Zərərçəkən: ”Məni dindirənlər arasında Mirəziz Əsgərov ən mədənisi idi”
Aprelin 28-də Bakı Hərbi Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun növbəti məhkəmə prosesi keçirilib. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə pul almaqda ittiham olunur.
Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib. O bildirib ki, Rusiya və İran arasında gübrə alveri ilə məşğul olanlarla işləyib. Onun sözlərinə görə, 2012-ci ildə Dubaydan “Zaminbank”a pul göndəriblər: “Mən də həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandım. Maşında məndən başqa sürücüm və həyat yoldaşım olub. Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım. Həmin vaxt Nərimanın dostundan ev almışdım. Pulu ona çatdıracaqdı. Qalan pulu maşının baqajına qoydum. Bu zaman Nəriman məni çağırdı. Ona tərəf getmək istəyən zaman üstümüzə tökülüşdülər, bizi əhatəyə alaraq tutdular və MTN-ə gətirdilər. Orada məni təqsirləndirilən şəxsin otağına apardılar. Rəşad adlı şəxs bildirdi ki, bura sənin üçün axırıncı yerdir. Ona etiraz etdim, bildirdim ki, bura dövlətin binasıdır, hər kəs üçün axırıncı yer qəbristanlıq ola bilər. Məni vətənə xəyanətdə, İrana casusluq etməkdə suçladılar”.
Zərərçəkmiş qeyd edib ki, sonra həbs edilməməsi üçün pul sövdələşməsi ediblər: “Təqsirləndirilən şəxsə dedim ki, 100 min manat verə bilərəm. Soruşdu ki, hansı puldan verəcəksən? Bildirdim ki, mənim burda olan pulumdan verəcəm. Bu zaman təqsirləndirilən şəxs həmin pulun mənə məxsus olmadığını bildirdi, dedi ki, o pul sənlik deyil. Orada məni dindirənlərin arasında Mirəziz Əsgərov ən mədəni insan idi. Elə hərəkət edirdilər ki, elə bil MTN-də yox, bazardasan”.
Onun sözlərinə görə, sərbəst buraxılması üçün 300 min dollarını alıblar.
Daha sonra Mirəziz Əsgərov tərəfindən 100 min dollar tələb edildiyini, sonda 40 min dollar verdiyini qeyd edən Vidadi Əzizovun sözlərinə görə, 4 ay MTN əməkdaşları tərəfindın təqib olunub: “Əvvəllər təqib olunduğumu bilirdim. Məni MTN-dən Mirəziz yola saldı. Torbada qalan pulumu da mənə qaytardı, amma 300 min dollarını götürmüşdülər”.
Onun sözlərinə görə, NTN-də sorğu-sual edilib: “Mənə İrandakı şirkətin rəhbəri Cəmşidyanla bağlı suallar verdilər. Onun Sepahın generalı olduğunu, onunla görüşdüyümü soruşdular. Onu iş adamı kimi tanıdığımı, İranda bir çox nüfuzlu şirkət rəhbərləri ilə görüşdüyümü, onlardan da birinin Cəmşidyan olduğunu dedim. Həmin vaxt İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyimlə bağlı heç bir sənəd ortaya qoya bilmədilər”.
O, dəymiş ziyanın ödənilməsini istəyib.
Zərərçəkən onu da bildirib ki, MTN-də onu İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, “Eurovision” ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham ediblər.
Daha sonra Mirəziz Əsgərov arayış verib:
“Vidadi Əzizov ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. İndi burada yalan danışır.Vidadi Əzizov İran vətəndaşları ilə tanış olub. Onu İranda əməkdaşlığa cəlbetmə şərti ilə saxlayıblar. Bu haqda bizdə əməliyyat məlumatları olub. Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan SEPAH-ın generalı olub. Zərərçəkmiş burada deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bunun da səbəbi həmin ərəfədə İranın beynəlxalq sanksiyalar altında olmasıdır. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulmasıyla məşğul olurdu. Beynəlxaq təşkilatlar var ki, məhz dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğuldur. Ona görə də Vidadi Əzizova pullar İrandan yox, “Ziraatbank” vasitəsilə Dubaydan göndərilirdi”.
Məhkəmə mayın 12-də davam edəcək.
Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.