İnternatda döyülən uşaq danışdı
20 mayda 7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadovun burda çalışan müəllimlərdən birinin döyüməsi barədə məlumat yayıldı. Uşağın gözünün altında göy rəngli zədə yerləri vardı.
Təhsil və Daxili İşlər nazirlikləri məlumat yayaraq, uşağın döyülmədiyini, “ayaqyolunda ayağı sürüşərək, yıxıldığını” açıqlayıblar. Əmircanda yerləşən internata gedən jurnalistlərdən heç kimi içəri buraxmayıblar.
Bir qədər əvvəl “youtube” şəbəkəsində uşağın hadisəni nəql etdiyi video yayılıb. Videoda şagird bildirir ki, onu Afaq adlı müəllimə döyüb, başına taxta ilə vurub: “Afaq müəllimə dedi ki, get Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu”.