MTN polkovnikinin cəzası endirilib

Şikayət qismən təmin edilib

Foto: Azərtac
MTN
MTN


Şikayət qismən təmin edilib

Oktyabrın 23-də Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə qərar elan edilib.

Meydan TV-nin məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.Əsgərov çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini deyib. M.Əsgərov zərərçəkmiş Vidadi Əzizova qarşı verilən göstərişləri icra etdiyini deyib:

“Vidadi Əzizov ona qarşı silahlı basqın təşkil edildiyini yalan deyir. Onun işi ilə bağlı hər şey sənədlər əsasında aparılıb və mən bunları istintaq orqanına təqdim etmişəm. Zərərçəkmiş mənə qarşı 193 min manatlıq mülki iddia qaldırıb. Hansı halda? Bu mülklər mənim yaxınlarımdı və bunlardan da mənə yalnız 25 faiz düşür. Mən xahiş edəcəm ki, məhkəmə müəyyən hissədə qapalı olsun və mən sənədləri məhkəməyə təqdim edim”.

M.Əsgərov barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra zərərçəkmiş V.Əzizovun nümayəndəsi mülki iddai ilə bağlı sənədi məhkəməyə təqdim edib.

Bu zaman M.Əsgərov yerindən danışaraq, zərərçəkmişin nümayəndəsinə etiraz edib.

Məhkəmə isə M.Əsgərova xəbərdarlıq edib və onu yerindən danışmamağa çağırıb.

Sonra prokuror çıxış edib və o, M.Əsgərov barəsində şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və onun cəzası 4 ildən 3 ilə endirilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Əsgərov ‪1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O‪na qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq.

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərMTN polkovnikinin cəzası endirilib