Mübariz Qurbanlı: Gəncənin seçilməsi təsadüfi deyil

”Biz düşmənlə üz-üzəyik”

Source:
Mübariz Qurbanlı foto Azərtac
Mübariz Qurbanlı foto Azərtac


”Biz düşmənlə üz-üzəyik”

“Gəncədə olanlar ekstremist və terror xarakterli hadisədir. Burada bəzi qruplar din pərdəsi altında maskalanaraq belə hərəkətlərə rəvac verirlər. Azərbaycanın milli maraqlarına, dövlətçilik maraqlarına zidd əməllər özünü büruzə verir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə olaylarına münasibət bildirərkən

Azadlıq Radiosu

na belə deyib.

Rəsmi məlumata görə, iyulun 10-da 150-200 nəfərdən ibarət radikal diniyönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. İki polis zabiti öldürülüb.

Mübariz Qurbanlı hesab edir ki, hadisəni törədənlər öyrədilmiş şəxslərdir:

“İki polis zabitimiz xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub, onlara Allahdan rəhmət diləyirəm. Budan əvvəl də orda icra başçısına və polis əməkdaşına sui-qəsd edilib. Bütün bunlar hansısa mərkəzdən təşkil edilmiş qaydada həyata keçirilir. Dünən Gəncədə toplaşanlar əslində Gəncə əhalisi tərəfindən müdafiə olunmayan qruplardır. Onlar xaos yaratmaq, yaranmış vəziyyətdən istifadə edərək aranı qarışdırmaq məqsədli hərəkətlər edirdilər. Əgər kadrlara baxmısınızsa, orda böyük kütlə görmürük. Polis orda olanlara dağılışmağı tövsiyə edirdi, fiziki güc də tətbiq etmirdi. Həmin polis zabitinin vurulması səhnəsini görmüsünüz yəqin, o an polis zabiti heç bir hərəkət etmir. Ona xaincəsinə, qəfildən xəncərlə zərbə endirilir. Bu hərəkətin arxasında dayanan qrupları hüquq-mühafizə orqanları araşdırır, ictimaiyyətə məlumat veriləcək və hər şey üzə çıxacaq. O ki qaldı qabaqlayıcı tədbirlərə, həm təbliğati, həm də izahat baxımından çoxlu tədbirlər görülüb. Bizim orada şöbə vasitəsilə din xadimləri məscidlərdə, televiziyalarda çıxış ediblər. «İmamzadə» kompleksində çalışan, bizim Şeyxülislamın səlahiyyətli nümayəndəsi Tahir Abbasov çıxış edib. İndi baxın, Tahir Abbasovun qardaşı Nizami rayon polis şöbəsində müavin idi, şəhid olan zabitlərimizdən də biri odur. Bu hərəkətləri edənlər terror, ekstremist xarakterli qrupların nümayəndələridir. Onların maliyyələşdirilməsi, istiqamətləndirilməsi və s. məsələlər də aydınlaşdırılacaq”.

Komitə sədri deyib ki, Gəncədə ekstremist qruplar təxribat məqsədilə meydana daxil olublar:

“Polis onlara fiziki güc tətbiq etməyib, onların qabağını kəsməyib, belə olsaydı, bəlkə də deyərdik, hə. Sadəcə, izahat xarakterli söhbət zamanı qəfildən zabitləri vurublar. Biz azərbaycanlıyıq. Təhlükəsizliyimiz, müstəqilliyimiz bizim üçün müqəddəsdir, ictimai-siyasi sabitlik çox vacibdir. Gəncə ikinci böyük şəhərimizdir. Özüm orda təhsil almışam. Burda törədilən təxribatda gəncəlilərin adını işlətmək düzgün olmazdı. Bunlar sadəcə, cinayətkardır. Gəncə camaatı o quldur dəstəsini müdafiə etmirdi. «Allahu əkbər» deyib adamı qətlə yetirənin özünün müsəlman olması böyük sual doğurur. Bu, xəyanətdir. Biz düşmənlə üz-üzəyik. Bu, öyrədilmiş adamların işidir. Gəncə bizim Qərb bölgəsinin qalasıdır. Məqsədləri bəllidir. Qədim Romadan qalma fikir var: «Kimin xeyrinədir?» Bizi istəməyənlərin xeyrinədir. Bundan əvvəl də icra başçısına, polisə silahdan atəş açılıb. Bunlar təşkil olunub. Əlbəttə, polis bunu aydınlaşdıracaq. Məgər Gəncədə insanların dini inanclarına mane olurlar? ”İmamzadə” kompleksi, ”Şah Abbas” məscidi cənab prezidentin tapşırığı ilə təmir olunub. Hər kəs dini ayinlərini icra etməkdə azaddır. Dini azadlıqla bağlı Azərbaycanda problem yoxdur. Bunu kimsə qabardırsa, deməli, bu adamlar öyrədiliblər. Azərbaycan dünyəvi dövlətdir. Kimsə dünyəvi dövləti başqa şeylə əvəz etmək istəyirsə, biz buna göz yummalıyıq? Gəncədə olanlar göstərdi ki, təxribat qruplarına qarşı birgə olmalıyıq, fəaliyyətimiz gücləndirməliyik”.

Mübariz Qurbanlı “bunu üçüncü qüvvənin işi kimi dəyərləndirənlər də var, hakimiyyətdaxili oyunların nəticəsi kimi qiymətləndirənlər də. Siz hakimiyyət təmsilçisi kimi bu haqda nə deyə bilərsiniz” sualına belə cavab verib:

“Mən onu deyə bilərəm ki, burada kimsə din amilindən sui-istifadə edir. O təxribatçı qrupların üzvləri bəlkə bir dəfə də məscidə getməyiblər. Amma bunu hansı qruplar, hansı dairələr hansı məqsədlə edirlər, əlbəttə, bununla bağlı müxtəlif yozumlar ola bilər. Mən rəsmi şəxsəm, dövlət içindəyəm, müstəqil politoloq deyiləm, fikrimi deyim. Bunu hüquq-mühafizə orqanları araşdıracaqlar. Qəti əminəm ki, bunun nöqtəsi qoyulacaq, ictimaiyyət də məlumatlandırılacaq. Təhlilləri isə müstəqil ekspertlər apara bilərlər. Bir onu deyə bilərəm ki, bu, təşkil edilmiş məsələdir, Gəncənin seçilməsi təsadüfi deyil. Bu, bizim ikinci böyük şəhərimizdir. Burda kimlərsə mənfur planlarını reallaşdırmağa cəhd ediblər. Amma əminəm ki, nail olmayacaqlar. Dövlətimiz də güclüdür, xalqımızın olanları təhlil edib nəticə çıxarmaq imkanı da böyükdür. Azərbaycanda kimsə bu hadisələrdən sui-istifadə edə bilməyəcək”.

Ana səhifəXəbərlərMübariz Qurbanlı: Gəncənin seçilməsi təsadüfi deyil