MTN generalı barədə 3 ay həbs qətimkan tədbiri seçildi

Qərarı Səbayel Rayon Məhkəməsi çıxarıb

Source:

Məhkəmə prosesi qapalı şəkildə keçirilən MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib. Məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirib. Virtualaz.org-un məlumatına görə MTN-in general-mayoru Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və  311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Qeyd edək ki, çoxsaylı sahibkarların şikayəti ilə yanaşı MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da Akif Çovdarovun əleyhinə ifadə veriblər.

Xatırladaq ki, bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs qətimkan tədbiri seçilib.

Akif Çovdarov Bakı İstintaq Təcridxanasına aparılıb.

Ana səhifəXəbərlərMTN generalı barədə 3 ay həbs qətimkan tədbiri seçildi