MTN Pərviz Həşimlini hədələyib

“Mənə dedilər sənə 6 il iş verəcəklər”

27 fevralda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin işi ilə bağlı hazırlıq iclası keçirilib. İclas zamanı jurnalist Xocalı soyqrımında qətlə yetirilən şəxslərin bir dəqiqəlik sükutla yad edilməsini istəyib. Hakim Novruz Kərimov bu təklifi qəbul etməyib. O deyib ki, “məhkəmə siyasi arena deyil “.

Pərviz Həşimli   MTN in istintaq təcridxanasında ona 15 gündür nə ailəsi, nə də vəkili ilə görüşə icazə verilmədiyini deyib. O buna görə hakimi günahlandırıb. Hakimə deyib ki, “Siz MTN –in keçmiş mustəntiqi olduğunuza görə vəkillərimlə görüşə icazə vermirsiniz”.

Məhkəmə iclasında Pərviz Həşimli dəmir barmaqlıqlar içərisinə salınsa da, digər təqsirləndirilən şəxs Təvəkkül Qurbanov zalda əyləşmişdi. Jurnalist bu ayrı-seçkiliyə də etiraz etdi. Təvəkkül Qurbanov vəkil tutmağa maddi imkanının olmadığını deyincə hakim ona dövlətin vəkil təyin edəcəyini bildirib. Bu səbəblə hazırlıq iclası  4 mart saat 14:00-a qədər təxirə salınıb.

Pərviz Həşimli məhkəmədən sonra jurnalistlərə bəyanatını təqdim edib. Bəyanatda yazılır:“MTN rəhbərliyində olan bir qrup şəxs özlərinin vəzifə səlahiyyətlərindən istifadə edib hüquqlarıma qəsd edirlər. Mənimlə bağlı veriləcək son məhkəmə qərarımı da artıq üzümə deyirlər. Bildirirlər ki, ən azı 6 il cəza alacaqsan. Bu insanlar üçün bir insanın həyatının məhv edilməsi adi haldır. Bu adamlar anaların, gəlinlərin, körpə övladların gözü yaşlı qalmasından həzz alırlar. Tolstoyun məşhur “Susa bilmirəm” əsərində “Etdiklərinizi xalq, dövlət adı ilə öz çirkin, murdar niyyətləriniz üçün edirsiniz. Tutduğunuz ən acınacaqlı və yaramaz vəzifəni əldə saxlamaq üçün edirsiniz. İndi yaşadığınız və səadət hesab etdiyiniz əxlaqsızlığı da bir az da yaşamaq üçün edirsiniz” fikirlərində sanki Azərbaycanın bu gününü görürmüş”.

Vəkil Bəhruz Bayramov MTN-də Pərviz Həşimlinin səhhətinin pisləşdiyini deyib. P. Həşimli 15 gün ərzində 3 dəfə huşunu itirib. Jurnalistin atası Kamran Həşimov işin başqa hakimin icraatına verilməsi üçün Prezident İlham Əliyevə , Ədliyyə Nazirliyinə, Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciət edib.

Pərviz Həşimli qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlamaqda ittiham olunur.  Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəVideoMTN Pərviz Həşimlini hədələyib