Müəllim

Sovet dövründə müəllim heç də super yaşamırdı, amma…

Source:

Bu hekayəni sinifdə oxuyanda, biz də öz növbəmizdə Coya həsəd aparırdıq. Çünki Co məktəbə getmirdi. Biz hər şey etməyə hazır idik, təki məktəbə getməyək. Bax, beləcə sinifdə şit söhbətlər başladı. Yaşlı müəllim öz xatirələrini danışdı. O, oxumaq üçün payız, yaz, qış fəslində hər gün 14 km yol qət edərək məktəbə gedirmiş. Palçıq, soyuq, canavar qorxusu… Hər sinifdə cəmi bir kitab varmış. Hamı dərsini bir kitabdan hazırlayırmış.

Müəllimimiz müəllim çatışmazlığından da danışdı. Bir müəllim bir neçə fənn tədris edirmiş. Təbii, onun danışdıqları bizi tərpətmədi. Əsrin əvvəllərinə qədər qəbilə halında yaşayan camaat üçün sovet hökuməti üç mərtəbəli, böyük, işıqlı məktəb tikmişdi. Daha 14 km yol qət etməyə ehtiyac yox idi. Mən evdən çıxandan 10 dəqiqə sonra məktəbin giriş qapısından içəri girirdim. Kitabları isə bizə pulsuz verirdilər. Üstəlik, dərsdən sonra bizi yemləyir, sabahkı dərslərə hazırlaşmağımızla başqa bir müəllim məşğul olurdu. Sovet hökuməti bizi qudurtmuşdu. Ona görə biz Conu heç vaxt başa düşə bilməzdik.

Elə şeylər var ki, onu ədəbiyyatdan, kinodan tam öyrənmək mümkün deyil. Gərək, həyat yaşayasan. Həyatın da ən amansız tərəfi budur. Yaş üstünə yaş gəlməli, həyatı öz gözlərinlə görməli, ağrıları ürəyindən keçirməlisən. Hə, onda başa düşürsən ki, filan kitabda müəllif nə demək istəyirmiş, filan filmdə rejissor bizə nəyi başa salmaq istəyirmiş.

Uzun illər müəllim işləmiş bir insanın müşahidəsini sizlərlə bölüşmək istəyirəm. Deyir – pis oxuyan şagirdlərimlə küçədə, yolda, hər hansı məclisdə qarşılaşanda onlardan daha çox diqqət və qayğı, hörmət görürəm. Çünki onlar həyatın sərt üzünü gördükcə başa düşürlər ki, vaxtında onlara necə böyük yaxşılıq etmək istəyirmişəm. Maraqlı müşahidədi.

İndi isə gəlin iki insanın söhbətini tirajlayaq. Biri yaşlı xanımdı. Deyir – uşaqlarımı baxçadan götürüb evə qayıdırdım. Küçədə müəllimimlə rastlaşdım. Salamlaşdıq. Hal-əhval tutduq. Özüm də bilmədən uşaqları arxamda gizlətdim.

İkinci söhbəti kişi danışıb. Deyir – qonşumuz müəllim idi. O, həyətdə işləyəndə mən bu mənzərəyə baxa bilmirdim.

Əlbəttə, mən sovet dövrünü heç də ilahiləşdirmirəm. Bilmirəm, müəllimi bu qədər ilahiləşdirmək düzdü, yoxsa səhv, amma məndən böyük olanlar yuxarıda yazılanların düz olduğunu təsdiq edə bilərlər. Hər halda hər məktəbdə üç-dörd müəllim vardı ki, onlara baxıb davranışlarından nəsə əxz etmək olardı.

Sovet dövründə müəllim heç də super yaşamırdı, amma sözün həqiqi mənasında müəllimin böyük hörməti vardı. Nə qədər uşaq vardı ataları, əmiləri, dayıları, xalaları müəllim idilər, amma həmin uşaqların çoxu üçün müəllim statusu, müəllim adı daha ciddi məna daşıyırdı, ata, əmi, dayı, xala söhbəti növbəti sırada dayanırdı. Çünki müəllim süpürgəpulu, pərdəpulu yığmırdı. Bəli, o dövrdə də müəllim adını doğrultmayan müəllimlər, həmçinin tərbiyəsiz şagirdlər vardı, əlbəttə, vardı, amma biz ümumi vəziyyətdən söhbət edirik.

Məktəbin tərbiyə edə bilmədiyi adamı hər hansı dinin, hər hansı ideyanın, cəza müəssisəsinin tərbiyə edəcəyi bir az çətin məsələdi. Eləcə də kimsə nə vaxtsa müəllimə qarşı nəsə kobudluq edibsə və indiyə qədər etdiyi hərəkəti qəhrəmanlıq hadisəsi kimi nəql edirsə, deməli, həmin adamın tərbiyə problemi var. Adam heç düzəlməyib. Bəli, müəllimlə mübahisə etmək olar, hətta lazımdı, əsl müəllim mübahisəni şəxsi intriqaya çevirməz. Lakin müəllimə qarşı kobudluq etmək və bunu qəhrəmanlıq saymaq axmaqlıqdı. Dünyanın ən böyük şəxsiyyətləri müəllim haqqında ən möhtəşəm sözlər söyləyiblər. Sərkərdələr belə müəllim sözünü uca tutublar.

