Avqustun 26-da Prezident Administriyasiyasına müraciət edən dəmiryolçular etiraz aksiyası keçiriblər. Onlar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb ediblər. Aksiya iştirakçıları pullarının mənimsəmildiyini deyirlər. Onların sözlərinə görə, 187 nəfər adından dövlət qurumlarına müraciət etsələr də, cavab verən olmayıb:
– Respublika prokurorluğu nə ilə məşğuldur? Cinayət axtarır, cinayət açılmır. Əgər biz şər atırıqsa, qoyduğumuz tələbləri araşdırmada iştirak edərək, üzə çıxara bilmiriksə, o zaman bizi həbs eləsinlər. Biz razıyıq.
– Yaşlı, xəstə adamlarıq pulumuzun dalınca düşmüşük. Kimi gedib yoxlasan villası, saunası, restoranı, fabriki, maşınları var. 1000-1500 manat maaşla sən onu edə bilərsən? Hardandır bu pullar? Bu sualları hec kim vermir onlara. Amma bizi yıxıb sürüyürlər.
1990-cı ildən Bakı Vaqon Deposunda bələdçi işləyən Maarif İsayev də dövlət qurumlarından şikayətçidir:
“Prokurorluq düz-əməlli cavab vermir. Bilinmir ki, prezident bunların işina baxır, ya baxmır. Bu necə respublikadır, bu necə ölkədir biz yaşayırıq? 25 ildir işləmişəm. Ancaq indi kirayədə qalıram”.
Dəmiryolçular deyir ki, əgər prezident onları qəbul eləməsə, vətəndaşlıqdan imtina edəcəklər:
“Bu ölkədə yaşaya bilmirəmsə, mənə borc da vermirlərsə, buranın vətəndaşı olmaq istəmirəm. Heç istəmirəm ki, nəvələrim də bu ölkənin vətəndaşı olsunlar. Çünki haqq yoxdur. Qanun şah deyil, şah qanundur. Hamımız vətəndaşlıqda nimtina etmək üçün imza atmışıq. Mən burada dayanmışam. Gəlib məni həbs etsinlər. Kürdəxanıda çörək də, su da verirlər. İşıq pulu, su pulu da istəmirlər. Yataram özüm üçün orada. Amma bunlarla mübarizə aparmaq bizim üçün çox ağırdır, nəinki Kürdəxanıda və ya digər zindanlarda oturmaq”.
Digər aksiyaçı isə deyir: “Bugünkü aksiya kəfən aksiyası olmalı idi. Gətirib, kəfəni başımıza atmalıydıq ki, görsünlər bizi. Görmür heç kim, hamısı kordur”.