Müəllim bildirir ki, məktəbin tikintisi yeddi ay öncə başa çatsa da, su xətti çəkilməyib, yaşıllaşdırma işləri aparılmayıb
İmişlinin Aranlı kəndində yeni inşa olunmuş Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin tikintisi 7 ay öncə başa çatıb.
Amma respublika üzrə sentyabrın 16-da dərslər başladığı gün məktəbin istifadəyə verilmədiyi bildirilir.
İbtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəbin Bilik Günündə istifadəyə verilməməsinə etiraz edib.
O, şagirdlərinə məktəbin qarşısında açıq havada dərs keçib.
Müəllimin dərs prosesinə Aranlı kəndinin icra nümayəndəsi Əlhümbət Alıkişiyev mane olmağa çalışıb.
Baş verənlərini videogörüntüsünü Leyla Nəcəfquliyeva “YouTube”dakı kanalında paylaşıb.
Görüntülərdən belə aydın olur ki, bir neçə aydır tikinti işləri gedən məktəbin şagirdləri qonşuluqdakı Qızılkənd kəndinin məktəbinə getməli olublar.
Videoda kənd sakinlərindən biri etiraz edib ki, qonşu kəndin yolu uzaqdır və uşağını ora aparıb-gətirməkdə əziyyət çəkirlər.
Leyla Nəcəfquliyeva “YouTube” kanalındakı digər videosunda iddia edib ki, məktəbin tikintisi yeddi ay öncə başa çatsa da, su xətti çəkilməyib, yaşıllaşdırma işləri aparılmayıb.
Müəllim həmçinin iddia edir ki, məktəbin tikintisi zamanı yeyinti halları da olub.
Meydan TV məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsa da, bu, mümkün olmayıb.
İcra Hakimiyyəti bu gün, sentyabrın 17-də Heydər Əliyev Fondu tərəfindən inşa edilən Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin binasının açılış tədbirinin keçirildiyini bildirir.
Aranlı kəndinin icra nümayəndəsi Əlhümbət Alıkişiyev Meydan TV-yə deyib ki, açılış tədbirinin keçirilməsi Heydər Əliyev Fondunun qərarı ilə olub:
“Sentyabrın 15-də, bazar günü icra hakimiyyətinin rəhbəri məktəbə gəldi. Bildirildi ki, açılışa Heydər Əliyev Fondunun nümayəndəsi və Mil-Muğan Regional Təhsil İdarəsindən gələcəklər. Açılışı sentyabrın 18-nə müəyyənləşdirmişdilər. Sentyabrın 16-da isə bildirdilər ki, açılış sentyabrın 17-də olacaq. Bu gün, sentyabrın 17-də, səhər saatlarında açılış oldu”.
“Leyla Nəcəfquliyevanın etirazı onadır ki, niyə məhz sentyabrın 16-da açılış etmirlər? Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş bir neçə məktəb var. Onların hamısında eyni saatda açılış etmək mümkün deyil. 2024-cü ilin fevralın sonu, martın əvvəlində məktəbin tikintisi başa çatdı. Məktəbin açılışını da Heydər Əliyev Fondu etməli idi. Martda da müəyyən çatışmazlıqları aradan qaldırdılar. Ağacları əkdilər, hər işi düzüb-qoşdular”, – Aranlı kəndinin icra nümayəndəsi deyib.
Valideynlərin etiraz etməsinə gəlincə, Əlhümbət Alıkişiyev bildirir ki, Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin 212 şagirdinin qonşu kənddə məktəbə getməsi üçün avtobuslar ayrılıb:
“Heç kim deyə bilməz ki, uşağımı öz maşınıma qoyub, məktəbə apardım. Dövlət tərəfindən avtobuslar ayrılmışdı. Qızılkənd kəndindəki məktəbdə dərslər qurtarandan sonra bizim kəndin uşaqları məktəbə gedirdilər”.
İbtidai sinif müəllimi Leyla Nəcəfquliyeva 2023-cü ilin əvvəlində hələ təmir olunmamış həmin məktəbin ayaqyolunun olmamasını ictimailəşdirdiyi üçün töhmət almışdı.
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinin, həmçinin də Mil-Muğan Regional Təhsil İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
Sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub.
Azərbaycanda hazırda 4 min 400 civarında orta məktəb olduğu bildirilir.
Rəsmi açıqlamalara görə, hazırda onun 400-dən artığı qəzalı vəziyyətdədir.
Dörd il bundan əvvəl isə qəzalı məktəblərin sayının 900 olduğu açıqlanmışdı.