İlham Əliyev erməni xalqına müraciət etdi (yenilənir)

Həmin ərəfədə bir sıra Azərbaycan vətəndaşları orduya könüllü yazılıb.

Source: prezident.az


17.58.


Prezident İlham Əliyev erməni xalqına müraciət edib.


Dövlət başçısı müraciətini sentyabrın 30-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə səsləndirib.


O deyib ki, erməni xalqı öz hökumətlərinə etiraz edib övladlarını Azərbaycan torpaqlarına göndərməməlidir:


“Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.


“Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır”, – İlham Əliyev müraciətində qeyd edib.

***


17.10.


Azərbaycanın 14 bölgəsində 420 məktəb hazırda fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb və ya dayandırıb.


Bu açıqlamanı Təhsil naziri Emin Əmrullayev səsləndirib.


Nazirin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində mülki ərazilərə olan hücum zamanı 9 məktəb zədələnib, həmin binalar və ya ərazilər zərər görüb.


“Təəssüflə deyim ki, 2 şagirdimiz düşmən hücumunun qurbanı olub. Bir müəllim yaralanıb", – deyə nazir bildirib.

***


16.23.


Baş Prokurorluq: Hərbi əməliyyatlar zamanı 14 nəfər həlak olub, 46 nəfər yaralanıb


Azərbaycan Baş Prokurorluğu 27 sentyabrdan başlanan hərbi əməliyyatlarda 14 nəfərin həlak olduğu, 46 adamın müxtəlif dərəcəli bədən xəsarətləri alması haqda məlumat yayıb.


Baş prokurorluq bildirib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv şəkildə atəşə tutur.


“Ermənistan silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin 26 mülki obyektə, o cümlədən Tərtər şəhərində xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonunun Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulub. Eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub”, – məlumatda deyilir.

***


14.24.


Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralı əsgərlərlə görüşüblər.


Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Məlumatda deyilir ki, Prezident və Birinci vitse-prezident Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərə baş çəkiblər.

***


14.21.


"Rusiya silahlı qüvvələri Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir".


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.


Bu brədə xəbəri “Report” yayıb.


Peskov bildirib ki, bütün məlumatlar hərtərəfli təhlil edilir: "Həmçinin dünyanın müxtəlif ölkələrində yüksək və ali səviyyədə səsləndirilən, müxtəlif beynəlxalq liderlərinin dilə gətirdikləri bəyanatları da səliqə ilə qeyd edirik”.

***


“Döyüşə qatılmaq istəyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər“

Müdafiə Nazirliyi orduya qatılmaq istəyən könüllülərə müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılmaq istəyənlər var. Nazirlik həmin insanlara təşəkkür edir və bildirir ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlar hərbi hissələrə yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Həmin ərəfədə bir sıra Azərbaycan vətəndaşları orduya könüllü yazılıb.

Tovuz döyüşləri zamanı Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Həmin döyüşlərdə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Ana səhifəSiyasətİlham Əliyev erməni xalqına müraciət etdi (yenilənir)