetrdən çox (üçdə bir) azaltsın.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.
Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.