Məhəmməd Mirzəliyə sui-qəsddə şübhəli bilinən silahlı şəxslərin saxlanıldığı bildirilir

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Onlardan birinin azərbaycanlı, digərinin isə moldovalı olduğu deyilir

İyunun 14-də səhər saatlarında Fransa polisinin Anje şəhəri yaxınlığında iki nəfəri saxladığı bildirilir.

Saxlanılanlar bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinirlər.

Sərhədsiz Reportyorlar Təşkilatı hadisə ilə bağlı bəyanat yayıb.

“Turan”ın yaydığı bəyanatda bildirilir ki, saxlanılanlardan biri azərbaycanlı, digəri isə türk əsilli moldovalıdır.

Hər iki şəxsin üzərində tapançanın olduğu iddia olunur: “Hər ikisi Polşada qeydiyyatda olan avtomobildə olub. Onların GPS-i blogerin ev ünvanını göstərib, telefonlarında isə onun şəkli var. Saxlanılardan biri 2018-ci ildə Kiyevdə adam oğurluğuna görə həbs edilib”.

Bəyanatda qeyd olunur ki, saxlanılanların kimliyi açıqlanmır.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelie deyib ki, dəlillər Məhəmməd Mirzəliyə qarşı üçüncü sui-qəsdin hazırlandığını göstərir.

Məhəmməd Mirzəli
Foto: Məhəmməd Mirzəlinin şəxsi arxivindən

Həmçinin həbs edilənlərin birisinin əlində “Kalaşnikov” avtomatı olan profilindəki şəkildə: “Mən buradayam”, – yazılıb.

Azərbaycan rəhbərliyini davamlı tənqid edən bloger Məhəmməd Mirzəli deyib ki, o hər gün, xüsusən də “YouTube”da bu tip mesajlar alır.

Bildirilir ki, onu 2021-ci ilin martında Nantın mərkəzində bıçaqlamışdılar.

Aprelin sonunda bu hücuma görə üçü Azərbaycandan olan dörd nəfər məhkum edilib.

Fransa məhkəmələrində blogerə qarşı Azərbaycan Prezidentinin yaxınları tərəfindən iddialar qaldırılıb.

Sərhədsiz Reportyorlar Təşkilatının bəyanatında deyilir ki, ötən həftə Azərbaycanın keçmiş iqtisadiyyat nazirinin müavininin (bəyanatda adı qeyd olunmayıb-red) Məhəmməd Mirzəliyə qarşı açdığı böhtan iddiası rədd edilib.

Ana səhifəSiyasətMəhəmməd Mirzəliyə sui-qəsddə şübhəli bilinən silahlı şəxslərin saxlanıldığı bildirilir