General-mayor barəsində həbs qətimkan tədbiri seçilib
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Nizami Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı deyilir.
Məlumatı “Turan” yayıb.
Agentlik hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, N.Məmmədov 80 milyon 618 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Fevralın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirdiyi haqda məlumat yayılmışdı.
Əməliyyat zamanı saxlanılanlar arasında Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə də olub.
Onlar haqqında DTX-nın İstintaq Baş İdarəsində cinayət işi başlanıb.
Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.