Mühacirətdə yaşayan rusiyalılar Antimüharibə Komitəsi yaratdılar

Foto: Grand Warszawski/shutterstock

Onlar Putin və rəsmilərin məsuliyyətə cəlb olunmasını tələb edirlər

Mühacirətdə yaşayan rusiyalılar Antimüharibə Komitəsi yaradıb.

Onlar Rusiya Prezidenti Vladimir Putin və digər rəsmilərin Ukraynaya qarşı müharibəyə görə məsuliyyətə cəlb edilməsini istəyir.

Mühacirlər Rusiya-Ukrayna müharibəsini “qardaş qırğını”sayır və dərhal dayandırılmalı olduğunu bildiriblər. Eyni zamanda, səbəbkarların bu əməllərinə görə cəzalandırılmalı olduğunu vurğulayıblar.

Qrupda keçmiş rusiyalı oliqarx, hazırda müxalifətdə olan siyasətçi Mixail Xodorkovski, keçmiş şahmat çempionu Harri Kasparov, müxalifətçi Vladimir Kara-Murza, keçmiş deputat Dmitri Qurkov və aparıcı iqtisadçı Sergey Quriyev də var.

Fevralın 27-də qrup nümayəndələri dünya ictimaiyyətini “beynəlxalq hüququ pozanlara qarşı prinsipial mövqe tutmağa” çağırıb: “Fevralın 24-də Rusiyanın Ukraynaya başlamış təcavüzündə əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalıdır. Təcavüzün birbaşa iştirakçıları, təcavüz planını hazırlayan generallar və Rusiyanın siyası rəhbərliyi hərbi cinayətkar kimi tanınmalı, əməllərinə görə cəzalandırılmalıdır”, – bəyanatda deyilir.

Sənəddə o da qeyd edilir: “İradəsi əleyhinə Putinin avantürist siyasətinə cəlb olunan rusiyalılarla davam edən qardaş qırğınında Putin rejiminə həvəslə kömək edənlər arasında aydın fərq var”.

Qrup üzvləri bildirir ki, bu gün müharibənin qarşısını ala bilmədiklərinə görə, hər bir Rusiya vətəndaşı məsuliyyət daşımalıdır: “Əslində Rusiya əsgərlərinin qonşu ölkəyə xəyanətkarcasına hücumuna imkan verdiyimizə görə hamımız mənəvi məsuliyyət daşıyırıq”, – bəyanatda deyilir.

Antimüharibə Komitəsi Rusiyanın əsl vətənpərvərlərini, siyasi mübahisələrə, ideoloji fərqlərə, şəxsi simpatiya, yaxud antipatiyalara baxmayaraq, Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinə qarşı birləşməyə çağırıb.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb. Həmçinin müxtəlif ölkələrdə, eləcə də Rusiyanın bəzi şəhərlərində müharibəyə qarşı etirazlar keçirilib. Rusiyada keçirilən nümayişlərdə 6 minədək insanın saxlandığı bildirilir.

Ana səhifəDünyaMühacirətdə yaşayan rusiyalılar Antimüharibə Komitəsi yaratdılar