7 nəfərin müraciəti artıq təsdiqlənib
Azərbaycanda prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayının 15-ə çatdığı bildirilir.
Dekabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın iclasında belə söyləyib. MSK sədri 7 nəfərin müraciətinin artıq təsdiqləndiyini əlavə edib:
“8 müraciətin təsdiqi üçün işlər görülür”.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev və Yunus Oğuz namizədliklərini irəli sürüblər.
AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.
Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.