İndi isə sözü Çexova verək. Çexov deyir: “Əgər nə vaxtsa mənim əlimə pul keçsə, müəllimlər üçün sanatoriya açacam. Müəllimlərin pis vəziyyətdə yaşaması məni çox narahat edir. Ona görə “mujik”lər müəllimlərlə kobud davranırlar. Bəziləri hətta müəllimləri döyür. Müəllimlərin pis vəziyyətdə yaşamalarını görüb, uşaqlarını məktəbə buraxmırlar. Çünki müəllimin kasıb geyindiyini, ac-yalavac yaşadığını görüb, məktəbə inanmırlar. Əgər bir xalq inkişaf etmək istəyirsə, mütləq müəlliminə dəyər verməlidir. Hər şeyi məktəbdən və müəllimdən başlamaq lazımdır. Müəllim yaxşı yaşamasa, “mujik”lər məktəbə, kitaba, müəllimə inanmayacaqlar”.

Çexovun müəllimlər üçün sanatoriya açmaq arzusu başadüşüləndir. O vaxtlar Rusiyada müəllimlərin böyük əksəriyyəti Çexovun özü kimi vərəm xəstəliyindən əziyyət çəkirdi. Çexovun sözləri eynilə günümüzün Azərbaycanına da aiddir. Nə qədər ki, kitab yazan, kitabı təbliğ edən adamlar normal yaşamayacaqlar, digərləri də kitaba, təhsilə, mütaliəyə inanmayacaqlar. Təhsil, kitab insanlara rahatlıq, xoşbəxtlik bəxş etməlidir. Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı gizli təbliğat öz “bəhrəsini” verib. İdmanın, mikrofonun, təlxəkliyin təbliği öz sözünü deyib. Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabda yox, mahnı oxumaqda, təlxəklik etməkdə, güləşməkdə görürlər. Ona görə də övladlarının güləşçi, təlxək, müğənni olmasını arzulayırlar. Onları məktəbdən ayırıb idman zallarına göndərirlər. Çünki bir Avropa çempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. Onsuz da bizim camaat kitabla, dəftərlə, məktəblə o qədər də yaxın dost deyildi. Azərbaycan hakimiyyətinin illərlə kitaba qarşı apardığı mübarizə bu sahədə daha bərbad vəziyyət yaratdı. Kitab təbliğ olunmadı. Kitab sahibsiz qaldı. Yalnız beş-altı adam illərlə yazılar yazıb, həyəcan təbili çaldılar. Bu beş-altı adamın gücü çox azdır. Əllərində heç bir resurs yoxdur. Üstəlik, hətta yaxınları belə onlara şübhəylə baxırlar.

Mövcud hakimiyyətin ən bağışlanmaz günahlarından biri də odur ki, müəllimləri öz oyunlarına iştirakçı etməklə onları gözdən saldılar. Müəllimi ölkənin siyasi-iqtisadi uğurlarından danışmağa məcbur edib, sonra müəllimə uşaqlardan süpürgəpulu yığdırdılar. Şagirdlərdən pərdəpulu yığan müəllimə hörmət etmək bir az çətin məsələdi. Valideynlə, şagirdlə müəllim arasında konflikt yaradıb, müəllimi hörmətdən saldılar. Müəllimi hörmətdən salmaq isə millətin belini qırmaq deməkdi. Ümumiyyətlə, hər şey məktəbdən başlayır. Mən pedaqoq-filan deyiləm, oxuduqlarıma əsaslanıb bunları yazıram. Hətta Osmanlı sarayında belə sultanlar öz övladlarına müəllimin necə böyük, müqəddəs varlıq olduğunu göstərmək üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Onlar göstərirdilər ki, nə olsun külli-ixtiyar mənim əlimdədi, müəllim daha böyük şərəfə layiqdi, yəni sultan övladı olmağını yadından çıxart.

Bu mövzuda xeyli əhvalatlar var. Ağlı başında olan adamlar müəllimə, alimə böyük hörmət ediblər. Mövcud hakimiyyət isə öz seçki və digər oyunlarında müəllimi iştirakçı etməklə onu gözdən salıb. Doğrusu, çox ürəkağrıdan mənzərədi. Millətin önündə olmalı və bizim ibrət götürməli olduğumuz müəllimləri dilənçiliyə öyrətdilər. Seçki komissiyalarına cəlb edib müəllimləri saxtakarlığa məcbur etdilər. İnsan hörmətdən düşəndə onun sözünün kəsəri də azalır. Sözün kim tərəfindən söylənilməsi isə çox böyük şərtdi. Milan Kunderanın təbirincə desək, Kantın dilindən “Sabahınız xeyir!”- sözü də fəlsəfi səslənirdi.

Təəssüflər olsun ki, müəllimlərin böyük çoxluğu ölkədə baş verənlərə müqavimət göstərə bilmədilər. Müqavimət göstərənlərlə müqavimət göstərə bilməyənlərin də arasında əlavə bir konflikt yarandı. Beləcə, Xəqani Hasın təbirincə desəm, bu hakimiyyət bizə bir azadlığı tanıyıb – bir-birimizi didmək azadlığını!

Beləcə, insanları bir-birilərinin qarşısında gözükölgəli etdilər. Adamlar bir-birilərinin gözünə dik baxa bilmirlər. Çünki hər biri bir başqasının halından xəbərdardı. Biri o birinin necə əzab çəkməsini duyur. İndi eşidəndə ki, bir müəllim 8 Martda ona hədiyyə gətirmədiyinə görə şagirdi sinifdən qovub, mən qəribə hisslər keçirirəm. Axı, mən həm də başqa mənzərə görmüşəm. Görmüşəm ki, müəllim kitabdan savayı şagirddən hədiyyə götürməyib və həmin kitabları da məktəbin kitabxanasına təhvil verirdi. İndi mən böyük bir sual qarşısında qalmışam, bu müəllimlərdən hansı daha çox azərbaycanlı xarakterinə doğmadı. Aldığı hədiyyə kitabları məktəb kitabxanasına hədiyyə edən, yoxsa hədiyyə gətirmədiyinə görə şagirdi sinifdən qovan?


Kultura.az

Ana səhifəMənim FikrimcəMüəllim