Mühacirlərimiz və ac mübarizəmiz

Ailələrimizin çörəklə imtahana çəkilməsinə laqeyd qalmayın…

Source:

Son vaxtlar AŞ PA-da mühacirlərimizin ağzı skoçlu aksiyaları barədə az-maz polemika oldu. Yeri gəlmişkən, ordakı dostlarımızı və xoşməramlı ayrı-seçkilik edərək, o cümlədən, şəklimi şəxsən nümayiş etdirən Ayəndə xanıma təşəkkür edirəm.

Deməli, polemikalarda o barədə oxudum ki, Azərbaycanda 50-60 nəfərdən böyük piket keçirə bilməməkdə müxalifəti qınayan mühacirlərlə bizim inkişaf uzaqlığına görə başqa planet kimi baxdığımız Avropada heç bu 50 nəfəri də yığa bilməyiblər. Ermənistan və Azərbaycan diplomatları demiş, mən informasiya blokadasındayam, sırf bu aksiyada hansı tərəfin haqlı olmasını bilmirəm. Amma mühacirlər barədə əvvəldən formalaşmış və vaxt keçdikcə özlərinin möhkəmləndirdikləri qənaətim var.

On minlərlə mühacirimiz var. Bunların deyirlər yarısından çoxu “yalançı siyasi qaçqınlardır”. Yəni əslində siyasi təqibə məruz qalmayıblar. Amma azı 3-4 qaçqın dalğasına səbəb olmuş rejimin hakimiyyətindəyik. Yəni ora getmiş mübariz insanların sayı heç 5 min deyil?! Bunlardan neçəsini tanıyırıq?

Qədim oğuz türkü Rebecca Vincent daxil olmaqla, 30 nəfər olmaz yəqin. Başqaları neynir bəs? Doğurdanmı onlar acından ölürlər? O qədər acdırlar ki, Facebookda belə olsa, şərlənərək həbs olunanlara dəstək göstərə bilmirlər? Bunları bir “irəli”çi yazsa, vecə almamaq olardı. Amma mən bu mübarizədə varam. Ona görə də bilirəm ki, sən mübariz insansansa, həmişə belə olacaqsan. Səni Aya sürgün eləsələr, hər gün səmadakı Yer kürəsinə baxıb qışqıracaqsan ki, bəlkə səsin eşitdilər. Çünki mübarizə məqsəd və ya vasitə olmamalıdır, həyat tərzi olmalıdır. Mübarizəni həyat tərzinə çevirməyənlər Azərbaycanda olanda Avropaya getmək üçün mitinqə çıxırlar, Avropaya gedəndən sora isə Azərbaycan üçün “ölürlər” yox olurlar.

Onları təşkilatlanmamaqda qınamıram indi. Axı bu xalqın ən mübariz insanları da mühacirətdə bir-birlərini gözümçıxdıya salıblar vaxtilə. (Rəsulzadə ilə Topçubaşovu nəzərdə tuturam) Heç olmasa, güclü təşkilatlanma tələb etməyən xırda işlərlə məşğul olmaq olar. Heç olmasa, çörəklə imtahan çəkilsə də, geri çəkilməyən, sizin kimi Avropaya sığınmayan insanlara yardım edin. Əbdül Əbilovun anası deyir, “heç yerdən kömək” olmur. Özüm də işləmirəm, pensiya almıram. Mənim anamı bizim aclıq aksiyasına dəstək olduğu üçün işdən qovdular. “Nida” VH-a üzv seçilən (IH-ə) hər kəs avtomatik işdən qovulur. Pərviz Həşimlinin biznesini (yaratmaq istədiyi) bir gecədə məhv etdilər… Yaxud Mahal İsmayıloğlu göz görə-görə ölür. Misallar çoxdur. Amma sizdən istədiyim çox deyil. Sizi kinolarda gördüyümüz 3 maşınlı avropalı ailə də hesab etmirəm. Məsələn, 200 nəfər ayda 20 avro versə, bu aya 4000 avro edir. Çox güzəşt elədim hesablamada hələ.

Yeqin aydın oldu nə istəyirəm. 50-60 nəfər illik həbs hökmlərinə rişxənd edə bilərsiz. Olsun. Amma heç olmasa, həyatını, sağlamlığını, ailəsini, ömrünü sizin də vətəndaş olduğunuz ölkənin xilası üçün tərəddüdsüz xərcləyən insanların və onların ailələrinin çörəklə imtahanına laqeyd qalmayın. Necə deyərlər, “aclıq partizanları əldən salmışdı…” 🙂

Zaur Qurbanlı 03.07.14 BIT

Ana səhifəMənim FikrimcəMühacirlərimiz və ac mübarizəmiz