Müdafiə Nazirliyi: Müharibədə 2783 hərbi qulluqçu həlak olub

Qurum sosial şəbəkələrin və Kütləvi İnformasiya Vasitələrinin (saytlar, TV kanallar və s.) monitorinqi nəticəsində dövlətin açıqladığından daha az, 2560 hərbi qulluqçusunun həyatını itirdiyini bildirir

Source: Архив


100 nəfərdən artıq hərbi qulluqçunun itkin düşdüyü bildirilir

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Azərbaycan-Ermənistan arasındakı döyüşlər nəticəsində Azərbaycanın 2783 hərbi qulluqçusunun həyatını itirdiyi bildirilir.

Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi

yayıb

.

Nazirlik bildirir ki, onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam edir: “100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir”.

Nazirlik bildirir ki, həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq: “Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI) da döyüşlərdə itkin düşən və həlak olanlarla bağlı

məlumat

yayıb.

CDSI bildirir ki, həlak olanların 504 nəfəri zabit, 825-i gizir, 579 nəfəri MAXHQ, qalanı isə əsgər olub: “Həlak olanların əksəriyyəti Müdafiə Nazirliyinin, digər hissəsi isə Sərhəd Qoşunlarının, Daxili Qoşunların və digər hərbi birləşmələrin hərbi qulluqçularıdır. Şəhid olanlar arasında xeyli sayda səfərbərlik çağırışı ilə xidmətdə olanlar da var”.

Qurum bununla yanaşı 4678 hərbi qulluqçunun bu və digər dərəcədə xəsarət alıb və yaralandığını söyləyir: “Dəqiqləşdirilməmiş məlumatlara görə, Azərbaycanın 70-ə yaxın hərbi qulluqçusu itkin düşüb, onlarla bağlı axtarışlar davam edir. İtkin düşənlərin bəzilərinin erməni hərbi birləşmələri tərəfindən əsir götürüldüyü ehtimalı irəli sürülür. Bununla bağlı məlumatlar sosial şəbəkələrdə əksini tapır”.

CDSI bildirir ki, yaxın vaxtlarda döyüşlərdə həyatını itirənlərin adlı siyahısını da açıqlayacaqlar.

Qurum sosial şəbəkələrin və Kütləvi İnformasiya Vasitələrinin (saytlar, TV kanallar və s.) monitorinqi nəticəsində dövlətin açıqladığından daha az, 2560 hərbi qulluqçusunun həyatını itirdiyini bildirir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı.

Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Azərbaycan tərəf bu günədək nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamamışdı. Ermənistan tərəf dekabrın 2-də 2718 hərbçisini itirdiyini

bildirmişdi.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Müharibədə 2783 hərbi qulluqçu həlak olub