MTN Səid Dadaşbəylinin ailəsinin müraciətini cavablandırdı

Müdafə Komitəsi: “Günahsız, şərlənib tutulanlar onlardan hansı köməyi gözləyə bilər?”

Source:


Müdafə Komitəsi: “Günahsız, şərlənib tutulanlar onlardan hansı köməyi gözləyə bilər?”

Dövlət çevrilişi ittihamı ilə həbs olunan Səid Dadaşbəylini ailəsinin Milli Təhlükəzlik Nazirliyinə ünvanladığı müraciətə cavab verilib.

Bu barədə Meydan TV-yə Səid Dadaşbəylinin Müdafiə Komitəsi məlumat verib.

İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov tərəfindən göndərilən cavabda deyilir ki,  oğlunuz Dadaşbəyli Səid Ələkbər oğlu və digərlərinin qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmələri, eləcə də barələrində çıxarılmış məhkəmə hökmünün qərəzli olması ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığınız 12 noyabr 2015-ci il tarixli müraciətə nazirliyin İstintaq Baş İdarəsində baxılıb.

Daha sonra deyilir: “Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində Dadaşbəyli Səid Ələkbər oğlu və qeyriləri barəsində Cinayət Məcəlləsinin 218.1 (ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma və belə birliyə rəhbərlik etmə), 278 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, habelə dövlətin quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmə), 274 (dövlətə xəyanət), 28.2, 180.3.1 (mütəşəkkil dəstə tərkibində soyğunçuluq cinayətinə hazırlıq hərəkətləri etmə) və digər maddələr ilə ibtidai istintaq aparılmış 494 nömrəli cinayət işi Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş ilkin materiallar əsasında 13 yanvar 2007-ci ildə başlanılmış, 16 avqust 2007-ci ildə isə yekunlaşdırılaraq ittiham aktı ilə birlikdə baxılmasından ötrü Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə göndərilmişdir.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Səid Dadaşbəyli və qeyrilərinin ittiham olunduqları cinayət əməllərini törətmələri onların öz ifadələri, maddi sübutlar, ekspert rəyləri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 dekabr 2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyli və qeyriləri ittiham olunduqları cinayətlət üzrə təqsirli bilinərək, Səid Dadaşbəyli 14 il müddətinə, digərləri isə müxtəlif maddələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Onlar məhkəmənin yekun qərarından narazı qaldıqları təqdirdə birbaşa və ya müdafiəçilərinin vasitəsilə yuxarı instansiya məhkəməsinə müraciət edə bilərlər”.

Göstərilən ittihamlar üzrə həbs edilənlərin günahsız olduğunu deyən Müdafiə Komitəsinin üzvləri verilən cavabdan narazıdır. Onlar son günlər MTN-də baş verən hadisələrdən sonra ümidləndiklərini bildirirlər:

“Vaxtilə istintaq işini aparmış şəxs bundan başqa nə yaza bilər? 9 il keçəndən sonra bizə yol göstərir. Bütün məhkəmələrə müraciət olunub, döyülməmiş bir qapı qalmayıb. Hər yerdə “bu bizlik deyil, sifarişdir”- deyə cavab veriblər. MTN-in güc-qüvvəti, nüfuzu o qədər böyük olub ki, bilavasitə bu işlə məşğul olanlar Prezident Administrasiyasının işçiləri, Milli Məclisin deputatları, başqa-başqa cəmiyyət və təşkilatlar onlardan çəkinib, qorxublar. Hətta 17 dekabr 2015-ci ildə Prezident Administrasiyasında Əfv Komissiyasının qəbul günü idi. Biz müdafiə komitəsinin üzvləri əfv ərzəsi ilə qəbula yazılmışdıq. Bizi Əfv Komissiyasına qəbul etmədilər. Qəbul komissiyasının nümayəndəsi Əli müəllim dedi ki, CM-nin 278 dövlət çevrilişi ilə Konstitutsiyanı dəyişən insanları biz qəbul etmirik. Sizin işinizlə şəxsən Prezident özü məşğul olacaq. Aparın əlinizdəki əfv ərizəsini qarşıdakı poçt qutusuna atın.  Nəticədə isə gənc övladlarımız cəmiyyət üçün yararlı işlər görmək əvəzinə qiymətli vaxtlarını, 9 illik ömürlərini  məhbəslərdə, zindanlarda keçirməli olublar.

Xarici aləmdən izolə edilib işgəncəyə, şantaja məruz qalan adamı sındırmaq o qədər də çətin bir iş deyil. Bunun üçün böyük hünər tələb olunmur. Vəkillər özləri tərəfindən təyin edilmişdi. Sərbəst hüquq müdafiəçilərini, vəkilləri tutmağa icazə vermirdilər. Bu ərəfədə qohumlarla, yaxınlarla əlaqə yox idi. Özlərinə işləyən vəkillər hər bir məlumatı sücgəcdən keçirib özlərinə uyğun şəkildə, əksinə gətirib çatdırırdılar. Səs-küy qaldırmasınlar, heç yerə şikayət etməsinlər deyə qohumları qorxudurdular. İşgəncəyə hər kəs dözə bilmədi. Emin Məmmədov dünyasını dəyişdi. Döyülmüş al-qanın içində onu videoya çəkmişdilər. Məqsəd məlum idi. O videoyazını başqa istintaq altında olanlara göstərirdilər. Onları qorxudub şantaj edirdilər. Utanmadan özlərini də kadra salırdılar. Paqonlu cinayətkarları televizorda göstərən zaman onlardan birini Said Dadaşbəyli tanımışdı. O, general Akif Çovdarov idi.

Təsəvvür edirik ki, keçən 9 ildə Yasin Məmmədov nə qədər belə sifarişli istintaq işləri aparıb. Nə qədər günahsız insanları şərləyib evini yıxıb.

Öz karyerasını qaldırmaq barədə də düşünmüşdü. O vaxt sıravi müstəntiq idi. Hal-hazırda istintaq şöbəsinin rəis müavini işləyir. Onun vəzifəsi göndərdiyi cavabda bu cür göstərilir. Onun vəzifəsi ilə bizim işimiz yoxdur. Öz yolunu hər kəs özü seçir.

Cinayət qrupu üzvlərinin mövcud olduğu halda biz qohumlar, yaxınlar kimə müraciət etməliyik? Hər səbəbdən gec də olsa, haqq yerini alır. Cinayət qrupu ifşa olunur. Lakin onlarla əl-ələ verib, çiyin-çiyinə çalışan insanlar qanunsuz əməllər törədib, vəzifələr tutursa, ədalətin bərpa olunması naminə biz kimə müraciət etməliyik? Günahsız, şərlənib tutulanlar onlardan hansı köməyi gözləyə bilər? Hansı ki, özləri də bilavasitə bu qanunsuz işlərin iştirakçısı olublar”.

Ana səhifəXəbərlərMTN Səid Dadaşbəylinin ailəsinin müraciətini cavablandırdı